Qarabağın işğalına qarşı kor, kar və lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür - ƏRDOĞAN

Türkiyə Böyük Millət Məclisinin toplantısında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Azərbaycanla bağlı məsələyə toxunub. SİA-nın məlumatına görə, Ərdoğan qeyd edib ki, Qafqaz torpağının hər qarışı yeni bir qarşıdurma potensialına sahib bir böhran bölgəsi olaraq qalmağa davam edir və Dağlıq Qarabağı işğal edən ermənilərin Azərbaycana qarşı hücumu ilə başlayan qarşıdurmalar, əslində, bunun ən bariz nümunəsidir. SİTAT: "Azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqları azad etmək və vətənlərini qorumaq üçün apardıqları mübarizədə yanlarında olduğumuzu buradan bir daha bildirmək istəyirəm. Ermənilərin qədim Azərbaycan torpağı olan Qarabağın işğalına qarşı kor, kar və lal qalanların bu gün sərgilədikləri münasibət ikiüzlülükdür. İşğalçılara səssiz qalıb vətənlərini müdafiə edənlərin və onların yanında yer alanları ittiham edənlərin sözlərinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Türkiyə olaraq "BİR MİLLƏT İKİ DÖVLƏT" kimi gördüyümüz azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi verməyə davam edəcəyik. Qarabağın işğalı zamanı mərhum Abdurrahim Karakoçun aşağıdakı sətirlərndə ifadə etdiyi hissi bu gün demək olar ki canlı yaşayırıq: "Böyle geldi, böyle gitmez bu oyun. Zalimleri iflah etmez bu oyun. Umduklari gibi bitmez bu oyun. Mazlumlarin ekmeği, tuzu bizdedir. Sizdeki yaranin özü bizdedir".

Bölgədə davamlı sülhə aparan yolun ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpaqlarından geri çəkilməli olduğunu bildirən Türkiyə prezidenti, "Bu quldur dövləti dəstəkləyənlərin insanlığın vicdanı qarşısında cavab verəcəkləri barədə xəbərdar edirəm. Rəbbim azərbaycanlı qardaşlarımızın köməyi olsun. Bu mübarizədə şəhid olanlara Allahdan rəhmət, azərbaycanlı qardaşlarıma başsağlığı verirəm", - deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə