Türkiyə və Azərbaycanın regional və hərbi gücü: mövqelər möhkəmlənir ANALİTİK

Türkiyə və Azərbaycanın regional və hərbi gücü: mövqelər möhkəmlənir ANALİTİK

Mixail Xodaryonok: “Türkiyə-Azərbaycan təlimləri, əslində, hər iki ölkənin silahlı qüvvələrinin birgə döyüş və əməliyyat hazırlığının bir elementidir”

Məlum olduğu kimi, fevralın 1-dən başlayaraq Türkiyənin Qars vilayətində Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin birgə şəkildə keçirdikləri qış təlimlərinə start verilib və təlimlər fevral ayının 12-dək davam edəcək. Hərbi təlimlərlə bağlı dünyanın bir sıra hərbi şərhçiləri maraqlı fikirlər irəli sürür, iki ölkənin hərbi əməkdaşlığının regionda yeni güc formalaşdırdığını qeyd edirlər. Xüsusilə, Rusiyanın hərbi ekspertləri maraqlı nəticələr çıxarmaqla Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının həm də mühüm strateji əhəmiyyət kəsb etdiyini bildirirlər.

SİA xəbər verir ki, “Qazeta.ru”nun (Газетa.Ru) şərhçisi, hərbi və siyasi ekspert Mixail Xodaryonok regiondakı hərbi-strateji vəziyyətin mümkün dəyişilməsi barədə bir sıra məqamlara toxunub.

“Əliyevin problemlərin həlli üçün təsirli bir vasitə - müasir bir ordu yaratdığını da unutmamalıyıq”

Beləliklə, rusiyalı hərbi ekspert yazır ki, sözügedən təlimlərə motopiyada və tank hissələri, eləcə də birləşmələri, artilleriya, hərbi-hava qüvvələri, xüsusi təyinatlı qüvvələr, desant briqadaları cəlb ediliblər. Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, burada əsas hədəf kimi birgə əməliyyatlar zamanı koordinasiyalı hərəkətlərin təlimi, həmçinin yeni silahların, nəqliyyatların sınaqlardan keçirilməsi nəzərə alınıb. Həmçinin, şərti düşmən obyektlərinə aviazərbələrin endirilməsi, desant, arxa cəbhənin texniki təchizatı məsələləri də təlimlərin planına daxil edilib. Rusiyalı hərbi ekspert şübhə etmir ki, Qarsdakı hərbi təlimlərdə Türkiyə və Azərbaycan SQ-nin qərargah komandirlərinin bilik və bacarıqları təkmilləşdiriləcək, onların hərbi əməliyyatlara hazırlıqları, ordunu idarə etmə qabiliyyətlərinin artırılması üzərində işlər aparılacaq. Xüsusi diqqət bölmələrin və hərbi hissələrin çətin şəraitlərdəki fəaliyyətlərinə ayrılacaq, koalisiya güclərinin səhra şəraitində idarəolunması üzrə işlər aparılacaq.

“Bu baxımdan, başlayan Türkiyə-Azərbaycan təlimləri, əslində, hər iki ölkənin silahlı qüvvələrinin birgə döyüş və əməliyyat hazırlığının bir elementidir”, deyən Xodaryonok həmçinin sual edib ki, gərgin bölgədəki təlimlər hərbi-siyasi vəziyyət yaxın gələcəkdə necə inkişaf edəcək? O, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana müraciəti zamanı “status” barədə fikirlərini və eyni zamanda, bu məsələnin dövlət başçımız tərəfindən cəhənnəmə göndərildiyini də xatırladıb. SİTAT: “Bundan əlavə, Əliyevin problemlərin həlli üçün təsirli bir vasitə - müasir bir ordu yaratdığını da unutmamalıyıq. Yaxın gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi gücü yalnız artacaqdır. Buna həm ölkənin öz iqtisadi kompleksinin imkanları, həm də Türkiyə ilə hərbi-siyasi ittifaq kömək edəcək. Bakının mövqelərinin möhkəmlənməsi proseslərinə Azərbaycanın son dərəcə sərfəli coğrafi mövqeyi böyük ölçüdə kömək edəcəkdir”.

Xodaryonok amerikalı politoloq Zbiqnev Bjezinskinin fikirlərini də xatırladıb və bildirib ki, Türkiyənin Azərbaycan dəstəyi bu ölkənin iqtisadi cəhətdən nəhəng bir gücə çevrilməsinə kifayət qədər münbit şərait yaratmaqdadır.

“Ermənistanın yenidən ordu yaratmaq imkanları get-gedə azalır”

Ermənistanın da mövcud vəziyyətinə toxunan rus hərbi ekspeti hesab edir ki, bu ölkə hazırda geosiyasi siçan tələsindədir: “Dövlətin praktiki olaraq xarici dünya və qonşu ölkələrlə heç bir əlaqə vasitəsi yoxdur - həm dəniz, həm də quru (əsasən, dəmir yolları) və hava. Ermənistan əhalisinin davamlı və sürətli azalma prosesi gedir. Ölkə iqtisadiyyatı da təsirli artım templəri nümayiş etdirmir”.

Xodaryonok İrəvanın silahlı qüvvələrinin potensialının da get-gedə yoxolma səviyyəsinə doğru getdiyini yazıb və qeyd edib ki, ölkənin yenidən ordu yaratmaq imkanları get-gedə daha da azalır. Hərbi ekspert bunu belə izah edib: “Birincisi, kifayət qədər miqdarda müasir silahlar, hərbi və xüsusi texnika almaq şansı yoxdur. Bunun üçün respublikanın büdcəsində vəsait də yoxdur.

İkincisi, İrəvanın KTMT-dəki müttəfiqi olan Rusiya, Ermənistana kreditlə yetərincə silah verə bilməz və daha da çoxunu pulsuz şəkildə təmin edə bilməz. Digər mümkün silah tədarükçülərinə gəldikdə, bu vəziyyətdə onlar yalnız Ermənistanın kifayət qədər məbləği, olmayan pulları ilə, yəni olan-qalanı ilə hesablaşmalı olacaqlar.

“Ermənistanın Azərbaycan Silahlı Qüvvələri ilə eyni səviyyədə qoyula biləcək bir ordu yaratmaq və müasir, perspektivli texnika ilə təchiz etmək ehtimalı çox xəyali görünür”, deyə Xodaryonok bildirib.

“Moskva bu bölgədə qeyd-şərtsiz hökmranlığı bərpa etmək üçün iqtisadi, maliyyə və hətta hərbi baxımdan o qədər də güclü deyil”

Bundan əlavə, Mixail Xodarenok “Dağlıq Qarabağın qanuni və hüquqi olaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və dövlətin sərhədlərinin beynəlxalq ictimaiyyət tərəfindən tanındığını unutmamağı və mübahisə predmetinə çevirməməyi də tövsiyə edir. “Hərbi-strateji vəziyyətin inkişafının istənilən ssenarisində döyüş əməliyyatları Azərbaycan ərazisində baş verəcəkdir”, deyə rus ekspert qeyd edib.

Rusiyanın Zaqafqaziyadakı rolu və iştirakına gəlincə, Xodaryonok bildirib ki, Moskva bir yandan KTMT-də İrəvanın müttəfiqidir, digər tərəfdən isə Kremlin Bakı ilə münasibətləri pozması üçün bir səbəbi yoxdur. Digər tərəfdən isə Rusiya Federasiyası ərazisində ölkə iqtisadiyyatına təməlli qaydada inteqrasiya olunmuş böyük bir Azərbaycan diasporası var: “Üstəlik, indiki mərhələdə Moskva bu bölgədə qeyd-şərtsiz hökmranlığı bərpa etmək üçün iqtisadi, maliyyə və hətta hərbi baxımdan o qədər də güclü deyil. Rusiyalı strateqlər və analitiklər də bu faktı nəzərə almalıdırlar”, Xodaryonok şərhində bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə