“Söz yağışı”na öyrəncəli xəstə cəmiyyət TƏHLİL

“Söz yağışı”na öyrəncəli xəstə cəmiyyət TƏHLİL

Ermənistan hakimiyyətinin özünün erkən parlament seçkilərinin keçirilməsi fikrindən vaz keçməsi heç şübhəsiz ki, düşündürücüdür. Əbəs yerə deyil ki, bu məqam təkcə erməni cəmiyyətində deyil, qonşu Rusiyada da maraq doğurub və hətta müzakirə mövzusuna çevrilib. Görünür, erkən parlament seçkilərinin keçirilməsi məsələsi də elə boş sözdən başqa bir şey deyilmiş.
Rusiyaya məxsus media orqanı olan “kommersant”-a İrəvandakı həmsöhbətləri bildiriblər ki, belə bir qərar, yəni, erkən parlament seçkilərinin keçirilməsi fikrindən vaz keçməsi qərarı ölkədəki siyasi böhranı yalnız şiddətləndirə və küçə qarşıdurmasına gətirib çıxarar. Təbii ki, bu yanaşma səbəbsiz deyil. Amma hakim “Mənim addımım” bloku izahat verir ki, bu təklif nə müxalifətdən, nə də əhalidən “müsbət cavab görməyib” və guya erkən parlament seçkilərinin keçirilməsi fikrindən vaz keçilməsi də buna görədir.
Ermənistan hakimiyyəti gözlənilmədən açıqladı ki, yaxın vaxtlara qədər ölkənin keçən ilin payızında Dağlıq Qarabağdakı müharibədə məğlubiyyətindən sonra yaranan siyasi böhrandan çıxış yolu olaraq görülən erkən parlament seçkiləri keçirməyəcəklər. 7 Fevralda hakim “Mənim addımım” blokunun fraksiya lideri baş nazir Nikol Paşinyanın iştirakı ilə bir toplantı keçirildi və iclasdan sonra “baş nazirin erkən parlament seçkiləri təklifi müsbət qarşılanmadı parlament tərəfindən. Ölkə müxalifətinin, habelə əhalinin dəstəyini görən olmadı.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan hakimiyyəti parlamenti buraxaraq erkən parlament seçkilərinə getməyi planlaşdırırdı guya. Bu ehtimal ölkə konstitusiyasında da nəzərdə tutulmayıb. Yəni qanunvericilikdə də məsələ sual işarəsi altındadır. Lakin nəzərə alsaq ki, Ermənistan hakimiyyəti istəyəndə qanuna da öz xeyri naminə dəyişiklik edir, deməli, hakim blokun parlamentdə səsvermə yolu ilə qanunvericiliyə xüsusi bir dəyişiklik edəcəyi şübhə doğurmurdu.
Hazırkı erməni dövlətinə dövlət deməyə belə adamın dili dönmür. Bu hökumət, balığın, quşun, bir də əqrəbin bir arabanı üç istiqamətə dartan fotoşəklini xatırladır. Eyni ilə, indi xaosun hökm sürdüyü Ermənistanı Paşinyan bir tərəfə, Koçaryan o biri tərəfə, müxalifət nümayəndəsi Manukyan da digər tərəfə dartır. Belə bir vəziyyətdə nələrin olacağını, hansısa hədəflərə nail olunacağını söyləmək qətiyyən mümkün deyil və kimliyindən asılı olmayaraq hansısa lider bunu iddia edirsə, deməli, kütləni aldadır. Bir növ daxili auditoriyanı, kütləni “söz yağışı”-na tutublar və sanki, həmin kütlə də buna həm öyrəncəlidir, həm də ehtiyac duyur. Yaxud belə bir xaotik müstəvidə hansısa lider ortalığa düşübsə, deməli, bir növ yarışa girib. Mövcud hökumətin potensial yarışdakı əsas rəqibləri də məlumdur. Bu rəqiblər, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, eləcə də müxalifət namizədi Manukyandır.
Keçən həftə Koçaryan Moskvaya yollandı, hansı ki, erməni siyasətçilər bu səfəri də seçki kampaniyası ilə əlaqələndirdilər. Ermənistan müxalifəti liderlərinin son iclası da eyni məzmunda oldu və onlar da həmin fikirdə idilər. Məsələn, eks-prezident Serj Sarkisyan, baş nazirliyə müxalifətdən olan vahid namizəd Vazgen Manukyan, Rodina partiyasının lideri Artur Vanesyan, Çiçəklənən Ermənistan partiyası lideri Qaqik Sarukyan və "Daşnaksütyun" Erməni İnqilab Federasiyası rəhbərliyinin nümayəndəsi İşxan Sagatelyan da bu fikirdə olublar. Hətta, vəzyyətin qiymətləndirilməsini də Koçaryanın Rusiya paytaxtından geri dönməsindən sonraya saxlayıblarsa, deməli, onların hamısı eyni şübhələr içərisində olublar ki, Ermənistanın ikinci prezidentinin Rusiya səfəri yalnız seçki kompaniyası ilə əlaqədar ola bilər. Mübahisə etmək niyyətində deyilik, ola bilsin məsələnin kökündə hansısa məqamlar ola bilər və erməninin öz içindəki məkri hamıdan yaxşı özünün tanıdığına şübhə ola bilməz. Amma bu, müzakirə mövzusu deyil, müzakirə mövzusunun yalnız bir detalıdır.
Məsələ burasındadır ki, Ermənistan hakimiyyət orqanlarının erkən parlament seçkilərindən imtina etməsi dərhal bir çox tənqidlərə, müzakirələrə səbəb oldu və Robert Koçaryan da buna hətta rəhbərlik elədi. Keçmiş prezident tərəfindən dəstəklənən "Vətənin xilası naminə " müxalifət hərəkatı artıq hakimiyyətin "xalqın qəzəbinin ağırlığını hiss edəcəyini" bildirib və İrəvanın mərkəzində 20 Fevral mitinqi təyin edib. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan “Kommersant”-a bildirib ki, siyasi böhranın həlli üçün hakimiyyətin erkən seçki keçirməkdən imtina etməsi küçə etirazını gücləndirə bilər.
"Ölkədə heç bir iş qabiliyyəti olmayan bir hökumət və bir siyasi böhran var. Bu cür böhranlar ya seçki yolu ilə, ya da başqa yollarla - küçə etirazı, inqilab yolu ilə həll olunur. Siyasi tarixdə buna uyğun bir çox nümunələr var", deyib Soqomonyan öz müsahibəsində, amma, bununla yanaşı, Robert Koçaryan və komandasının indi hansı strategiyaya əl atacağı “Kommersant”-a açıqlanmayıb.
Politoloq Hrant Mikaelyan da öz növbəsində, yalnız kütləvi etiraz aksiyalarının seçki fikrini gündəmə qaytara biləcəyini söyləyib. “Hakimiyyət orqanlarının özlərində belə bir motivasiya yoxdur", deyən ekspert "Kommersant"-a erkən seçkilər keçirilərsə, nə ilə nəticələnəcəyi barədə proqnozlar verib.
"Əgər erkən seçkilər keçirilsə, "Mənim addımım" fraksiyası artıq iki dəfə azalmalı olacaq. Hakim blokun deputatlarının yarısından çoxu erkən seçkilər keçirilərsə, parlament xaricində qalar. Belə olan halda, bunu etməyə razılıq verərlərmi?", deyə ekspert Mikaelyan sual edərək məsələnin mahiyyətinə diqqəti cəlb edib.
Müxalifətin güclü küçə etirazları təşkil etməsinə və beləliklə də, Nikol Paşinyanı iqtidarı tərk etməyə məcbur edəcəyinə politoloq Mikaelyan inanmır.
“Müxalifətdə vahid yanaşma yoxdur, müxalifət parçalanmışdır. Əgər o, kifayət qədər güclü bir etiraz təşkil edə bilməsə, Paşinyan və komandası növbəti seçkilərə qədər, yəni, 2023-cü ilin sonuna qədər ölkənin siyasi rəhbərliyində qalacaq”, deyə Hrant Mikaelyan bildirib.
Ola bilsin ki, Nikol Paşinyan adlı bir sərsəm, küçədən gələn bir “köhnə dərviş” nə qədərsə müddətə hakimiyyətini uzatmağa çalışa və buna nail ola bilər, amma bu, bütövlükdə ermənilərə, Ermənistan dövlətinə nə isə qazandıracaq demək deyil axı. Əksinə, hələ də bu ölkə yanlış istiqamətdədir və kütlə kor kimi hansının, kimin ardınca düşəcəyini müəyyən edə bilmir. Bircə dənə siyasət adamı çıxıb ortalığa sağlam bir strategiya irəli sürmür, demir ki, hər hansı ölkənin mövcudluğu, müstəqilliyi iqtisadi gücündən, imkanlarından, ən azından potensialından asılıdır. Birinin belə sanki ağlına gəlmir ki, işğalçılıq siyasətindən əl çəkməsələr, normal qonşuluq əlaqələri qurmasalar, qlobal layihələrə, iqtisadi əlaqələrə, ticarət əlaqələrinə üstünlük verməsələr, sabitlik yaradılmasa, bu ölkənin ən yaxın zamanda məhvi qaçılmazdır.
Bütün bunlar ondan xəbər verir ki, hazırda Ermənistanda heç kim mövcud vəziyyətdən baş çıxara bilmir və xaos elə bir şəkildə ölkəni bürüyüb ki, bu dövlətin hansısa bir yol tapacağına inanan belə yoxdur. İşğalçı ölkədə çoxdandır siyasətçilər ancaq söz güləşdirirlər və real iş barəsində düşünən tapılmır. İstər Koçaryan, istər Sarkisyan, istər Paşinyan olsun, istərsə də hələ bu aralarda ortaya atılan Vazgen Manukyan belə ancaq sözdə vədlər verir erməni xalqına. Bir növ, bu xəstə təxəyyüllü cəmiyyət “söz yağışı”na öyrəncəli olub və hap-gopdan başqa bir işin qulpundan yapışmağı tamamilə yaddan belə çıxarıb. Bir nəfər siyasətçi ortaya atılıb bu rəzil ölkənin xilas yolunu, sağlam yaşam tərzini ortaya qoya bilmir. Hələ də ölkə yanlış yoldadır və hələ də “Revanşizm” deyə xam xəyallara düşən avantüristlər ortalıqda su bulandırmağa cəhd edir. Bu isə Ermənistan dövlətinə, bütövlükdə ermənilərə yaxşı heç nə vəd etmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə