"Uşaqlarımızı geri qaytarın, onlar haradadır?" İtkin düşən hərbçilərin valideynləri
İtkin düşən əsgərlərin valideynləri Müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Onik Qasparyanla görüşməyi tələb edirlər. SİA “Sputnika Armeniya”-nın yayımladığı məlumata istinadən xəbər verir ki, onlarla itgin düşən hərbçi valideynləri və qohumları Müdafiə Nazirliyinin binasına toplaşaraq ərlərinin, qardaşlarının və övladlarının harada olduqları sualına cavab tələb etdilər.
Məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin binası yaxınlığında vəziyyət gərgindir, yalnız qadınlar deyil, kişilər də əsəblərini cilovlaya bilmirlər. Gözləri yaşlı valideynlər uşaqlarının koordinatlarını tələb edir və özləri onların ardınca getməyə hazır olduqlarını söyləyirlər. Eyni zamanda, qeyd olunur ki, Müdafiə Nazirliyinin inzibati binasının girişi polislər tərəfindən bağlanılıb.
"Uşaqlarımız haradadır? Uşaqlarımızı geri qaytarın! Niyə siyahıların heç birində onlar yoxdurlar", deyə Qarik Mxitaryan adlı birisi jurnalistlərə verdiyi müsahibədə bildirib.
Atasının dediyinə görə, Mxitaryanın oğlu avqust ayında orduya çağırılıb, müvafiq təcrübə olmadan, Qarabağdakı müharibənin əvvəlindən cəbhə bölgəsinə göndərilib. İndi oğlu haqqında heç bir məlumatı yoxdur və onun adını siyahıların heç birində də tapmayıb. Mxitaryan deyib ki, valideynlər Müdafiə Nazirliyində bir neçə dəfə olublar və bu sualları Beynəlxalq Qırmızı Xaç Komitəsinə də ünvanlayıblar. O, qeyd edib ki, ancaq heç bir suala cavab verilməyib və itkin düşənlərin siyahısı da ortada yoxdur, onlara deyirlər ki, məsələ həll olunur.
Digər bir valideyn Artur Kirakosyan gözləməyin mümkün olmadığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan tərəfinə keçən ərazilərdə hələ də xilas edilməsi mümkün ola bilən yaralı əsgərlər ola bilər.
"Onlar səngərlərdə, başqa yerlərdə gizlənirlər. Hələ ki, yaşayırlar, söhbət dəqiqələrdən gedir. Qar yağsa fəlakət olacaq", deyə həmin valideyin həyəcanını ifadə edib.
Kirakosyan deyib ki, o çoxlarının hələ də sağ olduğunu eşidib. “Bəlkə əsirdir, bəlkə də yaralılar arasındadır", deyə Kirakosyan eşitdikləri məlumatları çatdırıb.
Bu arada Ruzanna Saroyan Sputnik Ermənistana həyat yoldaşını axtardığını söyləyib. “Hadrud istiqamətində döyüşürdü və ondan bir xəbər yoxdur”, deyə həmin qadın bildirib.
Ermənistan Müdafiə Nazirliyinin İtkin düşmüş və Əsir götürülmüş şəxslər komitəsinin sədri, polkovnik Vitaly Voskanyan, qohumları haqqında məlumat tələb edərək Müdafiə Nazirliyinin binası yaxınlığında toplaşan nümayişçilərin yanına yaxınlaşıb.
Jurnalistlərə verdiyi müsahibədə o, cəsədlərin çıxarılması üçün Ermənistan tərəfinin iş apardığı deyib.
"Dünən gecə Rusiya Sülhməramlı Nümayəndəliyinin nümayəndəsi ilə görüşdüm. Rus sülhməramlıları gözlədiyimizdən çox şey edirlər", deyə Vitaly Voskanyan toplaşanları sakitləşdirməyə çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB