İşxan Verdyan: “Hökumətin ünvanına tənqid də var, amma əhali kütlə olaraq Paşinyana alternativ görmür”
Məlum olduğu kimi, tanınmış erməni fəalı və blogeri İşxan Verdyan Prezident İlham Əliyevə Facebook sosial şəbəkəsi üzərindən müraciət edərək, Azərbaycanın dövlət başçısından Ermənistanın eks-prezidentləri – Robert Koçaryanın və Serj Sarqsyanın ekstradisiyalarını xahiş etmişdi. O, bu adamların Azərbaycan doğumlu olduqlarını qeyd edərək, hazırkı məqamda da terrorçuluq ənənələrinə sadiq qaldıqlarını yazıb və bildirib ki, onlar eyni zamanda Ermənistanda da xalq arasında uçurum yaradır, kirli siyasi məqsədlərini reallaşdırmaq üçün həb r qanunsuz əməllərə əl atmağa hazır olduqlarını gizlətmirlər.
SİA xəbər verir ki, Caliber rusdilli informasiya portalı adıçəkilən erməni fəalı və blogeri ilə əlaqə saxlayaraq onun fikirlərini öyrənib. Maraq doğurduğu üçün həmin fikirlərin bir hissəsini oxucularımızın diqqətinə çatdırırıq.
Belə ki, Verdyan müsahibəsi əsnasında Ermənistandakı mövcud vəziyyəti, keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərini şərh edərək bildirib ki, xalq birmənalı olaraq siyasətlə maraqlanır, gələcək barədə düşünür, xüsusilə ötən ilin payızında baş verən hadisələrdən sonra. “Yaxşı bir nümunə - Nikol Paşinyanın çağırışları ilə İrəvanda mitinqlər keçirilirdi və həmin vaxt böyük kütlələr baş nazirə dəstək göstərdilər. Şəxsi fikrimə görə, cəmiyyətdəki situasiya stabildir. Xalq bilir ki, seçilmiş hakimiyyət var və problemləri həll edəcək. Hə, hökumətin ünvanına tənqid də var, amma əhali kütlə olaraq Paşinyana alternativ görmür.
Ancaq kimlər ki özlərini hazırkı hakimiyyətə alternativ görürlərsə, sadəcə, keçiriləcək seçkilərdə Nikol Paşinyanın partiyasına qalib gəlmək şansları görünmür. Əgər iyunun 20-də səsvermə keçiriləcəksə, onda Ermənistandakı vəziyyət stabilləşəcək”, deyə erməni blogeri bildirib.
“Vazgen Manukyan çoxdan keçilmiş prosesdən başqa heç nə deyil”
Növbədənkənar seçkilərə qatılmayacağını bəyan edən erməni ümumüxalifətinin lideri Vazgen Manukyanın iddialarını da şərh edən İşxan Verdyan bildirib ki, sosioloji sorğuların nəticələrinə görə erməni ictimaiyyətinin əksər hissəsi Paşinyana dəstək göstərirlər. Vazgen Manukyana gələndə isə bu, sadəcə, addır və bu adın arxasında heç kim dayanmır, hətta onun özü də özü barədə heç bir təəssürata malik deyil. Yəni Vazgen Manukyan çoxdan keçilmiş prosesdən başqa heç nə deyil.
“Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi üçün hərbi vəziyyətin aradan qaldırılması lazımdır. Əgər bu baş verərsə, müxalifətin fəallaşması arta bilərmi?” sualını cavablandıran erməni fəalı xatırladıb ki, mitinqlər əvvəllər də keçirilib. “Müxalifətlə yanaşı, Nikol Paşinyana da dəstək mitinqləri baş tutub və yeri gəlmişkən, bu mitinqlərdə inzibati resurslardan istifadə edilməyib. Hərbi vəziyyət isə müxalifətin aksiyalar keçirməsinə mane olmurdu, ona görə də heç nə dəyişməyəcək. Qoy mitinqlərini keçirsinlər, niyə də yox?”, deyə Verdyan bildirib.
“Robert Koçaryan və Serj Sarqasyan Azərbaycanın cinayət məcəlləsinin altına düşə bilərlər”
Erməni ictimai-siyasi fəalı Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti məsələsinə də toxunaraq qeyd edib ki, o, qarşı tərəfdən hər hansı bir reaksiyanı gözləmirdi və indi də gözləmir: “Mən erməni ictimai rəyinin diqqətini vaxtilə Ermənistana sahiblik etmiş Serj Sarqsyan və Robert Koçaryan kimi adamlara tərəf yönəlməsini istəyirdim. Onlar sadə vətəndaşlardırlar və Azərbaycanın cinayət məcəlləsinin altına düşə bilərlər. Onlar yerləri həbsxana olan cinayətkardırlar. Və harada öz cəzalarını çəkəcəkləri də önəmli deyil – Ermənistanda, ya da Azərbacanda. Əsas hədəf onların cəmiyyətdən izolə edilmələridir. Mən də bu adamların “sakral oreolluqlarını” yığışdırmaq istəyirdim”.
“Ermənistan respublikası tərəfindən Koçaryanın və Sarqsyanın Azərbaycana təhvil verilmələri prosedurlarına heç nə mane ola bilməz”
Vardyan ona verilən daha bir maraqlı suala diqqətçəkici cavab verib. Belə ki, “Azərbaycan hakimiyyətinin Baş prokurorluq səviyyəsində Ermənistan hakimiyyətinə Koçaryanın və Sarqsyanın ekstradisiya olunması ilə bağlı müraciət edəcəyi halda erməni hökumətinin reaksiyası necə ola bilər?”, sualını cavablandıran bloger xatırladıb ki, hazırda Ermənistanda Koçaryana və Sarqsyana qarşı cinayət işləri açılıb. “Hə, onlar həbsaxnada deyillər, ancaq bu, o demək deyil ki, onlar tam azadlıqdadırlar. Yəni hər şey qanunvericiliyə əsaslanır və hesab edirəm ki, əgər qanunlara əməl olunarsa, həyata keçirilərsə onların Ermənistan respublikası tərəfindən Azərbaycana təhvil verilmələri prosedurlarına heç nə mane ola bilməz”, İşxan Vedryan deyib.
“Erməni cəmiyyətində revanş ideyası populyar deyil, bu, düşünülmüş təbliğat gedişidir”
Ermənistanda ictimai rəyin hansı vəziyyətdə olması, eləcə də revanş marağında qalması ilə bağlı məsələyə toxunan Verdyan belə düşünmədiyini deyib: “Yox. Erməni cəmiyyətində revanş ideyası populyar deyil, bu, düşünülmüş təbliğat gedişidir, guya ermənilər qisas almaq istəyirlər. Bunu Azərbaycanla Türkiyənin Ermənistana qarşı düşmən baxışlarını şərh edənlər şişirdirlər. Həmin qüvvələrin məqsədləri həm də budur ki, azərbaycanlıları qızışdırsınlar, həm də Ermənistanda daxili xaos yaratsınlar. Ermənilər bugünkü gün haqqında fikirləşirlər və sabah nəyin baş verəcəyini öyrənməyə çalışırlar. Xalqı heç bir hərbi kampaniya maraqlandırmır. Heç kim döyüşmək istəmir, gələcəkdəki sülh barədə düşünmək lazımdır”.
“Müharibə, düşmənçilik onların biznesidir, Ermənistanda antitürk hissləri də onların biznesidir”
Ermənistanda qarabağlı və irəvanlı klanları arasında mövcud olan qarşıdurmalar haqqında da danışan İşxan Verdyan Qarabağ klanını istisna etməklə irəvanlı klanı haqqına həyatında ikinci dəfə eşitdiyini bildirib. Onun sözlərinə görə, İrəvanda xalq tərəfindən seçilmiş hakimiyyət var, seçkilər qanuni və şəffaf keçirilib.
“Qarabağ klanına gəlincə, o çoxdan mövcuddur. O, Birinci Qarabağ müharibəsi zamanı formalaşdırılıb və nümayəndələri hakimiyyətə yiyələnərək yaxın illərə qədər orada qalmağa nail oldular. İndi qarabağlı klanının adamları heç nəyə baxmayaraq hakimiyyət stukturlarında qalmağa müyəssər olublar və hakimiyyətin qanuni qərarlarına mane olmağa çalışır, təkərləri altında kötüklər atmağa cəhd edirlər. Onlar Robert Koçaryan və Serj Sarqsyan tərəfindən idarə edilirlər. Kimlər ki, revanş haqqında danışırlarsa, təxribatçı bəyanatlar səsləndirirlərsə, məhz Qarabağ klanının nümayəndələridirlər. Müharibə, düşmənçilik onların biznesidir, Ermənistanda antitürk hissləri də onların biznesidir”, Verdyan bildirib.
“Şərin kökünü Qarabağ klanında axtarın”
Ermənistanın sərhədlərin açılması, nəqliyyat dəhlizləri və s. mümkün təkliflərlə bağlı mövqeyinə də toxunan erməni blogeri buna qarşı bəyanatların verilməsinə də münasibətini açıqlayıb: “Hər şey yenidən sözügedən Qarabağ klanına qayıdır. Şərin kökünü məhz orada axtarın. Əgər kommunikasiyalar açılarsa, onda region müsbət işarəsi ilə ciddi şəkildə dəyişəcək. Ancaq kimlər ki, bağlı sərhədlər hesabına qidalanırlarsa, onlar pullarını və təsirlərini itirəcəklər. Axı açılacaq kommunikasiyalar Ermənistana necə zərər vura bilər? Bu, absurddur. Dünyada elə bir ölkə yoxdur ki, tranzit kommunikasiyaları və nəqliyyat daşınmaları ona maneə törətsin. Ermənistan onsuz da Türkiyə ilə əlaqəlidir, sadəcə, ticarət dövriyyəsi Gürcüstan üzərindən gedir, bu isə yüzlərlə əlavə kilometrlər, itirilən vaxt, məhsulun bahalanması deməkdir”.
“Sizdə dəqiq mövqe var və siz həmin mövqeni ilk dəfə deyil ki, səsləndirirsiniz və belə mövqe göründüyü kimi Ermənistanda bir çoxlarının xoşuna getmir. Bu sizi qorxutmurmu?”, sualını cavablandıran İşxan Verdyan deyib: “Mən bilirdim ki, hansı işə girişirəm və istənilən hücumlara hazıram. Lakin hər zaman necə yaşamışamsa, elə də yaşamağa çalışıram. Bəli, mən daha ehtiyatlı və diqqətli olmağa başlamışam. Ancaq bu mövzu ilə bağlı üzrxahlıq sayın, danışmaq istəmirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB