"Müzəffər Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğalçı erməni ordusunu darmadağın etməklə dünya hərb tarixinə bir çox yeniliklər gətirdi. Dağlıq Qarabağın və ətraf rayonların çətin, mürəkkəb coğrafi relyefə malik olmasına baxmayaraq, döyüş əməliyyatları dəqiqliklə hazırlanmış, ən müasir texnika ilə aparılmışdır. Məhz Ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olması və Ali Baş Komandanın peşəkar rəhbərliyi, hücum edən tərəf olduğumuza baxmayaraq, itkilərimizi minimuma endirdi". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputatın sözlərinə görə, ancaq hər bir müharibədə olduğu kimi, ikinci Qarabağ müharibəsində də 2783 şəhid verdik. Allah onlara rəhmət eləsin. 1300-ə qədər qazimiz müxtəlif dərəcəli xəsarətlər almışdır: "Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş və əlillik dərəcəsi almış qazilərə qayğı dövlətin sosial siyasətinin əsas qayəsini təşkil edir. Birdəfəlik sığorta ödənişləri ilə yanaşı, onların mənzil şəraiti yaxşılaşdırılır, minik avtomobilləri ilə təmin olunur, övladları dövlət hesabına ödənişsiz təhsil alır, səhiyyə müəssisələrində pulsuz müalicə alırlar. Yeri gəlmişkən, indiyə qədər bu kateqoriyadan olan 9000 insan evlə, 7000-ə yaxını isə fərdi minik avtomobili ilə təmin olunmuşlar.
Prezident İlham Əliyevin ötən gün imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması barədə Fərmanı isə, dövlətin öz şəhidinə, qazisinə göstərdiyi qayğının ən yüksək təcəssümüdür: "Müharibə başlayan andan, xalqımızın Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsini, milli birlik nümayiş etdirməsini bütün dünya gördü. Həmin milli birliyi “YAŞAT" Fondunun formalaşmasında da göstərməliyik. Hər bir azərbaycanlı özünü şəhidlərimizin, qazilərimizin qarşısında bir növ borclu hesab edir. Onlara yardım etməkdən şərəf duyur. Düşünürəm ki, ilk növbədə imkanlı vətəndaşlarımız, dövlət daşçısından, Heydər Əliyev Fondundan nümunə götürərək, “YAŞAT" Fondunun fəaliyyətində də öz töhfələrini əsirgəməyəcəkdir.
“YAŞAT" Fondu torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərinin, sağlamlıqlarını itirmiş qazilərimizin problemlərinin həlli baxımdan çox əhəmiyyətli işlər görəcəkdir. Fürsətdən istifadə edərək bütün imkanlı şəxsləri bu nəcib işlərdə yaxından iştirak etməyə çağırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB