"Azərbaycanın tarixi qələbəsində YAP-ın özünəməxsus payı var"

Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bu gün Azərbaycan xalqı dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahidlik edir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması dünya azərbaycanlıları tərəfindən böyük sevinc və qürur hissi ilə qeyd olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi, siyasi və diplomatik sahələrdə uğurlu fəaliyyətin həyata keçirilməsi, xalq- iqtidar birliyi şanlı qələbəmizi, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həllini təmin etdi. Qüdrətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi zəfəridir. Heç şübhəsiz, Azərbaycanın tarixi qələbəsində, tərəqqi yolunda inamla irəliləməsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının xüsusi rolu və payı var. Əgər bu partiya qurulmasaydı və Ulu öndər Heydər Əliyev ona rəhbərlik etməsəydi, bugünkü nailiyyətləri əldə etmək və ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırkı inkişaf səviyyəsinə çatması mümkün olmazdı. Bu gün ümummilli liderimizin layiqli davamçısı olan Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli tarixinin yeni qürur dolu səhifələri yazılır. YAP güclü lider ətrafında yaranmış aparıcı siyasi qüvvədir Ümumiyyətlə, müstəqilliyin ilk illərində yaranan xaos və anarxiyanın aradan qaldırılmasında, sabitliyin və inkişafın təmin olunmasında, Azərbaycanın böyük uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının müstəsna rolu olub. Ölkəmiz ağır vəziyyətdə olarkən Azərbaycan xalqının görkəmli nümayəndələri - ziyalılar, tanınmış insanlar böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Xalqımız həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri olan Ulu öndər Heydər Əliyevi yeganə xilaskar şəxsiyyət olaraq dəyərləndirirdi və bütün ümidlər ümummilli liderimizə bağlanmışdı. Məlumdur ki, o zaman Ulu öndər Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədiklərinə görə ümummilli liderimiz məcburiyyət qarşısında qalaraq Naxçıvan Muxtar Respublikasına getmişdi. Amma ona qarşı təzyiqlər Naxçıvanda da davam edirdi, həmçinin Heydər Əliyevin tərəfdarlarına qarşı güclü təqiblər aparılırdı. O zaman Azərbaycan Respublikasının Ali Sovetinin Nizamnaməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin respublika Ali Sovetinin sədrinin müavini olmasını təsbit edən maddəni dəyişdirdilər. Bunlara paralel olaraq 1992-ci ildə Azərbaycan Konstitusiyasının 121-ci maddəsinin II bəndinə belə bir maddə əlavə olunmuşdu ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçilə bilməzlər. Bu, bilavasitə ümummilli lider Heydər Əliyevə qarşı yönəlmişdi. Həmin düzəlişə etiraz olaraq Azərbaycanın xilasını və qurtuluşunu məhz Ulu öndər Heydər Əliyevdə görən insanlar - Ümummilli liderimizin tərəfdarları 18 gün müddətində Bakıda Ali Sovetin qarşısında etiraz aksiyaları keçirdilər, mitinqlər təşkil etdilər. Həmin dövrdə müvafiq qanuna əsasən müəssisə və təşkilatlar da namizəd irəli sürə bilərdilər. Ümummilli lider Heydər Əliyevin namizədliyi o vaxt Azərbaycanın 300-dən artıq ayrı-ayrı müəssisə və təşkilatları tərəfindən irəli sürülmüşdü. Amma Mərkəzi Seçki Komissiyası Konstitusiyadakı bəhs olunan düzəlişə görə Heydər Əliyevin namizədliyini qeydə almadı. Bundan başqa, seçkilərin ardınca yaş senzinə qarşı çıxaraq ulu öndərin namizədliyini müdafiə edən şəxslərə qarşı təqiblər gücləndirildi, onların yaşadıqları yerlərə hücumlar oldu, insanlara çoxsaylı xəsarətlər yetirildi. Belə olan halda, Azərbaycanın xilasına nail olmaq üçün Heydər Əliyevi müdafiə edənlər fəaliyyəti davam etdirmək üçün siyasi partiya yaratmaq qərarına gəldilər. 1992-ci ilin may ayında "Əlincə" xeyriyyə cəmiyyəti tərəfindən ümummilli liderimizin rəhbərliyi ilə siyasi partiyanın yaranması təklifi irəli sürüldü. Mayın 28-də "Əlincə" xeyriyyə cəmiyyətinin nümayəndələri olaraq Naxçıvanda Ümid körpüsünün açılışında iştirak etdik. Ümummilli liderimiz ilə görüşdə partiyanın yaradılması barədə fikir mübadiləsi apardıq. İyulun 13-də isə ziyalılardan ibarət digər qrup Naxçıvan Muxtar Respublikasına səfər etdi. Ümummilli liderimizə partiyanın yaradılması təklif olundu, lakin Heydər Əliyev bu təklifi qəbul etmədi. O, bu zamana qədər bir partiyada - Kommunist Partiyasında olduğunu və daha heç bir partiyaya rəhbərlik etmək istəmədiyini dedi. Amma ölkəmizdə baş verən hadisələrin fonunda, xaos, anarxiya, hərc-mərclik və siyasi böhran şəraitində zəngin dövlətçilik təcrübəsinə malik olan, öz xalqına, dövlətinə dərindən bağlı olan Ümummilli liderimiz Heydər Əliyev də gördü ki, belə bir partiyanın yaradılması zərurətdir. Məhz bu ərəfədə - 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, "öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir". Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Ümummilli lider Heydər Əliyevə müraciət ünvanlayan şəxslərə qarşı ciddi təzyiqlər edirdi. Onlar Bakı şəhər Prokurorluğuna çağırılır, müxtəlif təhdidlər və fiziki təqiblərə məruz qalırdılar. Eyni zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədilər. Bu səbəbdən 50 nəfər partiyanın təsis konfransında iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına yola düşdü və noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. YAP dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və respublikamızın hər yerində artıq təsis konfransları keçirilməyə başlandı. Bunun qarşısını almaq üçün mövcud hakimiyyət ölkədə fövqəladə vəziyyət elan etdi və beləliklə, toplantılar, yığıncaqlar qadağan olundu. Bütün bu təzyiqlər və təqiblərə baxmayaraq, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini davam etdirdi və qısa müddət ərzində hakimiyyətə gəldi. İnsanlar böyük dövlətçilik təcrübəsinə, xarizmaya malik olan güclü lider ətrafında yaranan Yeni Azərbaycan Partiyasına üz tutmağa başladılar. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycan böyük tarixi qələbə qazandı Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə bütün sahələrdə böyük islahatların həyata keçirilməsi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də əhəmiyyətli işlər görüldü. Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli ilə məsələsi BMT-nin tribunasında müzakirə olundu, beynəlxalq təşkilatların mühüm qərarlar qəbul etməsinə nail olmaq mümkün oldu. Bütün bunlar münaqişənin ədalətli həllinə hüquqi və siyasi zəmin yaratmış oldu. Eyni zamanda, ulu öndərimizin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu müasir və güclü Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasını təmin etdi. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə öz sözünü döyüş meydanında dedi, öz qüdrətini göstərdi və işğal altında olan torpaqlarımız azad olundu. YAP öz fəaliyyətini Ümummilli liderimizin ideyaları əsasında uğurla davam etdirir Bu gün partiyamiz öz fəaliyyətini Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında davam etdirir. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə yeni uğurlar əldə edir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Partiyamız bu günə qədər qatıldığı bütün seçkilərdə - bələdiyyə, parlament və prezident seçkilərində möhtəşəm zəfərlərin altına imza ataraq qələbələr partiyası olduğunu sübuta yetirib. Bu, hər şeydən əvvəl, YAP-ın öz gücünü xalqın dəstəyindən aldığını göstərir və partiyanın fəaliyyətinin Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün partiyamızın sıralarında 760 mindən çox insan birləşib və onların mühüm bir hissəsi gənclərdən ibarətdir. Yəni Azərbaycan gəncliyi YAP-ın sıralarında uğurla təmsil olunur, partiyamız isə gənclərə xüsusi diqqət və qayğı göstərir, onların ictimai-siyasi həyatda fəal iştirakına geniş şərait yaradır. Beləliklə, bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Beləliklə, öz fəaliyyəti ilə ölkəmizin inkişafına layiqli töhfə verən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarımızda imzası var. Elə partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi misli-bərabəri olmayan tarixi nailiyyətdir. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə