"Həmsədrlər məsələyə obyektiv baxış sərgiləməlidirlər" ÖZƏL-MÖVQE

"Həmsədrlər məsələyə obyektiv baxış sərgiləməlidirlər" ÖZƏL-MÖVQE

"Torpaqlarımızın işğal olunduğu dövrdən etibarən beynəlxalq ictimaiyyət hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunub. Eyni zamanda, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq və regional təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək müvafiq sənədlər də qəbul ediblər". Bunu SİA-ya millət vəkili Kamran Bayramov deyib.

Deputatın sözlərinə görə, lakin buna baxmayaraq, Ermənistan 30 ilə yaxındır ki, bu sənədlərə məhəl qoymurdu: "İllər ərzində Azərbaycan məsələnin sülh yolu ilə həllinə tərəfdar olub, yarandığı vaxtdan bu günədək ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda konstruktiv mövqe nümayiş etdirib. Ermənistan tərəfi isə müxtəlif bəhanələrlə danışıqları ya uzadıb, ya boyun qaçırıb, ya da məqsədyönlü şəkildə pozub və bu gün də pozmaqdadır. Təkcə son yarım ayda humanitar atəşkəs haqqında üç dəfə əldə olunmuş razılaşmalara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələrini - Gəncəni, Bərdəni, Mingəçeviri, Naftalanı, Goranboyu, Daşkəsəni, Tərtəri, Ağcabədini, Yevlaxı, Beyləqanı və digər şəhər və rayonlarımızı mütəmadi olaraq ağır artilleriya və raket atəşinə tutmuşdur.

ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyətinə gəldikdə isə etiraf etmək lazımdır ki, onların fəaliyyəti münaqişənin ilk illərində fəal olsa da, sonradan səngiyib və təəssüf ki, heç bir nəticə verməyib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğunu vurğulasalar da, onun dəyişməsi üçün heç bir real tədbir görməmişlər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bir ayda olan fəaliyyəti və baş verən hadisələrə münasibəti isə ümumiyyətlə anlaşılan deyildir. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin raket atəşinə tutulması, beynəlxalq humanitar hüququn Ermənistan tərəfindən kobudcasına pozulması kimi faktlara bu qurum biganəlik nümayiş etdirir və sanki, bunu qəbul edir. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti və münaqişəyə münasibəti köklü şəkildə dəyişilməli, həmsədrlər məsələyə obyektiv baxış sərgiləməlidirlər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə