“Otuz il səbirsizliklə gözlədiyimiz məqam yetişdi" ÖZƏL-MÜNASİBƏT

“Otuz il səbirsizliklə gözlədiyimiz məqam yetişdi. Ali Baş Komandan "Vur!" əmri verdi. Əsgərimiz rəşadətlə düşmənin üzərinə şığıdı. Ordumuz otuz ildir torpaqlarımızı işğalda saxlayan, bir milyon vətəndaşımızı qaçqın, köçkün həyatı yaşamağa məhkum edən, on minlərlə qardaş və bacılarımızı qətlə yetirən, xalqımıza qarşı soyqırımlar, qətliamlar həyata keçirən düşmənə sarsıdıcı zərbə vurur. Zəfər yaxındadır. Hər birimizin ürəyi Böyük Qələbə arzusu ilə döyünür”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, əfsuslar olsun ki, otuz ildir ermənilərin cinayətinə, ədalətsizliyə, haqsızlığa göz yuman böyük dövlətlər, indi araya girib bizi barışa çağırırlar: “Əslində, onlar erməniləri xilas etmək istəyirlər. Budur, gah Rusiyadan, gah Amerikadan, gah Fransadan zənglər gəlir. Hamısı da durun, barışın deyirlər. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən bu ölkələr ciddi cəhdlə qarşımızı kəsmək istəyirlər. Həmin dövlətlərin başçılarına demək istəyirəm ki, ədalətli və aqil insanlar öncə baş verənlərin qaynağına enər, səbəbini araşdırarlar. Amma siz adil deyilsiniz. İşğalçı ilə işğala məruz qalanı bir tutursunuz. Bizi olanlarla barışmağa, təcavüzkarın zorla əldə etdiyini ona peşkəş etməyi vadar edirsiniz. Bu, olmayacaq! Əsla olmayacaq! Hər şey geridə qaldı. Olub bitənləri yenidən çözələməyə vaxtımız yoxdur. Sizin köhnə mahnılarınıza qulaq asmaq heç bir fayda gətirməz.

Özünüzü güclü sayırsınız. Bizə ağıl öyrədirsiniz, hədə gəlməyi də sevirsiniz. Öyünməyin! Ərazimiz, əhalimiz sizinki qədər olmasa da,böyük kişiliyimiz, namusumuz, qeyrətimiz var! Sizlər özünüzü kiçik çiçəkləri günəş işığına həsrət qoyan qol-budaqlı palıd kimi aparırsınız. Olsun. Amma unutmayın ki, fırtına çiçəkləri əysə də, sındıra bilmir. Palıdı isə kökündən devirir. Sizlər insanlıq suçu işlədən terrorçu bir dövlətə necə dəstək verirsiniz? Uşaqları, körpələri,o cümlədən ana bətnindəkiləri, qadınları, qocaları amansızcasına doğrayanlara qəlbinizdə necə sayğı bəsləyirsiniz? Söylədikləriniz haqqa çağırmırsa susun, etdikləriniz ədalətə aparmırsa durun! Lütfən, mane olmayın! Qoyun bu haqq işimizi sona çatdıraq!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə