Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz FOTOLAR

YAP Gəncə şəhər təşkilatının və "İslahatçı gənclər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz" adlı videokonfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, videokonfransda Azərbaycan Gənclər Fondunun direktoru Fərid Cəfərov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Jalə Əliyeva, Müşfiq Cəfərov, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin baş koordinatoru Aygün Əliyeva, "Dünya Azərbaycanlıları" İctimai Birliyinin sədri Nazim Şükürlü, Türkiyəli jirnalist Mevlut Yüksəl, Azxeber.com İnformasiya Portalının baş direktoru Əfsələddin Ağalarov və baş redaktoru Hacıbəy Heydərli, Polşa Azərbaycan Evinin direktoru Lalə Zeynalova və gənclər iştirak ediblər. Görüşdə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev videokonfransı açaraq, Böyük Qələbəyə aparan əsas amilin güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi olduğunu qeyd edib: "Son 17 ildə Azərbaycan iqtisadi cəhətdən gücləndi, beynəlxalq arenada mövqeyini möhkəmləndirdi və bu müharibədə özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı". Azərbaycan Gənclər Fondunun direktoru Fərid Cəfərov çıxışında erməni vandallarına qarşı 44 günlük mübarizədə xalqımızın qəhrəmanlığının, vətənpərvər və cəsur gənclərə sahib olduğunun dünyaya bir daha göstərildiyini qeyd etdi. YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə çıxışında bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etdi: Bu haqlı mübarizədə Azərbaycan qalib xalq və məğlubedilməz dövlət kimi özünü təsdiq etdi. Videokonfransda dar gündə də, xoş gündə də ilk andan Azərbaycanın yanında olan qardaş Türkiyənin jurnalisti Mövlud Yüksəlin dilindən Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin tarixinə səyahət edilib. Azərbaycan xalqının 44 günlük mübarizəsində qazandığı qələbənin nadir Zəfərlərdən olduğunu qeyd edən Mövlud Yüksəl bu zəfərin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb. Videokonfransda çıxış edənlər 44 günlük hərbi əməliyyatlar dövründə siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq hər bir azərbaycanlının milli birlik nümayiş etdirdiyini diqqətə çatdırdı və şəhidlərimizin ruhu qarşısında baş əydiklərini qeyd etdilər.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...