Prezident İlham Əliyev: "Çayımızı da düşmən istismar etmişdir, təbiətimizi də istismar etmişdir. Biz buna son qoyduq, düşməni rədd etdik"
Bəli, torpaqlarımız əsl sahibinə qovuşub. Azərbaycan 28 ildən sonra Qarabağı işğaldan azad etdi, Qarabağa qayıtdı, Qarabağa sahibləndi. Bir daha Qarabağın onun olduğunu və bir daha bundan sonra kimsənin ona yiyələnə bilməyəcəyini göstərdi. Prezidentimizin «Qarabağ Azərbaycandır və nida» ifadəsi, eləcə də 44 günlük Vətən müharibəsində onun rəhbərliyi ilə Azərbaycan xalqının və Azərbaycan Ordusunun Qələbəsi bütün dünyaya göstərdi ki, biz bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bu, dövlətimizin, xalqımızın, ordumuzun, milli birliyimizin Qələbəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına növbəti səfərlər də bunu bir daha təsdiqlədi və bundan sonra da bu səfərlər davam edəcək. Ölkə Prezidenti hər dəfə işğaldan azad olunan torpaqlara səfərləri ilə göstərir ki, münaqişə artıq arxada qalıb, nə Ermənistan, nə başqası revanş xəyalına düşməsin, əks halda Dəmir yumruq həmişə hazırdır: «İkincisi, 28 illlik işğal dönəmində ermənilər Qarabağda daşı-daş üstünə qoymayıb, əksinə abad kənd və şəhərlərimizi xarabazara çevirib, talan edib. Çünki işğalın müvəqqəti olduğunu və bu ərazilərin əsl sahiblərinin qayıdacağını bilirdilər. Azərbaycan xalqı Ali Baş Komandanın qətiyyəti, ordusunun gücü hesabına artıq tarixi ədaləti bərpa edib. Təsəvvür edin, işğala son qoyulmasından cəmi 3 ay keçir, lakin, artıq ərazidə su elektrik stansiyası istifadəyə verilib, elektrik enerjisinin ötürülməsi üçün infrastruktur qurulub, yollar salınıb, ağıllı kəndlərin salınmasına başlanıb, 7 min hektar ərazidə payızlıq əkin aparılıb, 2021-ci ildə əkin sahələri daha 3,5 dəfə artırılacaq. Qısacası artıq əzəli və əbədi yurdumuz olan Qarabağda inkişaf və tərəqqi zamanıdır".
"Bu, erməni vandalizminin növbəti əlamətidir"
Ermənistanın işğal olunmuş ərazilərdə törətdiyi ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir. Silahlı təcavüzün başlanmasından keçən müddət ərzində işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri də talan edilmiş, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilmiş, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulmuşdur.
Prezident İlham Əliyev səfər zamanı Laçın rayonun ərazisindən keçərkən erməni vandalizmi nəticəsində ciddi zərbə vurulduğunu deyib: "Bura artıq Laçın rayonunun ərazisidir. Bu, Həkəri çayıdır. Görün, nə gözəl çaydır? Çayımızı da düşmən istismar etmişdir, təbiətimizi də istismar etmişdir. Biz buna son qoyduq, düşməni rədd etdik".
Sonra dövlətimizin başçısı, birinci xanım və qızları Leyla xanım Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gəliblər. Dövlət başçısı bildirib ki, erməni qəsbkarlar işğal altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Mənfur düşmən qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.
"Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına start verildi"
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bəsitçay qoruğunda çinar ağacları əkiblər. Həmçinin, Bəsitçaya balıq buraxıblar. Prezident İlham Əliyev deyib: "Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına start verildi. Biz bu qoruğu bərpa edəcəyik. Əlbəttə ki, burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu yerinə yetirdik. Eyni zamanda, Bəsitçaya balıqlar da buraxdıq. Bəsitçay da çox gözəl çaydır. Ümumiyyətlə, bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir".
Prezident İlham Əliyev tapşırıq verib: "Tapşırıq verilib tədbirlər görülsün ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilsin. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar. Evləri də, təbiəti də bərpa edəcəyik. Eyni zamanda, göstəriş vermişdim ki, vaxt itirmədən payızlıq əkin də aparılsın".
"Biz vaxt itirmədən kənd təsərrüfatını dirçəldəcəyik"
Dövlət başçısı bildirdi ki, vaxt itirmədən bütün imkanlardan istifadə etməklə kənd təsərrüfatını dirçəltməliyk: "Biz qısa müddət ərzində bütün imkanlarımızı, texnikanı, işçi qüvvəsini səfərbər etmişik və 7 min hektarda əkin işləri aparılmışdır. O əkin sahələrinə də baxacağam. Builki mövsümdə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. Yəni, biz vaxt itirmədən kənd təsərrüfatını dirçəldəcəyik. Əlbəttə ki, azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. İşğalçılar bizim torpağımızdan da istifadə edib qanunsuz gəlirlər əldə etmişdilər. İşğal dövründə ən azı 90 min hektarda taxıl əkilmişdi. Buna da son qoyuldu. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək".
Həmçinin, Cəbrayıl rayonunun Soltanlı kəndinin ərazisinə gələn Prezident İlham Əliyevə işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər barədə məlumat verildi. Bildirildi ki, hazırda əkin sahələrinin monitorinqi davam etdirilir.
Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.
Doğrudan da işğaldan azad olunan rayon və kəndlərimizdə abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox ağrılıdır! Ancaq bütün bu çətinliklərə baxmayaraq, xalqımız inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında rayon və kəndlərimizə yeni nəfəs gələcək, yenidən abadlaşdırılacaq, mədəni, tarixi abidələrimiz bərpa olunacaq, qaçqın və köçkün insanlarımız öz yurd-yuvalarına dönəcəklər. Dövlət başçımızın dediyi kimi: "Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik". Çünki Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB