Qarabağ erməniləri Azərbaycanda necə yaşayacaqlar? – ANALİZ

Moskva-Baku.Ru platformasında Andrey Şlyapnikov müəllifi və aparıcısı olduğu “Diqqət mərkəzində” analitik verilişində regionumuzda gedən proseslərlə bağlı maraqlı məsələlərə toxunub. Verilişi yazı formasında da oxucularımıza təqdim edirik.

Ermənistanda çevriliş cəhdi diqqət mərkəzindədir. Baş nazir Nikol Paşinyan 2-ci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra siyasi vəziyyəti öz əlinə almağa müvəffəq oldu, lakin Baş nazirin söylədiyi bir cümlə sonrakı onun siyasi gələcəyini bir daha riskə atdı. Paşinyan ölkənin keçmiş prezidenti Serj Sarkisyanın Qarabağdakı müharibənin 4-cü günü “İskəndər” taktiki raket sistemlərindən istifadə edilməsinin vacib olduğunu bildirən açıqlamasına cavab olaraq Paşinyan Rusiya raketlərinin istifadəyə uyğun olmadığını bildirib.

Rusiya Müdafiə Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasını oxuyanda təəccüblənib və çaşqınlıq içində qalıb.

Rusiya MN rəsmi nümayəndəsi Konoşenko: "Əldə etdiyimiz obyektiv və etibarlı məlumatlara görə, bu tip raket sistemlərindən heç biri Qarabağdakı münaqişə zamanı istifadə edilməyib. Görünən odur ki, Paşinyan səhv məlumatlardan istifadə edib".

Konoşenko “İskəndər E” raket sisteminin Suriyada terrorçulara qarşı döyüş şəraitində dəfələrlə istifadə edildiyini xatırladıb. Bu silah dünyada öz sinifindəki ən yaxşısıdır və hər kəs tərəfindən tanınır. Ermənistan hərbçiləri də Paşinyanla razılaşmayıblar. Baş Qərargah rəisinin 1-ci müavini Tiran Xaçatryan Rusiyanın "İskəndər" əməliyyat-taktiki raket sistemlərinin təsirsizliyi ilə bağlı açıqlamaları "qeyri-ciddi" adlandırıb. Ermənistan Baş Qərargahı Baş nazirin istefası tələbini irəli sürüb. Bəyanatı Baş Qərargah rəisi Onik Qasparyan, bütün müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri imzalayıblar.

Ermənistanın Baş Qərargahı: “Ermənistan silahlı qüvvələri uzun müddət mövcud hakimiyyətin orduya qarşı hücumlarına səbirlə dözdülər, lakin hər şeyin bir həddi var”.

Beləliklə, Paşinyan bir cəfəng ifadəsi ilə müharibədə məğlub olduqdan sonra da ona sadiq qalan ordunu özünə qarşı çevirdi. Rusiyalı mütəxəssislər Paşinyanın özünü müdafiə üçün belə etdiyini düşünürlər.

Politoloq İqor Korotçenko: “Təsadüfən, ya da bilərəkdən Paşinyan bu açıqlamanı verdi və rəqibləri bundan istifadə etdilər. Hər halda, effektiv Rusiya silahları barədə bu cür açıqlamalar əsassızdır. Və bu ifadə həqiqətən erməni “Pinoçet'i oynamağa qərar verən bir sui-qəsdçi qrupunun hərəkətləri üçün göydəndüşmə bir fürsət oldu”.

Müxalifət fürsətdən istifadə edib dərhal insanları küçələrə çıxardı. Vətənin Qurtuluşu Hərəkatının üzvləri İrəvanın Baqramyan prospektində - parlament binasının qarşısında çadırlar qurdular. Hərəkatın lideri Vazgen Manukyan Baş nazirin etiraz aksiyalarını dayandırıb danışıqlara başlama çağırışına cavab olaraq tərəfdarlarının küçədən heç yerə getməyəcəyini söylədi.

Bu yaxınlarda böyük siyasətə qayıtdığını elan edən Ermənistanın 2-ci prezidenti Robert Koçaryan da etirazları dəstəkləyib və xalqa müraciət edib: "Bu taleyüklü məqamda sizi dövlətimizin sahibləri olmağa, Silahlı Qüvvələrimizin yanında durmağa çağırırıq. Müharibəni uduzan və torpağı təslim edən səlahiyyətlilər getməlidir. Bu, ilk növbədə milli dirçəlişimiz üçün zəmanətdir”.

Paşinyanın “va-bank” getməkdən başqa çarəsi yox idi. Çevriliş cəhdini elan etdi və vətəndaşları "inqilabı müdafiə etmək" üçün Respublika Meydanında toplaşmağa çağırdı. Məxməri inqilab dövründə olduğu kimi, Paşinyan özü şəxsən yürüşə rəhbərlik edirdi. Tərəfdarları qarşısında keçirilən mitinqdə Paşinyan müharibəni uduzduqdan sonra istefa etməyi düşündüyünü, amma onu baş nazir seçən insanlara görə bunu etmədiyini deyib, çünki kimin hakimiyyətdə olub-olmamasına vətəndaşlar qərar verirlər. Paşinyan bəyan etdi ki, ordu siyasi proseslərə qarışa bilməz və xalqın seçdiyi hökumətə tabe olmalıdır. Baş nazir əsgər və zabitlərə öz işlərini yerinə yetirməyi- Ermənistanın sərhədlərini qorumağı əmr edib. İndi əsas sual ordunun buna nə qədər hazır olmasıdır. Hərbçilər hakimiyyəti öz əllərinə almağa çalışacaqlarmı? Rusiyalı ekspertlər hazırda Ermənistan ordusunda bundan sonra nə edəcəklərinə dair bir fikrin olmadığına əmindirlər.

“Ordu bölmələrinin Baş Qərargah rəisini nə dərəcədə dəstəkləməyə hazır olduqları hələ bəlli deyil. Onların tankları İrəvan küçələrinə çıxarılsaydı, bu barədə nəsə demək olardı, halbuki bizdə yalnız siyasi bəyanat və Ermənistandakı böhranın kəskin bir mərhələsi var”- politoloq İqor Korotçenko deyir.

Bəlkə də dünyanın reaksiyası ordunu dayandırır. Ən böyük dövlətlərin liderləri çevriliş cəhdini dəstəkləmədilər. Erməni tərəfin təşəbbüsü ilə başlanan Nikol Paşinyanla telefon danışığında Vladimir Putin vəziyyətin qanunlar çərçivəsində həll olunaraq Ermənistanda asayişin və əmin-amanlığın qorunması lehinə danışdı. Rusiya dövlətinin başçısı hər tərəfi təmkinə çağırdı.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın dünyanın hər hansı bir ölkəsində hakimiyyəti zorla ələ keçirmə cəhdlərinə qarşı olduğunu qeyd etdi. Bu, Ermənistandakı hadisələrə də aiddir. "Təməl demokratik prinsiplər budur- silahlı qüvvələr daxili siyasətə qarışmamalıdır"- o bildirib.

Azərbaycandan da reaksiya gəldi. Beynəlxalq media üçün onlayn mətbuat konfransı zamanı İlham Əliyev Ermənistanda baş verənləri ölkənin daxili işi kimi xarakterizə etdi.

"İndi Ermənistanda böhran vəziyyəti var. Onların daxili prosesləri haqqında fikir söyləmək istəməzdim. Biz digər ölkələrin daxili işlərinə heç vaxt qarışmırıq, xüsusən belə həssas məqamda. Ancaq müharibədən sonrakı nəticələr dəyişməz qalır və üçtərəfli razılaşmaya əməl olunmalıdır”- İlham Əliyev deyib.

Tərəzinin meyl edəcəyi digər həlledici amil də Ermənistan cəmiyyətindəki əhval-ruhiyyədir. Paşinyan Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı sülh müqavilələrinin qarantıdır. Paşinyan sülh gətirir və qonşuları ilə iqtisadi əməkdaşlığa hazırdır. Ancaq müxalifətdən nə gözləmək olar, hələ bilinmir. Revanşist hisslər orada çox güclüdür.

“Bütün bunlardan sabitliyə və əmin-amanlığa ehtiyacı olan kasıb erməni xalqı əziyyət çəkir. Ermənistan indi daha da ağır bir siyasi böhrana girə bilər, bu da ölkə iqtisadiyyatının sistemli defoltu ilə sona çatacaq və yüz minlərlə Ermənistan vətəndaşı dünyaya səpələnəcək”-politoloq İqor Korotçenko deyir.

Hərbi ekspert Mixail Xodarenok: “Nikol Paşinyan bir neçə dəfə belə açıqlamalar verib, dəfələrlə Rusiya silahlarını tənqid edib. Gah havadan müdafiə vasitələrindən, gah döyüş təyyarələrindən, gah da elektron mübarizə vasitələrindən razı deyil. Böyük bir siyasətçi açıqlamalar verəndə danılmaz faktlara istinad etməlidir. Məsələn, “İskəndər”in düzgün işləmədiyini söyləyirsə, bunu sübut eməli və dəlil gətirməlidir".

Paşinyan açıqlamasının ona əks-təsir göstərə biləcəyini başa düşdü və artıq vəziyyəti yumşaltmağa çalışır. Silahlı qüvvələrin islahatı üçün konsepsiya yaratmaq üçün Müdafiə nazirinin rəhbərlik etdiyi bir işçi qrupu qurulduğunu elan etdi.

"Xüsusilə vurğulamaq istəyirəm ki, bu istiqamətdə təhlükəsizlik sahəsində əsas strateji müttəfiq olan Rusiya ilə sıx əməkdaşlıq etmək niyyətindəyik"- Ermənistanın Baş naziri dedi.

Paşinyan özü Ermənistan üçün çox təhlükəli bir vəziyyət yaratdı və indi onu düzəltmək və Zaqafqaziya bölgəsində sabitliyi qorumaq üçün çox səy göstərmək lazım olacaq.

Evinizə əmin-amanlıq və firavanlıq. İrəvandakı siyasi fırtınaya Azərbaycan necə reaksiya verdi?

Ermənistandakı siyasi böhranın fonunda Azərbaycan sağlam düşüncə siyasəti nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev, Zaqafqaziya ölkələrini Qarabağ nizamlanmasından sonra əməkdaşlıq və dinc yanaşı yaşamaq üçün müsbət imkanlara diqqət yetirməyə çağırdı: “İnanıram ki, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Bölgəmizin uzun illərdir gözlədiyi sülh quruldu və bu sülh uzunmüddətli olmalıdır ".

Beləliklə, Azərbaycan da Ermənistandakı iğtişaşlara və çevriliş cəhdlərinə qarşı çıxdı. Bölgədə bütün qonşu ölkələrin və beynəlxalq təşkilatların istifadə edə biləcəyi yeni imkanlar və perspektivlər yaradıldı.

İlham Əliyev: “Düşünürəm ki, hökumətlər və beynəlxalq təşkilatlar olaraq hamımızın yeni reallıqları qiymətləndirmək üçün addımlarımızı planlaşdırmalı, əməkdaşlıq və dinc yanaşı yaşamaq üçün müsbət imkanlara diqqət yetirməliyik”.

İlham Əliyev bu açıqlamaları ilə erməni xalqına müəyyən bir mesaj göndərir. Bəs onların seçimi nə olacaq? Rifah və ya uçuruma qərq olmaq? Xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Haqları Şurasının 46-cı iclasının Yüksək Səviyyəli Seqmentindəki çıxışı zamanı Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sülh sazişinin vacibliyini bildirdi və Azərbaycanın tam hüquqlu dövlətlərarası münasibətləri bərpa etmək istəyini bildirdi.

Ceyhun Bayramov: “Azərbaycan bu sənədin tam icrasına və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması əsasında bu qanlı qarşıdurmanın yaralarının sağalmasına böyük əhəmiyyət verir. BMT-nin rəhbərlik etdiyi beynəlxalq birliyin bölgədə mehriban qonşuluq münasibətlərinin bərpasına yönəlmiş Üçtərəfli Bəyannamənin həyata keçirilməsinə dəstək verməkdə mühüm rol oynaya biləcəyinə inanırıq".

Beləliklə, Azərbaycan Ermənistana dostluq əlini uzadır və Ermənistanı bir sadə prinsipə əməl etməyə çağırır- zərər verməyin. Üçtərəfli müqavilə bölgədə sülh və rifahın qarantıdır. Beynəlxalq media ilə keçirdiyi mətbuat konfransında İlham Əliyev müqavilənin əksər maddələrinin artıq yerinə yetirildiyini söylədi.

İlham Əliyev: "Hazırda müzakirə predmeti olan bəzi məqamlar var. Ümid edirəm ki, Ermənistan daxili vəziyyətə baxmayaraq, 10 noyabr tarixli üçtərəfli razılaşma çərçivəsində öhdəliklərini yerinə yetirəcəkdir. Əks təqdirdə Ermənistan özünü daha da çətin vəziyyətə salacaq".

Mətbuat konfransında Prezident İlham Əliyev azad edilmiş ərazilərin bərpası planlarından bəhs etdi: "Füzulidə hava limanının inşası ilə bağlı işlərə artıq başlanılıb. Bu prioritet bir vəzifə olduğundan dərhal minaların təmizlənməsi ilə bağlı işlərə başladıq. Laçın və Zəngilanda da hava limanlarının inşası planlaşdırılır. Razılaşmanın icrası çərçivəsində Zəngilan hava limanı əhəmiyyətli lojistik mərkəzi olacaq".

Bundan əlavə, Azərbaycan münaqişədən təsirlənən ərazilərdə yaşayan erməniləri ailəsinə qəbul etməyə hazırdır.

Ceyhun Bayramov: “Azərbaycan, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına eyni hüquq və azadlıqları təmin edərək, münaqişədən təsirlənmiş ərazilərdə yaşayan erməni mənşəli vətəndaşlarını siyasi, sosial və iqtisadi məkana inteqrasiya etmək əzmindədir. Azərbaycan Respublikasının Konstitusiyası buna möhkəm hüquqi əsas verir".

Bu, Azərbaycanın nəcib və vaxtında etdiyi bir hərəkətdir. Ermənistanda siyasi böhran alovlandıqda, Azərbaycan ocağa yanacaq əlavə etmir, əksinə sülh və firavanlığın xeyrinə sağlam düşüncəyə çağırır.

Tərcümə: Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə