"Fransa və digərləri anlamalıdır ki..." ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan 44 gün davam edən Vətən müharibəsində beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə uyğun olaraq özünü müdafiə edib, öz ərazi bütövlüyünün təmin olunması istiqamətində müvafiq addımlar atıb. Ölkəmizin haqq işi qələbəmizlə nəticələnib. Görünür, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında öz haqqını bərpa etməsi işğalçı Ermənistanın havadarlarını ciddi şəkildə narahat edir. Bunlardan biri də Fransadır". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, bir qrup ermənipərəst, anti-türk və anti-Azərbaycan əhval-ruhiyyəli senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul edilən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə beynəlxalq hüquqa tamamilə ziddir: "Qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Bu sənəd BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Nəzərə alsaq ki, həmin qətnamələrin qəbul edilməsinə Fransa da səs verib, Senatın bu addımı öz-özünü inkar mənası verir. Təbii ki, bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Amma ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir. Bu sənədin qəbul olunması ilə Fransanın həmsədr kimi neytralığı pozulmuş olur.

Bilirsiniz ki, məsələ ilə bağlı Milli Məclis Fransa Senatının qərarı ilə bağlı etiraz bəyanatı qəbul edib. Azərbaycan parlamenti haqlı olaraq Fransa Senatına qarşı kəskin etirazını bildirib. Qəbul olunmuş bəyanatda Azərbaycan hökumətinə çağırış edilir ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət olunsun. Eyni zamanda, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın. Bəyanatda həmçinin, Azərbaycanla Fransa arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlərin görülməsi də töbsiyə edilir. Bütün bunlar çox doğru addımlardır. Fransa və digərləri anlamalıdır ki, müstəqil Azərbaycan dövləti güclüdür və onunla diqtə dili ilə danışmaq mümkün deyil".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə