İşğaldan azad olunmuş ərazilərdə inkişafın yeni nümunəsi - ANALİZ
Prezident İlham Əliyev: "Qarabağda cənnət yaradacağıq"
Ötən il Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq dövlətimiz bu istiqamətdə genişmiqyaslı işlər görür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir.
"Azərbaycan Qarabağ torpaqlarına yenidən həyat qaytaracaq"
Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın, Leyla xanım Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etməsi, bir sıra layihələrin təməlinin qoyulması, açılışının edilməsi dövlətimizin başçısının "Qarabağda cənnət yaradacağıq" vədinin ilkin akkordlarıdır. Qələbəmihdən 100 gün keçməsinə baxmayaraq qısa müddət ərzində böyük işlərin görüldüyü göz önündədir: Füzuli-Şuşa yolunun, Füzuli rayonunda hava limanının təməllərinin qoyulmasından sonra Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin də təməlini qoyulması, Güləbird Su Elektrik Stansiyasının açılışının baş tutması, həmçinin, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində "ağıllı kənd" layihəsinin icra olunması ilə bütövlükdə azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi, bir sözlə işğaldan azad edilən torpaqlarda bütün infrastrukturun, ümumilikdə rayon və şəhərlərimizin modern əsaslarda yenidən qurulması yaxın gələcəkdə Qarabağın cənnətə çevriləcəyindən xəbər verir. Ölkə başçısının da dediyi kimi, Azərbaycan Qarabağ torpaqlarına yenidən həyat qaytaracaq
Ümumiyyətlə, Prezident İlham Əliyev cənabları çıxışlarında azad olunmuş ərazilərin «yaşıl enerji» zonasına çevriləcəyini dəfələrlə bildirib. Hətta bu istiqamətdə İtaliya təcrübəsindən yararlanacağımız da bəllidir. Bir sıra İtaliya şirkətləri artıq bərpa işlərində aktiv iştirak üçün əməkdaşlığa başlayıblar. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada "ağıllı şəhər" və «ağıllı kənd» konsepsiyalarının reallaşdırılması əsas prioritetlər sırasındadır. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Strateji əhəmiyyətli Horadiz-Ağbənd dəmir yolu
Müharibədən sonra nəqliyyat yollarının yenidən qurulması prioritet məsələdir. Bu mənada azad olunan ərazilərdə avtomobil yolları ilə paralel olaraq dəmir yolu infrastrukturunun bərpası və ya yenidən qurulması vacib idi. Məhz Prezident İlham Əliyevin fevralın 14-də Füzulidə Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması bu istiqamətdə atılmış önəmli addımlardan biri oldu. Ümumi uzunluğu 100 kilometr olan dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu yaxın gələcəkdə Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişini və yüklərin daşınmasını xeyli asanlaşdıracaq. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə uzun fasilədən sonra ölkəmizi onun ayrılmaz hissəsi olan Naxçıvanla dəmir yolu ilə bağlayacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz təmin olunacaq. Dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq ki, bununla da Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Sözügedən nəqliyyat dəhlizi yalnız Azərbaycanı Naxçıvanla, Türkiyə ilə birləşdirməyəcək, eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti də açıla bilər. Bu xətt isə yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı da qurulacaq. Bundan başqa İran ilə Ermənistan və Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı reallaşacaq. Yəni, region ölkələri bundan ancaq xeyir görəcəklər. Təbii ki, bütün bunlar ölkəmizin geosiyasi əhəmiyyətini, iqtisadi gücünü artıran amillərdir. Proqnozlaşdırıldığı kimi, Azərbaycan etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün geniş zəmin yaranacaq.
Qarabağın təbiəti yenidən canlanır
Prezidentin Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baş çəkməsi də səfərin diqqət çəkən məqamlarından oldu. Azərbaycanın digər işğal altında saxlanılmış əraziləri kimi Bəsitçay qoruğunda da ekoloji terror törədilib. Təəssüf doğuran məqam odur ki, erməni vandalları qoruğun meşəlik ərazisinin yarısını məhv ediblər, ağacların kökünü, oduncağını yandırıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub. Əraziyə gələn Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bəsitçay qoruğunda çinar ağacları əkiblər və Bəsitçaya balıq buraxıblar.
Xatırladaq ki, Bəsitçay qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu və bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra isə düşmən çinarların böyük hissəsini kəsib.
"Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına start verildi. Biz bu qoruğu bərpa edəcəyik",-deyən dövlət başçısı onu da söyləyib ki, əlbəttə ki, burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi: "Ancaq hər halda öz borcumuzu yerinə yetirdik. Eyni zamanda, Bəsitçaya balıqlar da buraxdıq. Bəsitçay da çox gözəl çaydır. Ümumiyyətlə, bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir", - deyə ölkə başçısı bildirib.
"Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək"
Prezident İlham Əliyev bölgəyə səfəri çərçivəsində Cəbrayılın Soltanlı kəndinə yola düşərək işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlə də maraqlanıb. Prezident tapşırıq verib ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə suyun verilməsi təmin edilsin. Nəticədə 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar.
Qeyd edilib ki, qısa müddət ərzində bütün imkanlar səfərbər edilərək 7 min hektar torpaqda əkin işləri aparılıb. Builki mövsümdə isə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq: «Azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. İşğalçılar bizim torpağımızdan da istifadə edib qanunsuz gəlirlər əldə etmişdilər. İşğal dövründə ən azı 90 min hektarda taxıl əkilmişdi. Buna da son qoyuldu. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək".
Göründüyü kimi, Qarabağ bölgəsi Azərbaycanın iqtisadiyyatına böyük töhfələr verəcək. Bütün çətinliklərə, beynəlxalq ədalətsizliyə mətinliklə sinə gərən Azərbaycan dövləti inamla torpaqlarını azad etdiyi kimi, həm də erməni vandallığının qurbanı olan bütün şəhər və kəndlərini yenidən quracaq və dirçəldəcək. İşğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək, bu torpaqlarda həyat qaynayacaq, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB