Ermənistan prezidenti məhkəməyə müraciət edib Sarkisyan məsələyə aydınlıq gətiriləcəyinə ümid edir

Ermənistan prezidenti məhkəməyə müraciət edib Sarkisyan məsələyə aydınlıq gətiriləcəyinə ümid edir

Ermənistan prezidenti Armen Sarkisyan ümid edir ki, Konstitusiya Məhkəməsi tərəfindən veriləcək qərar hüquqi aydınlaşmaya səbəb olacaq və ölkədəki mövcud böhranın həllinə kömək edəcək. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin saytında çərşənbə günü yayımlanan məlumatda deyilir.

Məlumatda həmçinin qeyd olunur ki, Ermənistan prezidenti Armen Sarkisyan, Konstitusiyanın 169-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndini rəhbər tutaraq, 15 noyabr tarixli Hərbi Xidmət və Hərbçilərin Statusu Qanununun Konstitusiyasına uyğunluğu məsələsinin müəyyənləşdirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib. Eyni zamanda, Konstitusiya Məhkəməsinə edilən müraciətin, baş nazirin Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi təşəbbüsü nəticəsində daha aydın görünən tətbiqi hüquq elmində mövcud problemlərlə əlaqəli olduğu qeyd edilir.

Prezidentin fikrincə, Konstitusiya Məhkəməsi qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində bu məsələni hərtərəfli araşdırmaq və qərar qəbul etmək imkanına malikdir.
“Konstitusiya Məhkəməsinin bu bəyanata dair qərarları və mümkün tədbirlər, əvvəllər qəbul edilmiş qərarlar, mövcud vəziyyətlə bağlı mövcud və gələcək proseslərə, qanunun təfsiri və tətbiqi kontekstində ciddi şəkildə təsir edə bilər”, deyə Sarkisyan xəbərdar edib.
Prezident uyğun bir qərarın ən qısa müddətdə qəbul edilməsinin hüquqi əminliyə səbəb olacağına və mövcud böhranın həllinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, 25 fevral tarixində Silahlı Qüvvələrin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra Ermənistanda daxili siyasi böhran daha da kəskinləşib. Baş nazir bunun çevriliş cəhdi olduğunu elan edib və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərarı imzalayıb. Ancaq prezident Armen Sarkisyan bu sənədi imzalamayıb və baş nazirin ofisinə qaytarıb. Hökumət başçısı bu mövzuda Konstitusiya Məhkəməsinə müraciət edən prezidentə sənədi yenidən göndərib.

Buna baxmayaraq, Prezident Konstitusiya Məhkəməsində Qasparyanın vəzifəsindən azad edilməsi barədə fərman layihəsini mübahisələndirməyib və bu məsələnin həm hüquqi prosedurlar baxımından, həm də konstitusiya məsuliyyəti və siyasi nəticələri baxımından baş nazirin səlahiyyətində olduğunu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə