Marneulidə yaşayan və əslən Xocalıdan olan ailələrin üzvləri ilə görüş olub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev fevralın 26-da Marneulidə yaşayan əslən Xocalıdan olan ailələrin üzvləri ilə görüşüb. SİA xəbər verir ki, görüşdə səfir Faiq Quliyev ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdiyi terror və soyqırımı aktları, eləcə də digər qanlı cinayətləri barədə ətraflı məlumat verib, Gürcüstanda yaşayan soydaşlarımızın da bu ağrı-acını yaşadıqlarını bildirib. Marneulidən olan gənclərin də tədbirdə iştirakından razılığını vurğulayan səfir bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə fəal olub, 15 şəhid veriblər. Xocalı faciəsinin şahidləri və onların yaxınları ilə keçirilən görüşün əsas məqsədi həm onların dərinə şərik olmaq, həm də onları gənc nəslin nümayəndələri ilə tanış etməkdir. "Erməni vəhşiliyinin canlı şahidlərini hamı görməli və tanımalıdır" – deyə, Faiq Quliyev vurğulayıb. Diplomat Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunduğunu, bununla da şəhidlərimizin də ruhunun rahatlıq tapdığını diqqətə çatdırıb. Bildirib ki, Xocalıdan olan məcburi köçkünlərin də öz yurd-yuvalarına qayıdacağı gün uzaqda deyil. Görüşdə Xocalı faciəsinin şahidi Zərifə Bayramova acı xatirələrini bölüşüb, erməni cəlladlarının Xocalı sakinlərinə və əsirlərə qarşı törətdikləri insanlığa sığmayan əməllərindən söz açıb. Z.Bayramova amansız vəhşilikləri sözlə ifadə etməkdə çətinlik çəkdiyini qeyd edib. Bildirilib ki, Xocalı faciəsi zaman yaxınlarını itirən insanlardan biri də Kətan Ələkbərova olub. Xocalıda anadan olan Kətan Ələkbərova Qarabağda məşhur Usubovlar və Həsənovlar sülaləsindən olub. Son illər ağlamaqdan gözlərinin nurunu itirən Kətan nənə bir il əvvəl 92 yaşında Xocalı həsrəti ilə dünyasını dəyişib. Amma onun da ruhu bu gün şaddır. Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması və şəhidlərimizin qanının yerdə qalmaması idi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz Kətan nənənin arzusunu gerçəkləşdirdi. Kətan nənənin kürəkəni Haqnet Çıldırlı da Xocalı faciəsi ilə bağlı acı xatirələrini bölüşüb. O, həmin gün Ağdamda olub. H.Çıldırlı deyib: "Fevralın 25-də axşam Ağdama çatdım. Gecə olduğundan qohumlarımın evində qaldım. Səhər tezdən Xocalıya gedib, qohumlarıma baş çəkəcəkdim. Lakin fevralın 26-sı səhərə yaxın saat 4 olardı, səs-küy qalxdı. Dedilər ermənilər Xocalıya hücum ediblər. Əli silah tutanlar maşınlara oturub Xocalı istiqamətində yola düşdülər. Mən də onlarla idim. Yolda meşənin qırağında dəhşətli bir mənzərə ilə qarşılaşdıq. Ayaqyalın, başıaçıq, yarıçılpaq, yaralı, əl-ayaqlarını don vurmuş insanlar meşədən çıxıb bizə tərəf gəlirdi, bəziləri sürünürdülər. O, yük maşınları ilə Ağdama gətirilən çoxsaylı yaralıların xəstəxanalara çatdırılmasına kömək etdiyini bildirib. Xocalılıların sözlərinə görə, Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə Xocalı qurbanlarının qısasını alıb və onların ruhu rahatlıq tapıb. Onlar Azərbaycanın işğaldan azad olunan torpaqlara getməyi arzuladıqlarını bildiriblər. F.Quliyev Gürcüstanda yaşayan xocalılıların acı xatirələrinin toplanılması və dərc olunmasının nəzərdə tutulduğunu deyib. O, görüşdə iştirak edən gəncləri Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha fəal olmağa çağırıb. Qeyd edək ki, bu gün həm də Xocalıdan olan 5 ailəyə ərzaq yardımı göstərilib. Görüşdə Marneuli merinin müavini Kənan Ömərov, merin köməkçisi Adil Əliyev, Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin üzvləri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...