“Azərbaycanla ortaq məxrəcə gəlsəydi...” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanla ortaq məxrəcə gəlsəydi...” ÖZƏL-MÜNASİBƏT

Əslinə qalanda Ermənistan prezidentinin söylədikləri Azərbaycan tərəfinin illərdir dilə gətirdiklərinin etirafıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, istər bizim kimi siyasi şərhçilər olsun, istər Azərbaycan dövlətinin rəsmiləri olsun, o cümlədən də Cənab Prezident İlham Əliyevin şəxsən özü olsun, illərdir deyirik ki, Ermənistan hakimiyyətinin yanlış siyasəti, qonşu dövlətin torpaqlarını işğal altında davamlı şəkildə saxlamaq niyyəti bütövlükdə regiona, o cümlədən Ermənistanın özünə çox ciddi zərər vurmaqdadır.

“Erməni xalqı bütövlükdə bu münaqişədən və bu işğaldan Azərbaycandan qat-qat artıq əziyyət çəkir. Niyə? Ona görə ki, Dağlıq Qarabağ kimi ağır bir yük Ermənistan kimi zəif dövlətin çiyinlərində daşına biləcək yük deyildir. Yəni, Ermənistan kimi zəif bir dövlət Qarabağı öz çiyinlərində daşıyacaq qədər qüdrətli deyil. Ona görə də, hər keçən il Ermənistanın özü girdaba yuvarlanırdı, getdikcə zəifləyirdi, ictimai narazılıq getdikcə artırdı. Buna görə də xalq, erməni xalqı təsadüfi bir adamın, Nikol Paşinyan kimi bir adamın arxasınca küçələrə çıxıb hakimiyyəti devirdi. Yəni, bu təsadüf deyildi. Belə hakimiyyət dəyişikliyi də təbii ki, ölkənin daha da zəifləməsinə səbəb oldu. Ona görə də, Ermənistan bu ötən müddət ərzində getdikcə zəiflədi, zəiflədikcə də təbii ki, bunun müqabilində Azərbaycana daha çox uduzmağa başladı. Xüsusən də, beynəlxalq platformalarda. Hətta Cənab Prezident İlham Əliyevin özünün Ermənistan rəhbərliyi ilə görüşdüyü beynəlxalq platformalarda biz müşahidə etmişik ki, Azərbaycan tərəfi özünün bütün göstəriciləri ilə çox yuksəkdə olduğunu nümayiş etdirə bilib. Ermənistan həmişə uduzan tərəf olub. Hətta Nikol Paşinyana Prezident İlham Əliyevin bir neçə dəfə tarix dərsi verdiyini də bütün dünya görüb. Yəni, onlar bizi vaxtında dinləsəydilər, Azərbaycanla dinc bir şəkildə ortaq məxrəcə gəlsəydilər, indi Ermənistan bu gündə olmazdı, xalqın sayı azalmazdı, iqtisadiyyatı çökməzdi, narazılıqlar bu qədər yüksək səviyyədə olmazdı və ermənilər normal, adam kimi yaşaya bilərdilər. Amma onlar başlarından böyük iddialara düşdülər, Azərbaycanın hələ də 1990-cı illərin əvvəllərindəki vəziyyətdə olduğunu sandılar. Düşünmədilər ki, indi Azərbaycanda çox güclü lider, çox güclü bir dövlət var. Onlar hesab etdilər ki, üstümüzə gəlsələr yenə də geri çəkiləcəyik.

Azərbaycan Prezidenti dəfələrlə xəbərdarlıq etmişdi ki, bizimlə zor dilində heç kim danışmasın. Amma təəssüf ki, Ermənistanda bunu anlamadılar və bizimlə məhz zor dilində danışmaq istədilər. Nəticə də bəllidir. İndi bundan sonra nə etməli, necə etməli? Əlbəttə ki, Ermənistan birincisi, prezident Sarkisyanın da dediyi kimi o informasiya müharibəsi məsələsində ölçülü-biçili davranmalıdır. Yəni, onlar artıq Azərbaycanın informasiya cəbhəsində də qalib olduğunu etiraf edirlər. Özü də çox böyük hesabla qalib olduğumuzu etiraf edirlər. Bunu başa düşürlərsə, informasiya savaşından əl çəkməlidirlər. Çünki, biz baxırıq, görürük ki, köpükləndirici, qızışdırıcı, yanlış, yalan məlumatlarla gündəmi zəbt etməyə çalışırlar.

İkinci bir tərəfdən Paşinyan pis-yaxşı hər halda dilə gətirməyə başlayıb ki, Ermənistanın xilası Azərbaycanla və Türkiyə ilə normal münasibətləri qurmaqdan keçir. Nəhayət ki, o bunu anlayıb. Yaxud da Ermənistan ictimai rəyinin önündə gedən bəzi şəxslər də artıq bunu deməyə başlayıblar ki, Ermənistan bütün iddiaları bir kənara qoyub, Azərbaycanla masa arxasına oturub, bundan sonrakı mərhələni müzakirə etməlidir. Yəni, onlar da yaxşı anlayırlar ki, Azərbaycan olmadan Ermənistanın heç bir nicatı yoxdur. Belə olan halda, prezident Sarkisyanın bu gerçəkləri dilə gətirməsi, mənə elə gəlir ki, erməni dövlətinə rəhbərlik edən şəxslərin hamısı üçün bir mayak rolunu oynamalıdır. Yəni, düşdükləri vəziyyəti düzgün qiymətləndirib çıxış yolunu Azərbaycanla anlaşmaqda görməlidirlər. Onların başqa yolları yoxdur. Bu isə nə deməkdir? Bu isə o deməkdir ki, Azərbaycan dövlətinin illərdir apardığı uğurlu siyasət məhz buna hesablanmışdır. Məhz bu duruma hesablanmışdır ki, Ermənistan nəhayət ki, diz çöksün, Azərbaycanın gücünü etiraf etsin və bu gün, bu durumda biz Ermənistanla danışa bilərik, əlbəttə ki, onlar ilk öncə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü rəsmi dövlət olaraq tanımalıdırlar. Yəni, hər şeydən öncə Azərbaycana torpaq iddiasından birdəfəlik vaz keçdiklərini elan etməlidirlər, ondan sonrakı mərhələdə isə əlbəttə ki, bütün yollar, əlaqələr bərpa ediləcək və normal qonşu dövlətlər kimi yaşayaсaqlar”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə