Türkiyə: Qafqaz regionunda və dünyada güc mərkəzi rolunda ANALİTİK
Ortada isə daha bir reallıq – “Bir millət, iki dövlət” sarsılmaz, əbədi prinsipi dayanmaqdadır
Azərbaycanın son illər ərzində regionda və beynəlxalq aləmdə güclü və qüdrətli dövlətə çevrilməsi əlbəttə ki, qardaş Türkiyə dövlətinin də maraqlarına cavab verib və eyni zamanda, Türkiyənin Qafqaz regionunda və dünyadakı nüfuzunun yüksək səviyyədəki mövcudluğu Azərbaycanın bütün maraqlarına cavab verməklə yanaşı, qardaş ölkə ilə bütün istiqamətlərdəki əməkdaşlıq faktoruna önəmli töhfələrini verib.
Xüsusilə, işğalçı Ermənistanın istər bu ilin iyulunda Tovuzdakı dövlət sərhədimizdə, istərsə də sentyabrın 27-dən başlayaraq, Qarabağdakı təmas xətlərində törətdiyi silahlı təxribatlarının ardınca Azərbaycanın yanında dayanan ölkələrdən biri və birincisi, məhz Türkiyə dövləti oldu. Ermənistanın rəsmi dövləti siyasətinə çevrilmiş terror amili özünü daha çox qabartdıqca, qardaş ölkənin bütün rəhbər şəxsləri başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla sərt bəyanatlarla çıxış etdilər, o cümlədən, milli müdafiə naziri, xarici işlər naziri, parlament sədri və s. yüksək ranqlı siyasi xadimləri Bakıya, Azərbaycanın dövlət rəsmiləri isə Ankaraya səfərlər etdilər.
Türkiyə sona qədər, birmənalı olaraq özünün mənəvi və s. dəstəyini ölkəmizdən əsirgəmədi
Bu gerçəklik həm də onu sübut etdi ki, Azərbaycan işğal altındakı ərazilərini azad etdiyi zaman, o cümlədən, BMT-ni və s. nüfuzlu beynəlxalq qurumların qətnamə və qərarlarını ədalətli mübarizə yolu ilə həll etdiyi bir vaxtda özünü tək görmədi – Türkiyə sona qədər, birmənalı olaraq özünün mənəvi və s. dəstəyini ölkəmizdən əsirgəmədi.
Məhz bu xüsusdan analiz edərsək, həm də belə bir nəticəyə gəlmək olar ki, əslində, Azərbaycanın Qarabağın azadlığı uğrunda apardığı və artıq həm hərbi, həm də diplomatik cəhətdən qalib kimi ayrıldığı müharibədə Türkiyənin regional təsir gücü özünü daha aşkar şəkildə sübuta yetirmiş oldu. Beləliklə, nəticələri araşdırarkən sual yaranır ki, bəs buradan daha hansı nəticələrə gəlmək olar?
Məlumdur ki, Türkiyə Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirib. Söz yox ki, qardaş ölkənin səmərəli siyasəti daha aydın görünür. Məhz Dağlıq Qarabağ münaqişəsi ətrafında qardaş ölkə yüksək nüfuzunu daha da artırdı, o cümlədən mühüm tərəfə çevrildi.
Azərbaycanın haqlı mübarizəsini apardığı Dağlıq Qarabağda Türkiyə mükəmməl siyasətə imza atmış oldu
Bu arada daha bir mühüm nüans budur ki, Türkiyə Osmanlı imperiyası zamanı təsir etdiyi ərazilərə də öz nüfuzunu göstərməkdədir. Bu, öz yerində...
Lakin dünyanın digər bölgələrində, habelə Azərbaycanın haqlı mübarizəsini apardığı Dağlıq Qarabağda Türkiyə mükəmməl siyasətə imza atmış oldu. Daha dəqiq desək, Türkiyə son onillikdə növbəti dəfə özünü regional güc mərkəzinə çevirdiyini sübuta yetirdi. Həmçinin, liderliyini praktik şəkildə isbatlamış oldu.
Bu arada, Rusiyanın Müasir Türkiyənin öyrənilməsi mərkəzinin direktoru Yuri Mavaşev də bənzər fikirlərini bölüşüb. SİA xəbər verir ki, bu barədə RBK-ya münasibətini açıqlayan rusiyalı ekspert bildirib ki, Cənubi Qafqaz regionuna nəzarət etmədən Türkiyə enerji təhlükəsizliyini təmin edə bilməz.
Rusiyanın Müasir Türkiyənin öyrənilməsi mərkəzinin direktoru Yuri Mavaşev: “Cənubi Qafqaza nəzarət mexanizmi olmasa Türkiyə Yaxın Şərqin tamhüquqlu sahibinə çevrilə bilməz”
“Bu, əsasən boru kəmərləridir. Həm mövcud TANAP, BTC, həm də Mərkəzi Asiya ölkələri üçün perspektivli olan nəqliyyat dəhlizləri baxımından. Bundan əlavə, Cənubi Qafqaza nəzarət mexanizmi olmasa Türkiyə Yaxın Şərqin tamhüquqlu sahibinə çevrilə bilməz”, deyə Mavaşev bildirib.
Lakin göründüyü kimi, Türkiyənin dünyada müstəqil siasət yürütməsi, eləcə də bir sıra beynəlxalq əhəmiyyətli qərarların verilməsində özgür qərarlar verməsi artıq bu ölkənin daha böyük miqyaslı söz sahibinə çevirlməsini təsdiq edən faktdır.
Beləliklə, istər Qarabağ münaqişəsinin tənmizlənməsi və Azərbaycanın işğalçı Ermənistanı sülhə məcbur etməsi baxımından, istərsə də digər regional məsələlər baxımından, qardaş Türkiyə dövləti aparıcı aktorlardan birinə çevrilib və bu gerçəklikdən əlbəttə ki, Azərbaycan da öz səmərəsini götürməkdədir. Çünki ortada daha bir reallıq – “Bir millət, iki dövlət” sarsılmaz, əbədi prinsipi dayanmaqdadır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB