Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir

Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar. Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşayar.

1990-cı ilin qanlı 20 yanvar gecəsində şəhidlər verməklə müstəqilliyə gedən yolda xalqımız öz birliyinui, vətənpərvərliyini nümayiş etdirdi. Əfsuslar olsun ki, o dövrkü hakimiyyətin səriştəsizliyi, hakimiyyət uğrunda xərc-mərclik, xalqı deyil , öz mənafelərini güdən insanların xainliyi nəticəsində azadlığımız, müstəqilliyimiz təhlükə altına düşdü. Ölkədəki xaosdan istifadə edən ermənilər özlərinin məkrli planlarını həyata keçirmək üçün havadarlarının köməyilə Azərbaycanın dilbər guşəsi olan Qarabağı və ətraf rayonları işğal etdilər. Sözsüz ki, mütəşəkkil ordunun olmadığı bir dövrdə yenə Azərbaycanın hər bir yerindən xalqın vətənpərvər oğulları silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Bu savaşda 20 minə yaxın soydaşımız həlak oldu. Tarixə Birinci Qarabağ müharibəsi kimi düşən bu döyüşlərdə rayonumuzdan da şəhid və sağlamlığını itirənlər oldu. Bu gün fəxrlə deyə bilərik ki, ərazi və əhali sayına görə kiçik Pirallahı rayonunun 3 Milli Qəhramanı var.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra cəbhə xəttində atəşkəsə nail olmaqla ordu quruculuğuna start verildi. 2003-cü ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin hakimiyyətə gəlişindən sonra orduda aparılan islahatlar daha da sürətləndi. Müharibə şəraitində yaşayan və torpaqlarının 20 faizi işğal altında olan bir ölkədə düzgün siyasət nəticəsində iqtisadiyyatımız inkişaf etməklə yanaşı orduda aparılan islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer aldı.

30 ilə yaxın danışıqlar prosesində beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə torpaqlarımızın azad edilməsinə cəhd göstərilsə də düşmən tərəf hər cəhdlə danışıqları pozaraq hərbi hücumlarla təxribatlara əl atırdı. Səbir, təmkin, iradə nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunalardan torpaqlarımızın bir qarışının düşmən tapdağı altında qalmayacağına, lazım olduğu təqdirdə müharibə yolu ərazi bütövlüyümüzü təmin edəcəyimiz barədə xəbərdarlıqlar etmişdi. Son 30 ildə Azərbaycan xalqı o qədər sülhə hazır oldu ki, müharibəyə hazır olduğumuzu düşmən də hiss eləmədi. Əslində 2016-cı ilin qalibiyyətli aprel döyüşləri, 2018-ci ildə Naxçıvanda Günnüt əməliiyatı düşmənə edilən xəbərdarlıq idi.

Zaman keçirdi. Düşmən öz “məğlubedilməzliyi” barədə miflər yaratdığı halda Azərbaycan ordu quruculuğu ilə yanaşı ölkə əhalisinin, vətəndaşların rifah halının yaxşılaşdırlması istiqamətində sosial layihələr həyata keçirirdi. Bu layihələr xalqın öz liderinə, dövlətinə olan inamını, sevgisini artırdı.

Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Son illərdə ölkənin bütün bölgələrində Şəhid ailələri və müharibə əlilləri sosial problemlərinin həlli ilə yanaşı yaşayış evləri və minik avtomobilləri təqdim olunub. Bu sosial layihələr çərçivəsində dövlətimizin və ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələri və müharibə əlilləri də dövlət qayğısı ilə əhatə olunub. Rayon ərazisində müharibə əlilləri və şəhid ailələri üçün 2012-ci ildə tikilib istifadəyə verilən 9 mərtəbəli yaşayış binasında məskunlaşan ailələrin sosial problemlərinin həllində rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən mütəmadi olaraq köməkliklər göstərilir. Fəxrlə vurğulamaq istərdim ki, qalibiyyətli aprel döyüşlərdə Lələtəpə uğrunda xüsusi şücaət göstərərk şəhid olanlardan biri də Pirallahı rayon sakinidir.

Şəhid ailələrinə, Birinci Qarabağ müharibəsi əlillərinə, veteranlarına dövlət qayğısı xalqımızda inamı, vətənpərvərlik hisslərini, torpağa, Vətənə bağlılığı daha da artırırdı. Məhz bu sevgi və inamın nəticəsi idi ki, erməni hərbi təxribatlarının qarşısını almaq məqsədilə haqq-ədalət savaşına bütün xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək həmrəylik nümayiş etdirdi.

Vətən müharibəsi başlanan ilk gündən Pirallahı rayon sakinləri də könüllü olaraq cəbhəyə yollanmaq məqsədilə Prezidentə çoxsaylı müraciətlər etdilər. Cəmi 20 min əhalisi olan rayondan yüzlərlə gənc könüllü olaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etdilər. Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə 2 rayon sakini şəhidlik zirvəsinə ucaldı, 5 nəfər rayon sakini yaralandı. Hər iki şəhid ailəsi və qazilərin ailələrinin sosial problemləri rayon rəhbərliyi tərəfindən aradan qaldırılır. Mütəmadi olaraq rayon İcra hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkərək diqqət və qayğı göstərirlər.

Müharibələr bitsə də onların ağrı-acılı nişanələri on illər, yüz illər özünü göstərir. Dağıdılan, məhv edilən tarixi abidələr, mədəniyyət nümunələrimizi bərpa etmək çox çətin olacaq. Yaşı 200, bəzən 300 ilə yaxın kəsilən nadir növ ağacların özü bir tarix idi. İtirdiklərimiz bizim üçün önəmli olanlar idi. Amma bundan sonra qazana biləcəklərimiz daha vacibdir. Azad olunan torpaqlarda abadlıq-quruculuq layihələrinə start verilib. Əslində Ulu Tanrı Qarabağımıza elə bir gözəllik bəxş edib ki, onu insan əli ilə məhv etmək mümkün deyil. 30 ilə yaxın bir müddətdə ermənilər ən ağır texnikalarla işğal etdikləri torpaqlarda dağıntılar törətdilər. Amma həmin torpaqlar, diyar və məmləkət öz gözəlliyini itirmədi.

Ölkədə ekoloji durumun yaxşılaşdırılması məqsədilə ağacəkmə kampaniyalarının həyata keçirilməsi ənənəvi hal almışdır. Yarandığl 8 il ərzində rayonumuzda yüz minlərlə ağac və gül kolları əkilmiş və bu aksiyalar davamlı olaraq bu gün də davam etdirilir. Pandemiya dövrünə baxmayaraq son aylarda da bu aksiyalar çərçivəsində rayon mərkəzi olan Pirallahı qəsəbəsində 1000-dən artıq şam, küknar və digər dekorativ ağac növləri əlkilmişdir. Azad edilmiş torpaqların “Yaşıl enerji” zonasınma çevrilməsi barədə Prezident İlham Əliyevin göstərişi bu layihələrin ölkənin bütün ərazilərini əhatə etməsini göstərir.

Bəli... Xalqımız, Azərbaycan əsgəri Ali Baş Komandan ilham Əliyevin başçılığı altında Tarix yazdı. Xocalının işğalı Əsrin Faciəsi idisə, Şuşanın azad edilməsi Əsrin Qələbəsi kimi tarixə düşdü.

Torpağı, müstəqilliyi, azadlığı uğrunda mübarizə aparan xalqı müharibə ilə, silah ilə, zəlzələ ilə, tufan, şaxta ilə qorxutmaq olmaz, bu cür xalq üçün dünyanın sonu yalnız inam sona çatanda olur. Bizim xalq isə həmişə Azərbaycan Prezidenti cənab İlham Əliyevə inanıb. Həmrəyliyimiz sübut etdi ki, İlham Əliyev xalqın seçimidir, amma düşmən ölkənin başçısı sadəcə kiçik, cinayətkar bir kütlənin məhsuludur.

Vətən müharibəsi həm də Azərbaycan və Ermənistan arasında olan fərqi dünya ictimaiyyətinə çatdırdı. 44 gün ərzində təkcə döyüş meydanında deyil, diplomatik müharibədə də Azərbaycan Prezidenti İlham Əliyev dünya mediyasına həqiqətlərin çatdırılması istiqamətində böyük uğurlara imza atdı. Ermənistanın təkcə ordusu deyil, ümumilikdə uzun əsrlər boyu yalanlar üstündə qurulan beynəlxalq aləmdə formalaşdırdığı imici darmadağın oldu. Bu gün Ermənistan daxilindəki siyasi böhran, aclıq, kütlələr arasındakı qarşıdurmalar son illərdə bu ölkədə düzgün siyasətin aparılmadığının nəticəsidir.

Vətən müharibəsindəki Zəfər Qələbəmiz, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqını və dövlətini qarşıda duran digər vəzifələri yerinə yetirmək üçün geniş imkanlar yaratdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında azad edilmiş torpaqlarda artıq icrasına start verilən sosial layihələr, abadlıq-quruculuq işləri nəticəsində işğaldan azad edilmiş torpaqlarımız cənnət-məkana çevriləcək.

İlqam Əskərov,

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə