ABŞ və Rusiya arasındakı gərginlik region üçün nə vəd edir? - ANALİZ

ABŞ və Rusiya arasındakı gərginlik region üçün nə vəd edir? - ANALİZ

"ABŞ və Rusiya arasında soyuq müharibənin yeni mərhələsinə başlanıb. Prezident C. Baydenin V. Putini "qatil" adlandırması, iki ölkə arasında münasibətlərin kəskinləşməsinə, xüsusilə, Vaşinqtonun Moskvaya qarşı Yaxın Şərqdə, Şərqi Avropada və Cənubi Qafqazda təzyiqlərinə gətirib çıxaracaq. Bundan əlavə, yeni sanksiyaların tətbiqi, Putinin ətrafına "Maqnisti aktının" tətbiq edilməsi ilə nəticələnəcək. Rusiya daxilində demokratik prosesə dəstək veriləcək. Bir sözlə, Rusiyanı çətin bir dönəm gözləyir. Vaşinqtonun bu siyasətinə NATO, Avropa İttifaqı və Böyük Britaniyada dəstək verəcək. Məhz Londonda xarici strategiyasında Moskvanı "düşmən" elan edib". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, prezident C.Bayden Moskvaya iqtisadi sanksiyalarla yanaşı, Suriyada Əsəd qüvvələrinə zərbələr endirməklə Suriyada mövcud vəziyyəti kəskinləsdirməsi mümkündür: "Həmçinin Ukraynanın şərqində müharibəni separatçılara qarşı müharibənin başlanmasına rəvac verməsi gözlənilir. Artıq Moskva Vaşinqtondakı səfirini məsləhətləşmək üçün geri çağırıb. Qeyd edim ki, Baydenin anti-Rusiya siyasətinə əsas verən səbəblər bəziləri- ABŞ Milli Kəşfiyyat Direktorunun ofisi Moskvanın Donald Trampın yenidən seçilməsinə kömək etmək, Baydeni nüfuzdan salmaq və Amerika cəmiyyətinə ayrı-seçkilik cəhdində günahlandırıldığı elan etmişdi. Bu əməliyyatların “bir qrup Rusiya hökumət təşkilatı” tərəfindən həyata keçirildiyi qeyd edilir".

M.Əsədullazadə vurğulayıb ki, iki nəhəng ölkənin yeni siyasi-iqtisadi və hərbi müstəvidə mübarizəsi ABŞ-ın beynəlxalq mövqeyini gücləndirəcək və bir qütblü dünya sistemi planını reallaşdıracaq: "Moskvaya qarşı bu təzyiqlər Putinin reytinqinə mənfi təsir edəcək. Rusiya siyasi elitasında parçalanmaya gətirib çıxara bilər. İki ölkənin mübarizəsi regionumuza təsir etməsi qaçılmaz olacaq. Məhz Ermənistanın ABŞ -ın başçılığı ilə Qara dənizdə Rusiyaya qarşı NATO təlimlərində iştirakı bunu göstərir. Rusiyanın beynəlxalq nüfuzunun zəifləməsi və daxili siyasi problemlərə yuvarlanması regionda Türkiyə və Azərbaycanın mövqeyini gücləndirəcək. Qarabağda Rusiyaya qarşı Türkiyə əlavə təzyiq rıçaqları əldə etməsi mümkündür. Ankara və Bakı Moskvadan beş ildən sonra öz "sülhməramlı" missiyasından kənara çıxdığı üçün çıxarılmasını tələb edəcək. Əgər Rusiyaya qarşı sanksiyalar davamlı olacaqsa, Vaşinqton israrlı şəkildə buna gedəcəksə, Moskvanı Qarabağdan çıxara biləcəyik. ABŞ -da Rusiyanın Cənubi Qafqazda, həmçinin Qarabağda "sülhməramli" fəaliyyətinə son verilməsində maraqlıdır. Düşünürəm ki, Azərbaycan iki böyük ölkənin mübarizəsində heç birinin yanında durmamalı və Ankara ilə birgə hərəkət etməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə