Sutka ərzində koronavirusa 25 387 yeni yoluxma Fransada 2 499 720 nəfər peyvənd olunub
Peyvənd kampaniyası başlayandan bəri Fransa əhalisinin 3,1 %-i ilk peyvənd inyeksiyasını alıb. SİA Fransaya məxsus lefigaro.fr saytının yayımladığı məlumata istinadən xəbər verir ki, ölkənin səhiyyə sisteminin rəhbərliyi bu barədə çərşənbə günü bildirib.
Çərşənbə günü açıqlanan məlumatlara görə, Fransada 24 saat ərzində 25 387 yeni yoluxma hadisəsi qeydə alınıb. Bildirilir ki, bir gün əvvəl bu göstərici 18 870 idi və son sutkada əhəmiyyətli artım var. Xatırladılır ki, pandemiyanın başlanğıcından bu günə qədər Fransada 3 855 622 koronavirusa yoluxma hadisəsi baş verib. Nəzərə çatdırılır ki, dünəndən bəri xəstəxanada bu xəstəlik səbəbilə 297 nəfər ölüb, nəticədə, bu vaxta qədər koronavirusdan ölənlərin sayı 80 443 nəfərə çatıb.
Qeyd edilir ki, ümumilikdə, reanimasiyada 3 319 olmaqla 27 461 nəfər xəstəxanaya yerləşdirilib. Testin pozitivlik dərəcəsi 6.3 % səviyyəsində sabit qalır.
Peyvənd olunma kampaniyası başlayandan bəri, Fransada 2 056 572 ilk peyvənd inyeksiyası və 443 148 ikinci inyeksiya vurulub. Bu barədə çərşənbə günü yerli mətbuatda məlumat yayılıb. Beləliklə, Fransada 24 saat ərzində isə 146 370 nəfər peyvənd edilib, 69.955 nəfər ilk iynəni, 76.415 nəfər ikinci iynəni alıb.
Xatırladaq ki, əksər ölkələrdə koronavirus əleyhinə peyvəndlərin vurulması kompaniyasına start verilib və vətəndaşlar bu kompaniya çərçivəsində peyvənd olunurlar. Onu da qeyd edək ki, Azərbaycanda da peyvənd olunma kampaniyası başlayıb və vətəndaşların peyvənd olunması aktual məsələ hesab olunur. Belə ki, məlum virusun törədə biləcəyi xəstəlikdən qorunmaq üçün ölkəmizdə peyvənd olunmaya maraq anlaşılandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB