Osmanqızı-Kərimli savaşı: qalib yoxdur, yalnız məğlublar var! TƏRS BAXIŞ
Yaxud, korrida davam edir, sonu isə bəllidir...
“Osmanqızı tv”nin sahibi Sevinc Osmanqızı və AXCP sədri Əli Kərimli arasında davam edən savaşın miqyası böyüdükcə, ortaya çıxan əsas fakt budur ki, həmin savaşda qalib yoxdur, hər iki tərəf məğlubdur, özü də Azərbaycan dövləti və xalqı qarşısında. Çünki hər iki tərəf yalnız Azərbaycan dövlətinin maraqlarına qarşı çıxan cinahlardırlar – biri xaricdən, ABŞ-dan, digəri isə Azərbaycan hüdudlarından.
Ümumilikdə götürəndə isə sözügedən intriqa və insidentlərin hər birinin arxasında şəxsi maraqların dayanması reallığının mövcudluğu da sirr deyil. Təbii ki, kim daha çox qazandı, kim daha çox erməni lobbisinin təsirləri altında fəaliyyət göstərən xarici qurumlardan, habelə Soros dayısından pul qopardı tipli məsələlər də, sözün əsl mənasında, siyasi müxalifət daxilindəki korrida döyüşünə bənzəyir. Hər biri özünü meydana çıxan öküz qismində görür və kəllə-kəlləyə gələndə yenə də hər ikisinin buynuzları sınır. Belə deyək, matadorları da zəifdir ki, nəticəsi onlar üçün bu qədər acınacaqlı olur...
Sevinc Osmanqızıya nə gəlmişdi ki, birdən-birə AXCP sədri Əli Kərimlini öz verlişindən necə deyərlər, “iti qovan kimi” qovsun?
Söz yox ki, belə savaşların təməli əsasən, yəni köklü olaraq “maddi gəlir” məsələsi üzərində cəmləşib. Amma bu gəlirlərin xalqın, dövlətin maraqları üzərindən sahiblənməsi heç bir mənəviyyata, ləyaqətə sığmayan faktorlardandır. Yoxsa ki, Sevinc Osmanqızıya nə gəlmişdi ki, birdən-birə AXCP sədri Əli Kərimlini öz verlişindən necə deyərlər, “iti qovan kimi” qovsun? Yəni onun dünənə qədər bəh-bəhlə tərifləyib göylərə qaldırdığı Əli Kərimli arasında başlanan bu savaşın hər keçən gün daha da şiddətləndiyini isə sosial şəbəkələri izləməklə görmək mümkündür. İndi də bu pul-para hərislərinin trolları düşüblər ortalığa və başlayıblar bir-birlərinin paxırlarını açmağa. AXCP sədri bir tərəfdən öz trolları vasitəsi ilə Sevinc Osmanqızı barədə kompromatlarını sosiallaşdırır, əks tərəf də Əli Kərimli barədə əlində olan kompromatları cavab atəşi kimi açmağa başlayır.
Misal üçün, Osmanqızı açıq şəkildə etiraf edir ki, onun Kərimlinin siyasi gedişləri, hətta siyasi mövqeyi ilə bağlı əvvəlki fikirlərində dəyişiklik baş verib. Necə deyərlər, dünən yatıb, bu gün durub və fikirləşib ki, cəbhəçi sədr indiyə qədər nə edibsə, hamısını səhv edib, hətta dəhşətli səhvlərə yol verib. Halbuki, bizlər AXCP sədrinin səhvlərini günaşırı olaraq ictimai rəyin diqqətinə çatdırmışıq, bu gün də çatdırmaqda davam edirik.
Osmanqızı əmri Sorosdan alıb?
Lakin indi sual yaranır ki, əcəba Sevinc Osmanqızı niyə birdən-birə belə ayılıb və nə dərəcə dönüşünü dəyişib? Cavab bəsittir – Osmanqızı əmrini Sorosa bağlı fonddan alıb. Həmin fondun kiçik qurumları tapşırıq veriblər ki, AXCP sədri daha onların maraqlarına cavab vermir və bunun üçün bir neçə ildir keçirməyə cəhd göstərdiyi, uğursuzluqla nəticələnən icazəsiz küçə yürüşləri və s. məsələlər ortaya atılır. Təbii ki, Osmanqızı da bu əmrə riayət etməyə məcburdur, əsk-halda Əli aşından da olar, Vəli aşından da...
Əgər belə olmasaydı, AXCP sədrinin patoloji nifrət bəslədiyi şəxslər “Osmanqızı TV”yə onlayn da olsa, ayaq basa bilməzdilər. Fakt budur ki, Sevincə verilən tapşırıqlardan biri də “müxalifətdən yeni simaları kəşf etmək” əmridir. Nəticədə bu əmrdən qeydə gələn Əli Kərimli Sevinclə qanlı düşmənə çevrilib və tərəflər arasındakı düşmənlik o həddə çatıb ki, Osmanqızı nəinki üstüörtülü, elə açıq mənada da AXCP sədrinin heç bir gücə sahib olmadığını rahat şəkildə deyir, onu digər ölkələrdəki müxalifətlərlə müqayisə edir, yalnız sosial şəbəkələrdə boş-boş çərənləməkdə günahlandırır. Hər halda, faktlar yavaş-yavaş üzə çıxmağa başlayır və bu korridanın necə və nə cür başa çatacağını da elə indidən bəlli etmək çətin deyil...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB