Ermənistanda milli inqilaba çağırış edildi İşxan Saqatelyan tərəfindən

Əgər sabah ölkəmizə və vətənimizə xidmət etməyəcəklərsə, tələbələrimizin diplomları, aldıqları yaxşı təhsil kimə lazımdır? SİA xəbər verir ki, bu sözləri “Vətənin Xilası Hərəkatı”nın koordinatoru, “Daşnaksütyun” nümayəndəsi İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.
O öz sosial şəbəkə hesabında yazıb ki, milli dövlət olsun deyə həqiqi inqilabın, milli inqilabın vaxtı gəlib. Saqatelyan yazıya bir video da əlavə edib, hansı ki, orada deyilir: “Gənclər həqiqətən bu hərəkata qoşulmalı, vətənlərini qorumalı, mübarizədə iştirak etməlidirlər. Niyə? Birincisi ona görə ki, o gənclər vuruşan, geri qayıtmayan kurs yoldaşları, qonşularından olan həmvətənləri qarşısında cavabdehdirlər.
İkincisi isə, sabah ölkəmizə və vətənimizə xidmət etməyəcəklərsə, tələbələrimizin diplomları, aldıqları yaxşı təhsil kimə lazımdır? Gənclərin 2018-ci ildə hərəkata böyük həvəslə qoşulduğunu xatırlayırsınız? Bu gün bəziləri buna görə özlərini günahkar hiss edirlər.
Nikol təkcə bu parlaq gəncləri deyil, təcrübəli siyasətçiləri və hərbçiləri də aldadıb. Bu gün bu səhvi düzəltmə vaxtıdır. Bu gün əsl inqilabın, milli inqilabın vaxtıdır. Gənclərin də burada böyük rolu var. Əlbəttə ki, son günlər gənclərin sayının artdığını görürəm. Və yenə də onları meydana gəlməyə və məsuliyyəti öz üzərlərinə götürməyə çağırıram", deyə “Vətənin Xilası Hərəkatı”nın koordinatoru İşxan Saqatelyan öz hesabında yazıb.

Göründüyü kimi, Ermənistanda ağır vəziyyətin bir az da ağırlaşması gözlənilir. Bu müxalifət qruplaşmasının iddialarında özünü göstərir. Belə ki, bir müddətdir baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət buna nail ola bilmədiyinin fərqində olduğu üçün artıq milli inqlaba çağırış edir. Əslində, milli inqlaba çağırışla bütün vətəndaşlar meydanlara dəvət olunur ki, bu da kütləvi, çoxsaylı mitinq deməkdir. Bununla yanaşı, hamının mitinqə çağırılması, eləcə də hamının mitinqdə iştirakı toqquşmaların olacağını proqnozlaşdırır. Bu da Ermənistanda vətəndaş müharibəsinin qaçılmaz olduğu anlamına gəlir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə