Azərbaycan-Türkiyə-Pakistan hərbi alyansı yaranır? - ŞƏRH ÖZƏL

"Pakistanın paytaxtı İslamabadda Azərbaycan, Türkiyə və Pakistan Xarici İşlər Nazirləri arasında üçtərəfli görüşü keçirilib və bu danışıqlarda əldə edilmiş razılıqlar Azərbaycan cəmiyyətində suallar doğurub. Cəmiyyətimizin müəyyən hissəsi belə bir fikrə gəlib ki, danışıqlar nəticəsində adıçəkilən dövlətlər arasında hərbi alyansın yaradılması barədə razılıq əldə olunub. Əslində isə bu belə deyil". Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan bloklara qoşulmayan dövlətlərin yanında yer alıb və bu Azərbaycanın xarici siyasətində hazırda prioritet istiqamətlərdən biridir: "Bloklara qoşulmayan dövlət olaraq əlbəttə Azərbaycan bu və digər hərbi-siyasi bloka qoşula bilməz. Türkiyə isə NATO üzvüdür və Türkiyə ilə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi bilavasitə Azərbaycanın perspektivdə NATO-ya inteqrasiyası ilə bağlı suallar da doğura bilər. Azərbaycan dövləti isə hazırda bölgə ilə bağlı geosiyasi reallıqlardan çıxış edərək NATO-ya inteqrasiya ilə əlaqədar məsələləri nəzərdən keçirmir. Digər tərəfdən Pakistanla bizim ikitəfərli münasibətlərimizin tarixi var. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Azərbaycan cəmiyyətində Pakistanla bağlı fikirlərdəki müsbət məqamlar ondan irəli gəlir ki, Pakistan ilk gündən bizim Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığımız müharibədə yanımızda olub, bizə mənəvi-siyasi dəstək verib. Pakistan o dövlətlərdən olub ki, Ermənistanın Azərbaycana təcavüzünü pisləyib və hətta Ermənistanla diplomatik münasibətləri belə yoxdur. Ermənistanı dövlət olaraq tanımayıb. Bu mənada Pakistan tərəfdən bizə olan dəstək ona görə də müsbətdir ki, Pakistan həm də nüvə silahına malik dövlətdir".

E.Manafov vurğulayıb ki, Ermənistanla münasibətlərdə müəyyən mənada Ermənistanın yanında yer almış Rusiya tərəfinin də arsenalında nüvə silahının olduğundan bizim cəmiyyətdə belə bir anlayış yaranıb ki, Rusiyaya qarşı Azərbaycanın yanında yer ala biləcək dövlətin hərbi arsenalında nüvə silahı olmalıdır: "Əslində Rusiya bizim yaxın qonşumuzdur, onunla bizim ikitərəfli münasibətlərimiz daim genişlənir və inkişaf etdirilir. Bildiyiniz kimi məhz Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında gedən münaqişəyə son qoyularaq atəşkəs əldə olunub. Təbii ki, məhz Rusiyanın bu məsələdə vasitəçiliyi Azərbaycanın ərazi bütövlüyünün bir daha təsdiq olunması baxımından təqdirəlayiq hal oldu. Rusiya Prezidenti bir daha bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Ermənistanda bir çox gözləntilərdən fərqli olaraq Rusiya Ermənistana qarşı apardığımız müharibədə KTMT-nin üzvü olaraq Ermənistanın yanında yer almadı. Doğrudur, bunun üçün Azərbaycan özü də bir əsas verməyib. Eyni zamanda yenə Rusiyanın razılığı ilə Naxçıvandan keçən məlum dəhliz də Azərbaycan və Türkiyənin ümumi maraqlarına, həmçinin Türkiyənin Mərkəzi Asiya ilə bağlı maraqlarına xidmət edəcək. Nəqliyyat-kommunikasiya xətlərinin açılmasının bölgədə sülhün sabitliyin qorunmasında öz əhəmiyyəti olacaq. Həmçinin Ermənistana torpaq iddiaları və status məsələsi ilə bağlı fikirlər kənara qoymaqla, bölgə ilə bağlı geosiyasi layihələrə qoşulmaq şansı verilir. O şərtlə ki, ermənilər Azərbaycana torpaq iddialarından imtina etməlidir. Bu halda Ermənistan bölgə dövləti olaraq öz iqtisadi inkişafı üçün perspektivdə Azərbaycan və Türkiyə ilə əməklaşlıq imkanları genişləndirə bilər".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə