Paşinyan hakimiyyətinə “yolun sonu” göründü

Paşinyan hakimiyyətinə “yolun sonu” göründü

Cəbhənin Tovuz istiqamətində erməni təxribatından sonra başlayan hərbi əməliyyatların ilk günlərində Ermənistan baş naziri N.Paşinyanın miskin və rəzil davranışına “Rossiya seqodnya” və “Sputnik” agentliklərinin rəhbəri Marqarita Simonyan belə üsyan edir və onun Rusiyaya yönələn “yardım xahişlərindən” iyrəndiyini bildirirdi:

“Nə etdiyinizə baxın. Özünüzü necə aparırsınız...

Rusiyadan aldığınız çoxillik yaxşılıq və müdafiəyə nadanlıqla cavab verirsiniz.

Qarşınızda türk ordusunu görən kimi Rusiyadan kömək diləyirsiniz?

Son illərdə Rusiyaya göstərdiyiniz bütün pislikdən və nifrətdən sonra sizin kömək gözləməyə haqqınız yoxdur!

Əslində, etdiyiniz bütün işlərdən sonra Rusiya sizə tüpürmək və sizi silmək üçün tam mənəvi haqqa malikdir”.

Həmin günlərdə “Rusiya nankorluq və xəyanətkarlıq “şakərindən” əl çəkməyən Ermənistanın hərəkətlərinə nə qədər dözəcək?” adlı məqaləm bu cümlələrlə bitirdi: “Ermənilərin bu cür nankor davranışına Rusiya nə qədər səbr edəcək? Məlum deyil. Ancaq “erməni xalqının müttəfiqinin” səbrinin son həddə qədər tükəndiyi şübhə doğurmur. Ümid etmək olar ki, yaxın vaxtlarda Rusiya xəyanətkarlıq kimi “şakəri” olan “dost”unun arxasından tamamilə çəkiləcək və döyüş meydanında Azərbaycanla təkbətək qalan Ermənistan indiyə qədər “araba kölgəsində” yaşadığını bütün kəskinliyi ilə anlayacaqdır”.

İyul təxribatı zamanı Tovuz rayonunu artilleriya atəşinə tutaraq strateji cəhətdən mühüm əhəmiyyətə malik olan ərazini ələ keçirməyə çalışan Ermənistan ordusuna silahlı qüvvələrimiz zəruri “dərsi” verdilər. Sərhəddə yerləşən kəndlərimizi ağır silahlardan atəşə tutan düşmən hücumunun qarşısı qəhrəman ordumuz tərəfindən qətiyyətlə alındı, erməni hərbi hissələrinə ağır zərbələr vuruldu. Düşmənin ağır hərbi texnikaları, istekamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edildi və qarşı tərəf yüzlərlə hərbçisini itirərək geri çəkilmək məcburiyyətində qaldı.

Ümid etmək olardı ki, Ermənistan hökuməti aldığı layiqli dərsdən nəticə çıxaracaq və bundan sonra Azərbaycan ordusunun gücünü “sınamaq” kimi təhlükəli “eksperimentlərdən” uzaq olacaq. Çox təəssüf ki, ermənilərin “ağıllanacağına” olan ümidlərimiz yenə özünü doğrultmadı.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdular. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevdən erməni ordusunu darmadağın etmək və cəbhəboyu əks-hücuma keçmək əmri alan ordumuz qısa müddətdə xeyli ərazini işğaldan azad etdi,minlərlə düşmən əsgərini məhv etdi. Hərbi əməliyyatların Azərbaycan ordusunun böyük üstünlüyü ilə davam etməsindən qorxuya düşən Ermənistan rəhbərliyi sınaqdan dəfələrlə çıxardıqları üsullara yenidən əl atdı. “Genişmiqyaslı ağlaşmalar”, şikayətlər, yardım xahişləri ilə dünyanı bezdirmək kampaniyası yenidən işə salındı. Nəticə Ermənistanı şoka saldı. Gözlənilən dəstək nəinki gəlmədi, əksinə,verilən bəyanatlar göstərdi ki, dünya erməni yalanlarından, erməni həyasızlığından təngə gəlib. Bu baxımdan Bundestaqın cənubi Qafqazla dostluq qrupunun rəhbəri Barbara Hendriksin sözləri beynəlxalq aləmin münaqişəyə necə yanaşdığının göstəricisidir:

“Tam birmənalı şəkildə demək olar ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ermənilər üçün nə qədər çətin olsa da Ermənistan Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu tanımalıdır”.

N.Paşinyanın yalvarışlarından təngə gələn dünya liderlərinin müraciətlərinə cavab olaraq Azərbaycan prezidenti İ.Əliyev hərbi əməliyyatları dayandırmaq üçün ermənilər qarşısında 4 şərt qoydu: “Birinci zəmanət. Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir”.

Azərbaycan ordusunun zəfər yürüşündən iradəsini itirən N.Paşinyan iş gününü demək olar ki, dünya liderlərini telefon zəngləri ilə bezdirməklə keçirir. Zənglər arası fasilələrdə Azərbaycan prezidentinin şərtlərini necə qəbul edəcəyini götür-qoy edir. Anlayır ki, bütün hallarda son bir cür olacaq. Bu barədə iki ay əvvəl xəbərdarlıq etmişdik: “N.Paşinyan “Dağlıq Qarabağı Azərbaycandan qoparmaq” xəyallarından imtina etməsə onu siyasi karyerası böyük uğursuzluqla bitən “gözü çıxan qardaş”ının, Levon Ter-Petrosyanın taleyi gözləyir”.

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans partiyasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə