Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! - ŞƏRH

Prezident İlham Əliyev: "Bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir"

Bu gün məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyv cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Azərbaycan tarixinə qələbələr yazır. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı döyüşlərdə bərkiyə-bərkiyə, azadlığa yetmək üçün haqq yolundan, Vətən yolunda canından keçərək yaralanan yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirdi ki, biz haqq yolunda, öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq: "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar".

"Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır"

Azərbaycan Prezidenti bildirib ki, bizim əsgərlərimizxilasgar əsgərlərdir, erməni əsgərləri isə işğalçı əsgərlərdir: "Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür".

Dövlət başçısı, həmçinin erməni xalqını işğalçı dövlətin rəhbərlərinin çirkin oyunlarının girovuna çerilməməyə, övladlarını Azərbaycan torpaqlarına vuruşmağa göndərməmək mesajını da verib: "Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik".

"Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır"

"Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq",- deyən dövlət başçısı bildirib ki, bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik: "Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik".

"Bizim erməni xalqı ilə işimiz yoxdur"

Azərbaycan Prezidenti çıxışı zamanı bildirib ki, erməni xalqı bu çağırışı düzgün başa düşəcək, uzun illər onlara quldur kriminal rejimin rəhbərlik etdiyini və ondan xilas olmaq yolunda mübarizə aparmağı bildirib: "Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşlarımızdır. Ona görə bizim davamız haqq davasıdır. Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir".

"Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam"

"Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır". Bu fikirləri deyən dövlət başçımız bu məsələ ilə məşğul olan beynəlxalq tərəflər erməni tərəfinə lazımıi səviyyədə təsir edə bilmədiyini deyib: "Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır".

"Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar"

Prezident İlham Əliyev çıxış zamanı Ermənistanın baş nazirinin düşünülməmiş şərtlə danışdığını bildirərrək deyib ki, bizim şərtlərimizə əməl etməsələr, Ermənistanda qan töküləcək: "Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk. Hələ ki gec deyil. Mən bir daha sözümü demək istəyirəm ki, Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır".

Dövlət başçısı, həmçinin bütün beynəlxalq təşkilatlarının da qondarma "Daclıq Qarabağ respublikası»nı tanımadığını deyib: "Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir dövləti qondarma "DQR" nı tanımır. Bu, bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu, bizim torpağımızdır. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək".

"Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!"

Orduda, insanlar arasında böyük ruh yüksəkliyinin olduğunu deyən Azərbaycan Prezidenti bildirib ki, xalqımızın, xaricdən, qardaş Türkiyədən gələn məktublarda bizimlə bir olduqlarını bildirirlər: "Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!"

"Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır"

"Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır",- deyən dövlət başçımız bugün Azərbaycan xalqı, Azərbaycan əsgərinin bu döyüşü bir daha Azərbaycanımızın haqq yolunda olduğunu göstərir: «Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz, danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün".

Azərbaycan Prezident ionu da bildirib ki, artıq beynəlxalq təşkilatlar da bunu görür və bizim mövqeyimizi dəstəkləyirlər: "Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Bilirsiniz ki, Azərbaycan dünyada güclü mövqelərə malikdir. Son illər ərzində biz beynəlxalq təşkilatlarda kifayət qədər səmərəli fəaliyyət göstərmişik və haqlı olduğumuzu sübut edə bilmişik. Biz bunu sübut etməli idik ki, biz haqlıyıq. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT – bütün bu təşkilatlar bizim mövqeyimizi dəstəkləyən bəyanatlar veriblər. Biz buna görə minnətdarıq".

"O vaxt orada erməni əhalisi olmayıb, ondan sonra köçürülüb"

Dövlət başçısı məsələnin tarixi tərəfinə də toxunaraq bildirib ki, erməni adlı əhali olmayıb, sonradan yaranıblar, tarixi həqiqət bizim tərəfimizdədir: "Qarabağ xanlığının tarixi ilə əlaqədar materiallar var. Qarabağ xanlığının Rusiya imperiyasına daxil edilməsi ilə əlaqədar məlumatlar var. Kürəkçay sülh müqaviləsi haqqında məlumatlar var. Kürəkçay sülh müqaviləsini bir tərəfdən bağlayan İbrahim Xəlil Xan şuşalı və qarabağlı, - müqavilədə belə də yazılmışdır, - şuşalı və qarabağlı İbrahim Xəlil Xan. Digər tərəfdən çar Rusiyasının generalı imzalamışdır. Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlimə də yoxdur. Bu, nəyi göstərir? Onu göstərir ki, o vaxt orada erməni əhalisi olmayıb, ondan sonra köçürülüb. Ondan sonra onlar artıq orada yerləşiblər və sonra bizə qarşı ərazi iddiaları qaldırıblar. Ona görə biz tamamilə haqlıyıq. Bizim davamız haqq davasıdır. Biz öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Mən bunu bütün beynəlxalq kürsülərdən dəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik".

"Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı "Vətən sağ olsun" deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar"

Prezident İlham Əliyev bildirib ki, bu gün 3-4 gün ərzində Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində mülki əhaliyə qarşı atəş etmələrini erməni faşizminin eybəcər sifətini göstərdiyini deyib: "Bu son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur. Onlar yeni təxribatlar hazırlayır, bizim yaşayış məntəqələrimizi yenə də atəşə tutmaq istəyirlər və bunu davam edirlər. Hər gün mülki əhali arasında itkilərimiz artır. Dünən səhərə olan məlumata görə bizim 10 mülki vətəndaşımız həlak olmuşdur. Bu gün səhər mənə verilən məlumata görə isə həlak olan mülki vətəndaşların sayı 13-ə çatıb. Bu, nə deməkdir? Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak olub, 40-dan çox mülki şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı "Vətən sağ olsun" deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan Ordusu onları müdafiə edəcək. Onlar səbirsizliklə o anı gözləyirlər ki, işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala son qoyulsun".

"Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq"

Sonda dövlət başçısı yaralı əsgərlərimizin tezliklə tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyalarını davam etdirməyi arzuladı: "Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib".

"Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır"

"Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər",- deyən Prezident İlham Əliyev bir daha əminliklə söylədi ki, Azərbaycan xalqı belə şücaətli, igid oğllarımızla qürur duyur və tezliklə bu zəfərlə Qarabağ bizimidir, Qarabağ Azərbaycandır: "Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə