"Ermənistan məğlubiyyəti ilə tarixi şans əldə etdi" - ŞƏRH ÖZƏL

"Yanvarın 11-də Moskvada Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşdə regionun perspektivliyi və inkişafı baxımdan vacib olan qarşılıqlı anlaşma əldə olunub. Ümumiyyətlə, görüşün əsas məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişi, mövcud problemlərin aradan qaldırılması və regionda dinc həyatın qaydaya salınmasına dair məsələlərin müzakirəsi olub. Bu görüş Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi. Əsas məsələ regionda kommunikasiyaların açılması idi və hər bir tərəfin bu məsələdə öz maraqları var". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Müşfiq Cəfərov deyib.

Deputatın sözlərinə görə, ölkəmiz üçün vacib məqamlardan biri də odur ki, həm Naxçıvanla əlaqələr bərpa ediləcək, həm də Türkiyə-Orta Asiya iqtisadi yolunun əsas logistik mərkəzi Azərbaycan olacaq: "Yəni açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq".

M.Cəfərov qeyd edib ki, Ermənistanın tarixi şansı məhz bu müharibədəki məğlubiyyəti oldu, iqtisadi və logistik blokadadan çıxmağına şərait yarandı: "Ermənistanın dünyaya açılmağının yolu Türkiyədir, Türkiyə ilə yaxınlaşmanın yolu isə Azərbaycanla olan qonşuluq münasibətlərindən asılıdır. Artıq bütün problemləri arxada qoyub reallığı qəbul etmək erməni xalqının tək xilas yoludur. Regionun əsas güc dövləti olan Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir. Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirməyə xidmət edir. Azərbaycan bu görüşdə də öz milli maraqlarını sonacan qorudu, 10 noyabr razılaşmasına zidd heç bir şərti qəbul etmədi".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə