"Bunu etməyə bizim tam haqqımız var" EKSPERT RƏYİ

“Rusiyadakı hazırkı proseslərin Qarabağdakı məsələlərə hər hansı təsiri olacağını düşünmürəm. Rusiyanın Qarabağla bağlı planı dəyişilməz olaraq qalır”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri, siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün Rusiyada baş verənlər Rusiyanın daxili məsələləri və problemləri ilə bağlı baş verən proseslərdir və bu proseslərin sözügedən dövlətin Cənubi Qafqazdakı siyasətinə hər hansı ciddi təsir edəcəyini ehtimal etmək çətindir: “Hətta Rusiyada ən qızğın etirazlar zamanı Rusiyanın xarici işlər naziri Qarabağla bağlı öz dövlətinin mövqeyini əks etdirən açıqlamalar verərək Moskvada baş tutan 11 yanvar görüşunə sadiqlini işarə edib. Bundan başqa ATƏT-in rusiyalı həmsədri də nizamlanma prosesi ilə bağlı həmsədrlərin görüşlərində aktiv iştirak edir. Yəni Rusiya beynəlxalq təşkilatların və birliyin Qarabağdakı nizamlanma prosesində iştirakı ilə bağlı əməkdaşlığını da davam etdirir.

Lakin burada xarici faktorlar da var, yəni ABŞ-da hakimiyyətə gələn yeni administrasiya Rusiyanın Qarabağla bağlı siyasətinə müəyyən korrektələr etmək üçün təsir edə bilər. Azərbaycan olaraq bizim də Qarabağda Rusiya sülhməramlılarının davranışı ilə bağlı razı qalmadığımız məqamlar var ki, biz bunu Rusiya hökuməti qarşısında vaxtaşırı qaldırmalıyıq və bunu etməyə bizim tam haqqımız var çünki o ərəzilər dünya və Rusiya tərəfindən qəbul edilmiş suveren Azərbaycan əraziləridir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə