“Beynəlxalq təşkilatlar, aparıcı ölkələr başa düşürlər ki, ərazilər işğaldan azad olunmayana qədər mübarizə davam edəcək” POLİTOLOQ

“İndi hərbi əməliyyatların keçirilməsi, müharibənin yeni mərhələsinin başlanmasının əsas səbəbi odur ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 ilə yaxındır həyata keçirilmir. BMT vaxtilə ATƏT-in Minsk Qrupuna mandat vermişdi ki, bu qətnamələrin yerinə yetirilməsi üçün fəaliyyət göstərsin. ATƏT də hər il bu mandatı necə icra etməsinə dair BMT-yə hesabat verirdi. Faktiki olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə dair son 30 ilə yaxın müddətdə heç bir addım atılmayıb”. SİA xəbər verir ki, bu fikirləri politoloq Eldar Namazov son məlum proseslərə mətbuat vasitəsi ilə şərh verərkən deyib.

Namazovun sözlərinə görə, bu gün bir sıra xarici ölkə rəhbərlərinin və təşkilatlarının Qarabağda baş verənlərlə bağlı bəyanatları formal və standart xarakter daşıyır və belə də olmalıdır: “Reaksiyaları izləyirəm, bu, bizim üçün vacib amildir. Hesab edirəm ki, beynəlxalq qurumların, müxtəlif ölkələrin bəyanatları demək olar ki, standart xarakter daşıyır - sülhə çağırış, danışıqlar masası arxasında əyləşmək və s.”

“Əslində, onlar belə çağırışları etməli idilər, burada qeyri-adi hal yoxdur və gözləmirik də”, deyən politoloqa görə, bizim üçün daha vacibi bu prosesə ciddi müdaxilə edə biləcək qüvvələrin reaksiyasıdır: “İlk növbədə söhbət Ermənistanın hərbi müttəfiqi olan Rusiyadan gedir. Rusiya siyasi rəhbərliyi bu günə qədər neytral mövqedə dayanır. Həmçinin siyasi rəhbərliyin mövqeyinə dair Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri tərəfindən çox qısa informasiya verilir. Əlbəttə, bu, maraqlı reaksiyalardır”.

“Ermənistanın Rusiya ilə imzaladığı ikitərəfli hərbi sazişlər, KTMT çərçivəsində imzaladığı sənədlər yalnız Ermənistanın öz ərazisinə aiddir”

Eldar Namazov Rusiyanın neytral mövqedə dayanmasını Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirib və bunun üçün bir sıra əsasların da olduğunu deyib: “Kremlə yaxın olan ekspertlər “Birinci kanal”, “Rossiya” və NTV kanallarında çıxışlarını izləyir və qiymətləndirirəm. Burada maraqlı mənzərə var. Bəzi verilişlər tamamilə Azərbaycanın haqlı mövqeyini ortaya qoyur. O cümlədən, aparıcı tok-şoularda da belə fikirlər səsləndirilir. Açıq ifadə edilir ki, Azərbaycan öz ərazilərində vuruşur, Azərbaycan torpaqları işğal altındadır və bu, BMT qətnamələrində qeyd edilir. Ermənistan bu torpaqları işğal edib və azad etmək haqqında düşünmür”.

Politoloq hesab edir ki, Azərbaycan haqlı mövqedədir və heç kim burada Ermənistana yardımçı ola bilməz. Belə ki, burada söhbət Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan sərhədləri çərçivəsindən gedir: “Ermənistanın Rusiya ilə imzaladığı ikitərəfli hərbi sazişlər, KTMT çərçivəsində imzaladığı sənədlər yalnız Ermənistanın öz ərazisinə aiddir. Bu sənədlər Azərbaycan ərazilərinə aid ola bilməz. Mən bu fikirləri son iki gündə əksər rus kanallarında eşitmişəm. Bəzi ermənipərəst ekspertlər və tok-şou aparıcılarının da davranışlarını izlədim. Onlar ermənipərəst mövqelərini ifadə etməklə yanaşı, məcburiyyət qarşısında deyirlər ki, beynəlxalq hüquq normaları baxımından hadisələrin baş verdiyi məkan Azərbaycan ərazisidir, Rusiya burada addım ata bilməz”.

“Qafqazda Türkiyə amili Rusiya amilini neytrallaşdıra biləcək gücə sahib faktordur”

Namazov daha bir maraqlı amilə, Türkiyə faktoruna da toxunub və qeyd edib ki, əslində, Rusiyanın bu məsələdə neytral mövqedə dayanmasına səbəb olan daha bir neçə məqamlar mövcuddur, o cümlədən, Türkiyənin Azərbaycanın haqlı və ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləməsi Azərbaycan diplomatiyasının qələbəsi kimi dəyərləndirilməlidir: “Bütün rus kanallarında Türkiyə amili qabardılır. Bu, həqiqətən də belədir. Əvvəllərdə çıxışım zamanı qeyd etmişəm ki, Qafqazda Türkiyə amili Rusiya amilini neytrallaşdıra biləcək gücə sahib faktordur. Həqiqətən də indi Rusiyanın tanınmış ermənipərəst mütəxəssisləri qeyd edirlər ki, Rusiya bir addım ata bilmir, əl-qolu bağlıdır. Ona görə ki, bura Azərbaycan ərazisidir. Üstəlik, Azərbaycanın hakimiyyəti də hər bir ölkə ilə saziş imzalaya bilər. Heç kim bunu qadağan edə bilməz. İndi rus ekspertləri narahatdırlar ki, Türkiyə ordusu da gəlib Qarabağ savaşında iştirak edə bilər. Çünki beynəlxalq hüquq baxımından bunun heç bir qadağası yoxdur. Biz bunu Suriya prosesi ilə müqayisə edə bilərik. Rusiya Suriyada gedən proseslərə niyə müdaxilə etdi? Suriyanın beynəlxalq aləmdə tanınan rəhbərliyi, Bəşər Əsəd artıq ölkənin 10-20 faizinə nəzarət edə bilmirdi. Həmin məqamda Rusiya elan etdi ki, Suriya qanuni hakimiyyəti onunla müqavilə imzalayıb və bu müqaviləyə əsasən ona müraciət edərək hərbi dəstək istəyib. Əlavə edildi ki, biz də qanuni yolla onlara hərbi dəstək veririk. İndi təsəvvür edin ki, döyüşlərin Azərbaycanın ərazisində getdiyini ABŞ, Rusiya və Avropa qəbul edir. Ancaq Azərbaycan Türkiyə ilə müqavilə imzalayıb bu ölkədən dəstək istəsə və Türkiyə də buna müsbət cavab versə, müharibədə iştirak edə bilər. Beynəlxalq hüquq normaları baxımından burada heç bir məhdudiyyət yoxdur. Rusiya isə müdaxilə edə bilməz, çünki bu, Azərbaycan ərazisidir və Azərbaycan hökuməti öz ərazisinə Rusiyanı dəvət etmir. Odur ki, rus ekspertlərini ən çox qorxudan və narahat edən məsələ hadisələrin belə istiqamətdə inkişafıdır. Onlar deyirlər ki, biz müdaxilə etmirik, Türkiyə də etməsin. Bu da əslinə qalsa Azərbaycan diplomatiyasının qələbəsidir. Dünənə qədər ermənilərdə belə fikir formalaşırdı ki, Rusiya həmişə ermənilərin yanındadır, müttəfiq kimi Ermənistanın işğalçı siyasətinə dəstək verir və bundan sonra da verəcək. Ancaq türk amili bura gəldikdən sonra artıq Rusiya tərəfinin ən böyük istəyi odur ki, türk ordusu Qarabağa girməsin. Özləri də ehtiyatla davranırlar ki, bunun üçün bəhanə verməsin”.

“Peskov bildirdi ki, ehtiyac yaransa, Rusiya Prezidenti Azərbaycan Prezidentinə zəng edər... Putin də Azərbaycan Prezidentinə zəng etməyə tələsmir”

Politoloq Rusiya prezidentinin köməkçisi Dmitri Peskovun məlum bəyanatına da münasibət bildirərək deyib ki, hərbi əməliyyatlar başlayan kimi Paşinyan dərhal Rusiya Prezidenti Putinə zəng etdi və burada gizli heç nə yoxdur: “Paşinyanın Putindən nəyi xahiş etməsi də prinsipcə aydındır. Bu barədə sual Peskova veriləndə qeyd etdi ki, Rusiya rəhbərliyi bu prosesləri izləyir, narahatdır. Azərbaycanla bağlı danışıqların gedib-getməməsi haqda suala cavabında Peskov bildirdi ki, ehtiyac yaransa, Rusiya Prezidenti Azərbaycan Prezidentinə zəng edər. Bu, o deməkdir ki, Azərbaycan prezidenti Moskvaya müraciət etməyib. Putin də Azərbaycan Prezidentinə zəng etməyə tələsmir. Bunun da səbəbi aydındır”.

“Əgər Paşinyan yalvarsa ki, biz torpaqları azad etməyə hazırıq və xahiş edirik bu məsələdə vasitəçilik edin...”

Eldar Namazov iyulda Tovuzda baş verən erməni təxribatı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana silah göndərilməsi ilə bağlı Rusiyanın dövlət başçısı Vladimir Putinə etdiyi telefon zəngini və digər təfərrüatlara da ilginc aydınlıq gətirib və bir sıra əsaslara söykənən fikirlərini qeyd edib: “İyulda baş verən Tovuz döyüşlərindən sonra məlum oldu ki, Rusiya Qazaxıstan-Türkmənistan-İran vasitəsilə Ermənistana hərbi sursat göndərməyə başlayıb. Bu zaman Azərbaycan Prezidenti Vladimir Putinə zəng etdi və konkret suallar qoydu. Rusiya lideri də müafiə nazirini Bakıya göndərdi ki, gəlib bu suallara cavab versin. Şoyqu da Bakıda elə izahat verdi ki, buna ancaq gülmək olardı. Azərbaycan Prezidentinin köməkçisi də bəyan etdi ki, nazir Şoyqunun izahatı bizi qane etmir. Bütün bunlardan sonra Putin Azərbaycan Prezidentinə zəng edib nə haqda danışa bilər? Güman edirəm ki, cənab Putin yalnız bir halda Azərbaycan Prezidentinə müraciət edə bilər. Əgər Paşinyan yalvarsa ki, biz torpaqları azad etməyə hazırıq və xahiş edirik bu məsələdə vasitəçilik edin, bu halda Rusiya prezidenti Azərbaycan dövlət başçısı ilə müzakirələri olar, konkret məsələ ətrafında danışa bilərlər. Yox əgər erməni tərəfi işğalı davam etdirmək, torpaqlardan çıxmaq istəmirsə və üstəlik, güc və türk amili varsa, bunu hər kəs hesablayır”.

“Ya bu əraziləri Azərbaycan ordusu azad edəcək, ya da beynəlxalq təzyiq altında erməni ordusu ərazidən çıxmalıdır”

İki vacib məsələ ilə bağlı Azərbaycan diplomatiyasının uğurundan danışmaq olduğunu bildirən Namazov qeyd edib ki, ilk olaraq, Qarabağ məsələsi yenə də dünyanın diqqət mərkəzindədir: “Beynəlxalq təşkilatlar, aparıcı ölkələr başa düşürlər ki, problemi dondurmaq mümkün deyil, ərazilər işğaldan azad olunmayana qədər mübarizə davam edəcək. Ya bu əraziləri Azərbaycan ordusu azad edəcək, ya da beynəlxalq təzyiq altında erməni ordusu ərazidən çıxmalıdır. Bu vacib mövzunun dünyanın gündəminə qayıtması və əsas mövzu olması Azərbaycan diplomatiyasının ciddi uğurudur”.

İkinci ciddi uğur kimi isə türk amilinin Cənubi Qafqazda aparıcı hərbi-siyasi amilə çevrilməsi və Rusiyanın da bununla hesablaşmağa məcbur olması ilə əlaqələndirən politoloq həmin reallığı da danılmaz diplomatik nailiyyət qiymətləndirib. Fikrimcə, bu da diplomatiyanın ciddi nailiyyətidir.

“Şübhəsiz ki, indi əsas nailiyyəti Azərbaycan oğullarından və qəhrəman əsgərlərimizdən gözləyirik”, deyə Eldar Namazov qeyd edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə