Gələcək inkişafla bağlı yeni hədəflər, tələblər, vəzifələr

Gələcək inkişafla bağlı yeni hədəflər, tələblər, vəzifələr

Prezident İlham Əliyev: “Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər”

Son illər ölkəmizdə böyük tarixi hadisələr bir-birini əvəz etməkdədir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin son 17 illik prezidentlik fəaliyyətinin uğurlu göstəricisidir. Ən böyük tarixi hadisəni 10 noyabr 2020-ci ildə yaşadıq. 30 illik həsrətə 44 gün ərzində Ali Baş Komandanımız, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə böyük Qələbə Zəfəri ilə haqqın, ədalətin, ərazi bütövlüyümüzün bərpasına, Qarabağ Azərbaycanımıza qovuşduq. Yarandığı gündən xalqın dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından tarixi bir mərhələdə keçirildi. Partiyanın hər qurultayı ictimaiyyəti müəyyən tarixi missiyanın həyata keçirilməsinə səfərbər edir, cəmiyyətin diqqətini bu missiyaya yönəldir. Bu qurultay Vətən müharibəsindən sonra ictimaiyyətin diqqətini çəkən böyük siyasi hadisədir.

“Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi”

“Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. O vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzəcə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter alıb”.,-deyən dövlət başçısı bildirib: “Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər siyasi çəkişmələr. Hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. O günləri, o ayları təsəvvür etmək üçün bax, bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Faktiki olaraq onun əksidir, ümidsizlik, total cəmiyyətdə hökm sürən apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bax, bu, idi o vaxt Azərbaycan – gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?!” Prezident xatırladıb ki, torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi.

“Kim bu vəziyyəti dəyişdirəcəkdi? O vaxt hakimyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla, onlar elə bil ki, əkiz qardaşdırlar. Təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax, bunlar idi o vaxt Azərbaycanı idarə edənlər”, - deyə Prezident İlham Əliyev əlavə edib.

“Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin”

“Xalq 2003-cü ildə Heydər Əliyev siyasətinə səs vermiş, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O, əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq”,-deyən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında son 17 ildə qazanılan uğurlardan danışarkən söyləyib. Dövlətimizin başçısı deyib: “Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, ölkəmizin əvvəlki dövrə, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrü idi. Bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var. Biz XXI əsrdə 1990-cı illərin tələbləri ilə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub da bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməli, zamanı qabaqlamalıyıq”.

Prezident vurğulayıb ki, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır: “Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın”. Dövlət başçısı çıxışı zamanı gənclərin bu tarixi hadisələri bilməli və müstəqilliyimizin nəyin bahasına olursa-olsun qorunmasına çalışmağı bildirib: “O dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalamış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, yarımmüstəmləkə kimi yaşaya bilərdi”.

Dövlətimizin başçısı deyib: “Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə kimi bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli qana – Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər”. Prezident vurğulayıb ki, yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi: “Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Senzura məhz onun göstərişi ilə, Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün ölkəmizin müxtəlif sahələrində öz töhfəsini verirlər”. “Mən bu gün bir daha o vaxt milli maraqları hər şeydən üstün tutan «91-lər»i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının veteranlar şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır”,-deyən Azərbaycan Prezident deyib ki, hər zaman “91-lər”in fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən dövlətimizin başçısı deyib: “Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başlandı”.Yeni Azərbaycan Partiyasının Sədri qeyd edib ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər: “Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın, bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər. Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər. Ondan əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

“AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi”

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında AXC-Müsavat cütlüyü dövründə ölkədə yaranmış acınacaqlı vəziyyətdən danışarkən bildirib: “Eynən 2018-ci ildə Ermənistana gəlmiş adamlar kimi, onlar da ölkəni dağıdırdılar və nəticə etibarı ilə gətirdilər bizi uçurum kənarına qoydular. Azərbaycan xalqı buna dözə bilərdimi? Əlbəttə ki, yox. Məhz bu idi Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti”.Yeni Azərbaycan Partiyasının təsis qurultayının Naxçıvanda keçirilməsinin səbəblərindən danışan dövlətimizin başçısı deyib: “Bakıda imkan vermədilər. O qədər Heydər Əliyev fenomenindən qorxurdular, o qədər öz cılız mahiyyətini özləri dərk edirdilər ki, bilirdilər, əgər bu qurultay Bakıda keçirilsə bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi”.

“Bu gün yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqlar yaradan ölkəyik və bundan əvvəlki dövrlərdə də bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib»,-deyən Prezident İlham Əliyev qeyd edib ki, bizim siyasətimizlə bağlı son vaxtlar dünyada aparılan düzgün təhlillər və fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir və İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaradıb. Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər, eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.

Dialoq mühiti dərinləşir, demokratik ənənələr şaxələnir

Hakim partiyanın ali toplantısında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi də mühüm hadisə idi. Bu, siyasi həmrəyliyin, milli birliyin əyani təzahürü oldu. Partiyaların YAP-a birləşməsi cəmiyyətdə iqtidara qarşı olan müsbət münasibətin və inamın göstəricisi kimi də qiymətləndirilə bilər. Əlbəttə ki, bu, ölkədə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək.Prezident İlham Əliyev də bunu çox önəmli, əlamətdar hadisə adlandıraraq ölkədə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirdi. Bu, eyni zamanda göstərir ki, partiyanın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Yeni partiyaların YAP-a birləşməsi əlbəttə ki, təşkilatı daha da gücləndirəcək və yeni qərarların qəbulunu, mühüm addımların atılmasını şərtləndirəcək. Partiya sədri də hesab edir ki, bütün bunlar nəzərə alınaraq təşkilatın yeni proqramı hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. Bu səbəbdən də Prezident İlham Əliyev İdarə Heyətinə 3 ay ərzində partiyanın yeni proqramının hazırlanması ilə bağlı tapşırıq verdi.

Uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq

Qurultayda yeni hədəfləri, qarşıda duran vəzifələri müəyyənləşdirən İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkədir. Heç kim Azərbaycanla diktə dili ilə danışa bilməz. Bu il müstəqilliyinin 30 illiyini qeyd edəcək Azərbaycan indiyədək heç kimə hesabat verməyib, bundan sonra da bu siyasət davam etdiriləcək. Müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Son illərin təcrübəsi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Prezident də vurğuladı ki, bütün cəhdlər puç olub və bundan sonra da istənilən təxribata layiqli cavab veriləcək: “Biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır”.

Bu həqiqətdir ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birliyi daha da möhkəmləndirib. Prezidentin həyata keçirdiyi mütərəqqi islahatlar isə xalq tərəfindən yüksək qiymətləndirilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq. Çünki görülən işlər və İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial, uzaqgörən siyasət yeganə düzgün siyasətdir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə