Qarabağ müharibəsi dünya orduları üçün yüksək texnoloji dərs verdi - MÜSAHİBƏ

İqor Korotçenko: "Rusiya Azərbaycana 5 milyard dollar dəyərində silah verib. Pulotsuz təyyarələri isə Azərbaycan əsasən, İsraildən alıb"

Qarabağdakı müharibə dünyanın hər yerindəki ordular üçün yüksək texnoloji silahların istifadəsində yeni bir dərs verdi. PUA-lar orada çox fəal şəkildə istifadə olunur və effektiv nəticələr göstərir. Bu yeni vəziyyətdən hansı nəticələr çıxarmalıyıq? Ordumuzun müvafiq təcrübəsi və hava hücumundan müdafiə vasitələri varmı? Rusiya özünü pilotsuz təyyarələrdən necə qoruya bilər? İnna Novikovanın bu və digər suallarının Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın rəhbəri, "Milli Müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert, polkovnik İqor Korotçenko cavablandırıb. Həmin müsahibəni olduğu kimi oxucularımıza təqdim edirik.

- İqor, dediniz ki, Azərbaycan Qarabağdakı müharibəyə texnoloji cəhətdən çox fəal şəkildə hazırlaşıb. Bunu necə şərh edərdiniz?

- Azərbaycan 2016-cı ilin aprel döyüşləri zamanı da pilotsuz təyyarələrdən fəal şəkildə istifadə etdi, iyul hadisələri zamanı da, yəni, uzun müddətdir müasir yüksək texnologiyalı bir ordu qurma yolunu tutub. Azərbaycan bu ən modern silahları, bunları ona satmağa razı olan ölkələrdən alıb.

Xüsusilə, Rusiya Azərbaycana 5 milyard dollar dəyərində silah verib. Ancaq PUA-lara gəldikdə, biz, əlbəttə ki, pilotsuz təyyarələrin istehsalı sahəsində lider deyilik, buna görə də Azərbaycan bunları əsasən, İsraildən aldı.

Ermənistan bu boşluğu öz hərbi-texniki həlləri ilə aradan qaldırmağa çalışdı. 2016-cı il müharibəsindən sonra Ermənistanda kəşfiyyat və birdəfəlik hücum pilotsuz təyyarələrini inkişaf etdirməyi öz üzərinə götürən bir neçə ixtisaslaşmış şirkət yaradıldı.

Ancaq başa düşmək lazımdır ki, Ermənistanın texnoloji imkanları, əlbətdə ki, İsrailin gücü ilə müqayisə edilə bilməz, bu səbəbdən də pilotsuz təyyarələr və onların istifadəsi üçün texnologiyalar sahəsində Azərbaycan israillilərin malik olduğu PUA-ların ən yaxşısını ala bildi. Son hadisələrin də göstərdiyi kimi, bu dronları son dərəcə effektiv bir şəkildə istifadə etdi.

- Ancaq Ermənistan ordusunun havadan müdafiəsi var...

- Ermənistanın hava müdafiəsi rəqibin pilotsuz uçuş aparatlarının belə geniş miqyasda istifadəsinə hazır deyildi. Bu səbəbdən, sanki kompüter oyunlarında gecə vuruşları da daxil olmaqla, zərbələrin necə baş verdiyini bizə göstərən belə bir müharibə mənzərəsi görürük.

Əlbətdə ki, bunların hamısı qurban, məhv edilmiş insanlardır, amma müharibənin həmişə qəddar bir şey olduğu açıqdır. Bütün bu texnoloji, robot müharibə vasitələri indi bütün dünya üçün ciddi bir xəbərdarlığa çevrildi.

Heç olmasa Rusiyada, hər hansı bir düşmənin bizə qarşı oxşar silahlardan istifadə edə biləcəyi şəraitdə hava hücumundan müdafiə sistemimizi necə modernləşdirəcəyimizə dair nəticələr çıxarmalıyıq.

Bu, quru qoşunlarına qarşı hava müdafiəmiz üçün ciddi bir problemdir, çünki pilotsuz təyyarələr orduda olan silah və hərbi texnikanı vurmaq üçün fəal şəkildə istifadə olunur.

Bu proseslə biz sistem səviyyəsində məşğuluq. Xüsusilə, Rusiya quru qüvvələrinin strukturunda müvafiq bir şöbə var- general-leytenant Aleksandr Leonovun rəhbərlik etdiyi quru qoşunlarının hava müdafiəsi.

Quru qüvvələrimizin qorunması üçün silah istehsalı üçün əsas mərkəz İjevskdəki "Kupol" Elektromexanika Zavodudur. Keçən il bu zavod Müdafiə Nazirliyi ilə müxtəlif modifikasiyalı "Torrent 2" komplekslərinin istehsalı üçün 100 milyard rubl məbləğində müqavilələr imzaladı. Bu komplekslər pilotsuz təyyarələrə qarşı işləmək üçün uyğunlaşdırılır.

Bizim üçün ilk zəng Qarabağ müharibəsindən çox əvvəl çalınıb. Xüsusilə, yüksək texnoloji bir müharibə apardığımız Suriyada terror qrupları asimmetrik müharibə metodları axtarmağa başladılar.

Təyyarələrimizin "Xmeimim" hərbi hava bazasındakı park yerlərinin GPS ilə açıq şəkildə qeyd olunduğu uçuş tapşırıqları ilə hərəkət edən dronlar əldə etdilər.

15, 20, 30 bu tip pilotsuz təyyarələrin cəlb olunduğu onlarla belə reyd başlayanda ilk dəfə belə bir təhlükə ilə qarşılaşdıq və "Xmeymim"dəki hava bazasının qorunması ilə əlaqədar çox ciddi tədbirlər görməyə məcbur olduq.

Effektiv bir müdafiə və aşkarlama sistemi quruldu, çünki aşkar etmə, hədəf təyin etmə siqnalı vermək və hava müdafiə sistemlərini aktivləşdirmək vacibdir. Suriyadakı aviabazamızı qoruyan "Torrent 2" kompleksləridir.

Basqınlarda iştirak edən pilotsuz təyyarələrin 90 faizi bu komplekslər tərəfindən vuruldu, qalan 10 faizi isə "Xmeymim"i əhatə edən digər hava hücumundan müdafiə sistemləri və kompleksləri tərəfindən məhv edildi.

İndi kökündən fərqli bir səviyyəni görürük. Dağlıq Qarabağda primitiv pilotsuz təyyarələr deyil, Ermənistan ordusunun texnikasını çox dəqiq və effektiv şəkildə məhv etməyə başlayan yüksək texnoloji insansız uçan aparatlar iş aparır.

Bu təcrübəni öyrənməli və yeni istifadə konsepsiyalarını dərk etməliyik, çünki İsrailin pilotsuz təyyarələri Azərbaycana ötürməsi və konseptual səviyyədə Azərbaycan hərbçilərinin belə bir texnoloji müharibə aparmasına kömək etdiyi açıq-aşkar görünür.

Bu hər kəs üçün yaxşı bir dərsdir. Bölmələrimizin pilotsuz təyyarələri məğlub etməyə hazır olması üçün bu döyüş təcrübəsinin çox ciddi şəkildə araşdırılması tələb olunur. Doğrudan da, gələcəkdə bu cür düşmənçiliklər bizə qarşı hər hansı bir düşmən tərəfindən aparıla bilər.

Tərcümə etdi - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...