Qələbəmiz müstəqil Azərbaycanımızı dünyada qalib ölkə kimi yenidən tanıtdı - MƏQALƏ
Namiq Əhmədov,
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri
Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı. Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Azərbaycan Ordusu dünya hərb tarixində qalib ordular sırasına daxil oldu.
44 gün müharibə müddətində düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Artıq Ermənistan üçün məğlubiyyətlə barışmaqdan başqa çıxış yolu yox idi. Noyabrın 9-dan 10-a keçən gecə 3 dövlət - Rusiya, Azərbaycan, Ermənistan arasında kapitulyasiya haqqında sənəd imzalandı. Bu Azərbaycanın tam qələbəsi, Ermənistanın isə tam məğlubiyyəti idi. Prezidentimiz canlı yayımla xalqımıza müraicət edərək qələbə müjdəsini verdi. Müharibə başa çatdı, biz qalib gəldik, Ermənistan bizim şərtlərimizi qəbul etdi, düşmənə şərtləri biz diktə etdik.
Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Dünyaya səs salan Qələbəmiz müstəqil Azərbaycanımızı dünyada qalib xalq, məğlubedilməz dövlət kimi yenidən tanıtdı.
Prezidentimiz xalqımıza bir qarış belə torpağımız düşmən tapdağında qalmayacaq, düşmənə heç bir şərtlə müxtariət verməyəcəyik demişdi. Elə də oldu. Düşmənin heç bir istəyinə əməl edilmədi, bir qarış belə torpağımız düşməndə qalmadı. Xalqımız küçələrə çıxaraq qələbəni qeyd etdi. Qalib xalqın zəfər bayrağı artıq Azərbaycanın, Qarabağın hər bir nöqtəsində dalğalandı.
Ən mühüm məqamlardan biri də odur ki, vaxtilə işğal nəticəsində torpaqlarını tərk edən, illərdir ata-baba ocağına həsrət qalan, yurd nisgili yaşayan həmvətənlərimiz artıq məcburi köçkün deyillər. İllərdir məcburi köçkün, qaçqın ifadəsinin ağırlığından xilas olmaq istəyiilə yaşayan soydaşlarımızın arzusunu Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı – qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa məcbur etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Kəlbəcər, Laçın, Ağdam qan tökülmədən qaytarıldı, üstəlik Prezidentimizin dediyi kimi bizə dəqiq tarix verildi. Sülhün və atəşkəsin izlənilməsi üçün rus sülhməramlıları bölgəyə yerləşdirildi. Qarabağın Ermənistanla yeganə əlaqəsi Laçın dəhliziilə 5 km olacaq. İmzalanan üçtərəfli sazişin mühüm strateji bəndi isə Naxçıvana quru yol dəhlizin verilməsi oldu. Artıq Naxçıvan doğma yurdumuzla qovuşacaq. Həmçinin, Qazaxın işğal olunmuş kəndləri, Naxçıvanın Kərki kəndi də geri qaytarılacaq. Türk sülhməramlılarının da bölgəyə gələcəyi münaqişənin həllində xalqımızı sevindirən mühüm xəbər oldu. Türkiyə həmişə xalqımızın və dövlətimizin yanında dimdik durdu.
Müharibə bittikdən sonra Prezidentimiz ilk olaraq qazilərimizlə görüşdü. Bu qələbəni şəhidlərimiz, qazilərimiz, bütünlükdə Azərbaycan ordusunun əzmi ilə qazandığımızı vurğuladı.
Prezident İlham Əliyevin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəri kimi tarixə düşdü. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq da ona öz sevgi və etimadını nümayiş etdirdi. Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyindən xəbər verir. Qələbədən sonra işğaldan azad olunan bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu, xalq da qalib ordunun Ali Baş Komandanını böyük izdiham ilə qarşıladı. Sözsüz ki, xalqın orduya inamı və dəstəyi, ölkədə yaşanan milli və siyasi həmrəylik əldə etdiyimiz qələbənin ideoloji əsasını təşkil edir.
QARABAĞ AZƏRBAYCANDIR, QARABAĞ AZƏRBAYCANINDIR!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB