Rusiyada baş verənlərin fonunda bizim "demokratların" sevinci uzun çəkməyəcək - ŞƏRH ÖZƏL

"Bizim "demokratların" Rusiyada baş verənlərdən sonra formalaşan antisipasiyası bir az gülüş doğurur. Hər şeydən əvvəl ona görə ki, etirazçı kütlə Rusiya miqyasında elə də böyük kütlə hesab olunmur. Doğrudur, burada hava şəraitinin də rolu böyükdür, amma əsas səbəb Rusiyada "Rusiya Putinlə pis vəziyyətdə olsa da, Putinsiz daha pis olacaq" zehniyyəti ilə yaşayanların daha çox olmasıdır. Buna görə də "demokratların" sevincinin uzun çəkməyəcəyini indidən demək olar. Həm Rusiyadakı cari prosesi izləməklə, həm də elə yaxın 10-15 ildə baş verən analoji hadisələrin yekununa baxmaqla". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, tarixçi Əli Babazadə deyib.

Onun sözlərinə görə, nə qədər absurd səslənsə də, bunlar ilk dəfə "Ərəb baharına" belə sevinmişdilər: "Daha sonra bu ümid onların bəzilərini 2013-cü ildə Maydana qədər apardı, sonra Venesuela sevinci, sonra Belarus hadisələri... Belarus demişkən onu da deyim ki, cəmi bir neçə ay əvvəl bütün qərbin müdafiə etdiyi lideri dəstəkləmək üçün indi küçələrə axışan ruslar qədər belarusiyalı da küçəyə çıxmışdı, amma nə etsələr də, təkcə Putinin müdafiə etdiyi Lukaşenkonu nəinki yıxa, heç büdrədə bilmədilər. O ki qaldı Putinin özünü yıxacaqlar".

Ə.Babazadə vurğulayıb ki, bu analogiyaya uyğun kifayət qədər misal göstərmək olar ki, çoxu eyni formada yekunlaşıb: "Belə demək olar ki, hazırkı dövrdə dünyanın istənilən ölkəsində bu cür etirazlarla sistemi dəyişmək çox nadir hallarda real ola bilər. Xüsusən də, bu cür üst formalı və oturuşmuş olanını. Ümumiyyətlə, bu tip məsələlərə keçilmiş yoldan asılılıq prinsipi ilə baxmaq lazımdır. Yəni, dəyişən olsa belə, ancaq şəxslər, ideologiyalar, ən yaxşı halda idarəetmə ola bilər. Bu isə ya formal olacaq, ya da uzun çəkməyəcək. Tezliklə sistem xarici təsiri dağıdıb özü öz alternativini ortaya çıxaracaq. Elə SSRİ-də qərbin yetişdirdiyi Qorbaçov nümunəsi buna sübutdur. Deməyim odur ki, son illərdə "demokratiyanın" tam qələbəsi haqqında nümunə göstərə bilmək çətin məsələdir. Buna görə bizim "demokratlar" bu tip hadisələr zamanı ən yaxşı halda az qala 1848-ci il Fransa inqilabı zamanı Orleanlı Lui Filippin respublikaçılar tərəfindən devrilməsini misal göstərir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...