“Azərbaycanın qələbəsi tranzit yükdaşımalarına yeni situasiya yaradıb” Muzaffer Ermiş

Türkiyənin Trabzon Liman İşletmeçiliği A.Ş. şirkətinin baş direktoru Müzaffer Ermiş ümid edir ki, ABŞ-ın İrana qarşı sanksiyalarının qaldırılmasından, Naxçıvandan Azərbaycana dəhlizin açılmasından və Ermənistanla sərhəd məhdudiyyətinin aradan qaldırılmasından sonra Trabzon limanın yükdaşıma perspektivləri böyüyəcək.

SİA xəbər verir ki, bu barədə Deniz Haber-ə danışan Ermiş bildirib ki, Trabzon limanı tranzit ticarətdə mühüm rol oynayır. Lakin ABŞ-ın tranzit məsələsində ən əhəmiyyətli ölkələrdən sayılan İrana qarşı tətbiq etdiyi sanksiyaları nəticəsində tranzit əməliyyatları kəskin şəkildə aşağı düşüb.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi qələbəsindən sonra tranzit yükdaşımaları istiqamətində yeni situasiya yaradıb.

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Naxçıvanla Azərbaycan arasında dəhlizin açılması barədə razılığın qazanılması bizim regiona çox müsbət təsirlərini göstərəcək”, deyən Müzaffer Ermiş eyni zamanda regiondakı sülh naminə gündəmdə Ermənistan üzərindən embarqonun qaldırılması məsələsinin də dayandığını bildirib.

“Bu məsələdə cənab İlham Əliyev pozitiv yanaşmada dayanır. Ermənistan üzərindən embarqonun qaldırılması və Naxçıvan dəhlizinin açılması ümid edirəm ki, Ermənistan və Azərbaycan üçün tranzit darvazalarının Avropaya açılmasında əhəmiyyətli rolunu oynayacaq”, Ermiş qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə