Jalə Əliyeva Ali Baş Komandan İlham Əliyevin ən ali Ordenlə təltif olunmasını təklif edib

Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva Milli Məclisin dünən keçirilən iclasında Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevlə bağlı təkliflə çıxış edib. Milli Məclisdə səsləndirdiyi təkliflə bağlı yap.org.az-a açıqlama verən millət vəkili qeyd edib ki, 44 günlük tarixi və möhtəşəm İkinci Vətən Müharibəsi ilə Azərbaycan Ordusu və bu Ordunun Sərkərdəsi, Ali Baş Komandanı Tarix, Zəfər yazdı, 32 illik qanlı münaqişəni Qələbə ilə sonuclandırdı. Mən hələ ötən iclasda da cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edərkən, xalqımızın onu artıq Qurucu, Xilaskar, Qalib Sərkərdə, Milli Qəhrəman, Xalq Qəhrəmanı, Müzəffər Ali Baş Komandan adlandırdığını və Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini vəsf etmək üçün sözlərin aciz olduğunu bildirmişdim. Dünənki iclasda isə, keçdiyimiz böyük yolun bütün amillərini özündə əks etdirəcək olan ən ali ad, ən ali titul təsis edilərək, məhz dövlət başçısı-bütün Qələbələrimizin səbəbkarı və təminatçısı olan cənab İlham Əliyevə təqdim edilməsini təklif etdim. Bu, düşünürəm ki, çox ədalətli, tarixi bir qərar, addım olardı. Çünki biz əgər bu gün bu mübarizəmizdə böyük igidlik, qəhrəmanlıq göstərən insanlarımızın təltif edilməsindən danışırıqsa, o zaman bu Qəhrəmanların Qəhrəmanı-ən böyük Xilaskarımız, Müzəffər Ali Baş Komandanımız olan cənab İlham Əliyev bu adların ən böyüyünə layiqdir. Bu, əminəm ki, təkcə mənim deyil, bütün millət vəkili həmkarlarımın, eyni zamanda və birinci növbədə Azərbaycan xalqının fikri, arzusu, yekdil mövqeyidir. Onu da qeyd edim ki, iclasda deputat həmkarlarım Fəzail Ağamalı, Məlahət İbrahimqızı və Siyavuş Novruzov da eyni təkliflə çıxış edərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin ən ali adla mükafatlandırılması üçün xüsusi orden təsis edilməsi fikrini irəli sürdülər.

Bütün xəbərlər Facebook səhifəmizdə