MDB məkanında Moskvanın mövqeyi zəyifləyir? - ANALİZ

"Bayden iqtidarı dönəmində Qərbin Rusiyaya sanksiyalarının artacağı ehtimalı böyükdür. Moldovada rusiyayönümlü İqor Dodonun seçkiləri uduzması perspektivdə bu ölkənin Rusiya ilə münasibətlərinin pisləşməsinə gətirib çıxara bilər. Çünki hakimiyyətə gəlmiş yeni qüvvələr açıq etiraf edirlər ki, onlar Moldovanın Qərbə inteqrasiyasının tərəfdarıdırlar. Onlar perspektivdə Moldovanın Rumuniya ilə birləşdirilməsi istiqamətində addımlar atacaqlarını istisna etmirlər. Nəzərə alsaq ki, Rumuniya NATO ölkəsidir, o zaman bu birləşmə Rusiyanın MDB məkanında zəifləməsi anlamına gəlir və NATO-nun bu məkanda güclənməsi üçün münbit şəraitin yaranması demək olur". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin sözlərinə görə, Rusiyanın öz sülhməramlılarını Azərbaycana yerləşdirməsi də mövcud geosiyasi reallıqlardan irəli gəlirdi: "Aydın məsələdir ki, Azərbaycan tərəfi Ermənistana qarşı apardığı Vətən müharibəsinin gedişində Rusiyanın mövqeyini diqqətlə izləyirdi və Kremlin məsələyə kifayət qədər loyal mövqeyi Ermənistan üzərində qələbə çalmağımıza imkanlar da yaratmış oldu deyə bilərik. Doğrudur, hüquqi baxımdan Rusiyanın Azərbaycan ərazisində gedən proseslərə müdaxilə etmək imkanları yox idi. Lakin Rusiya helikopterinin vurulması məsələsi kimi hadisələr Rusiyaya fürsət idi. Hətta "Rusiya guya Ermənistan ərazisi vurulur" adıyla qeyri-rəsmi də olsa, prosesə müdaxilə edə bilərdi. Amma Putinin, əməliyyatların Azərbaycan ərazisində getdiyini bəyan etməsi və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququnun olduğunu deməsi, Moskvanın Bakı ilə münasibətlərə verdiyi önəm baxımından əhəmiyyətli bir hadisədir. Bu mənada mövcud münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində Rusiyanın rolu Türkiyə qədər olmasa da, müəyyən qədər olduğu birmənalıdır. Digər tərəfdən Rusiya Qərbə mesaj verdi ki, Cənubi Qafqaz hələ də onun təsir dairəsindədir. Gürcüstanın Abxaziya və Cənubi Osetiya əraziləri ilə bağlı olan problemin yaranmasındakı məqsəd, bu ölkənin Qərbə inteqrasiyasının qarşısını almaq idi. Buna da nail oldu. Moldovada yaşanan hadisələr isə Qərbə Rusiyanın münasibətlərini daha fərqli müstəviyə daşıya biləcəyi istisna edilmir. Ona görə ki, ABŞ-da qlobalistlər meydana gəliblər və onların Bayden iqtidarı dönəmində Rusiyaya sanksiyaları gücləndirəcəyi ehtimalı böyükdür".

Politoloq qeyd edib ki, əgər Moldova Rumıniya ilə birləşib NATO-ya inteqrasiya etməyə çalışarsa, Rusiya onun təhlükəsizliyi üçün ciddi problemlər yaradacaq: "Baydenin hakimiyyətə gəlməsində Çinin də rolu oldu. Ehtimal olunur ki, Çinin də loyal yanaşması ilə ABŞ Bayden iqtidarı dönəmində İrana qarşı münasibətləri Barak Obama dövründəki kimi yumşaldacaq və bu da dolayısı ilə Rusiyanın təklənməsi deməkdir. Çünki ABŞ bu yolla Çin və İrandan Rusiyaya olan mümkün dəstəyin qarşısını alacaq. Yəni an azından Rusiyanın bu ölkələrdən geosiyasi anlamdakı dəstəyini kəşməyə çalışacaqlar. Rusiya enerji resurslarından, yəni neft və qazdan asılı iqtisadiyyata malikdir. Qlobalistlər isə “Şimal- 2” axınının qarşısını almağa çalışırlar. Moldovadakı vəziyyət artıq Qərbin xeyrinə dəyişib. Burada açıq deyək ki, Rusiyanın geri çəkilmək şanslarının olmadığı görünür. Gedən proseslərdə Rusiya və Türkiyənin Baydenə qarşı eyni mövqedən çıxış edəcəyini istisna etmirəm. Təbii ki, artıq mübarizə kifayət qədər fərqli və ciddi müstəvi üzərinə keçəcək. Burada bir məqam da ondan ibarətdir ki, Moldovanın yeni hökuməti bütün hallarda Rusiya ilə inteqrasiyanın əleyhinə olmadığını deyib. Çünki Moldovanın iqtisadiyyatı, xüsusən onun kənd təsərrüfatı üçün bazarlar, məhz Rusiyadadır. Bunu Moldovanın iş adamları da bilir. Xatırladaq ki, Türkiyə ilə Rusiya arasında gedən “pomidor müharibəsi” və bundan türkiyəli iş adamlarının zərər görməsi Ərdoğanı Rusiyaya qarşı güzəştə getməyə məcbur etdi. Eyni aqibət Moldovada da yaşanacaq. Çünki Moldova heç bir formada Avropa ilə bağlı bir ölkə deyil. Moldova öz məhsulları ilə Avropa bazarlarına çıxmaq iqtidarında olan bir dövlət deyil. Hesab edirəm ki, Moldovanın yeni hakimiyyəti də bunun fərqinə varacaq və ən azından burada uzlaşdırma siyasəti aparılacaq".

E.Manafov vurğulayıb ki, Moldovanın birbaşa Qərbə inteqrasiya istiqamətini tutması perspektivdə onun təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər: "Çünki Rusiya Moldovanın Rumuniya ilə birgə NATO tərkibinə daxil olmasını qəbul edə bilməz. İqor Dadondan fərqli olaraq, yeni prezident Maya Sandu Moldovanın federallaşmasının əleyhinə çıxır və Dnestryanı ərazilərin hüquqi həlli variantının Moldovanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu qeyd edir. O, lazım gələrsə, Moldovanın Rumıniyaya birləşdirilməsinə gedəcəyini də istisna etmir. Göründüyü kimi, qlobalistlər Moldovanı Rumuniyaya birləşdirməklə NATO-nun Şərqə doğru genişlənmə planını hazırlayıblar. Maraqlıdır ki, Maya Sandu bu birləşmə zamanı hər hansı bir konfederativ dövlətin yaranmasından bəhs etməyib. Rusiyapərəstlər məhz bu faktordan çıxış edib, onu ölkə qanunlarının əleyhinə çıxmaqda suçlayacaqlar. Bu hüquqi müstəvidə Rusiyanın perspektivdə ata biləcəyi ən real addımdır. Ardınca isə təxribatlar başlanacaq, Rusiya sülhməramlılarına hücum olunduğunu bəhanə edərək qlobalistlərin layihəsinin həyata keçirilməsinin qarşısı alınacaq. Bundan sonra isə Rusiya bazarları ilə əlaqəli olan Moldova biznesmenlərinin namizədlik məsələsi qaldırılacaq. Yəni “Moldova İvanişvilisinin” taxta çıxarılması məsələsi gündəmdə olacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...