"“Qarabağ Dirçəliş Fondu”nun yaradılması... " DEPUTAT İZAH ETDİ

"“Qarabağ Dirçəliş Fondu”nun yaradılması... " DEPUTAT İZAH ETDİ
"Quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusu və şərəf borcudur. Çünki bu dəstək həm də bizim hər birimizin qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfəsi olacaq. Məhz elə bütün bu vacib məqamları nəzərə alaraq Ölkə Prezidenti cənab İlham Əliyev 2021-ci il yanvar ayının 4-də "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb". Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib. Deputatın sözlərinə görə, yeni yaradılan bu Fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və xaricdə zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir: "Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Birmənalı olaraq qeyd edilməlidir ki, "Qarabağ Dirçəliş Fondu"nun yaradılması Azərbaycan xalqının Qarabağa möhtəşəm qayıdışı istiqamətində dövlətimiz tərəfindən atılan ən əhəmiyyətli addımlardan biridir. Qarşıda bizi irimiqyaslı quruculuq-bərpa işləri gözləyir və bu işlərdə də öz payı olduğunu görmək hər kəsin arzusudur".
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə