Bəhruz Quliyev: “Erməni təxribatının qarşısı ən sərt formada alınıb və torpaqlarımız azad ediləcək” AÇIQLAMA

"Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür". Bunu SİA-ya SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, bu gün Ermənistanda hazırkı hakimiyyətə böyük etimadsızlıq hökm sürür: "Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan düşünür ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərksilah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq".

B.Quliyev deyib ki, Azərbaycan işğalla barışmayacaq: "Ermənistanda bir-birini dəyişən hakimiyyətlər münaqişənin həlli üçün "mərhələli həll" planını qəbul etmirlər. Demək, lokal toqquşmalar və genişmiqyaslı müharibə ehtimalı hər zaman yüksək qalacaq. Bunun qarşısını nə Rusiyadan edilən telefon zəngləri, nə də həmsədrlərin ortamı yumşaltmaq üçün yaydıqları və yayacaqları bəyanatlar ala bilər. Düyməyə basılan mexanizm hərəkətdədir. Bir sözlə, erməni təxribatının qarşısı ən sərt formada alınacaq və torpaqlarımızı işğaldan azad edəcəyik".

Qurum rəhbəri əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanatında da bildirdi ki, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Bu mənada mən hesab edirəm ki, müki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının sübutudur: "Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan dəyib. Beynəlxalq ictimiayyət, ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə rekasiya verməli və ciddi qınanılmalıdır.

Ermənistanın bu cür təxribatlara əl atmasının ən əsas səbəblərindən biri də son dövrlər Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, Prezidentin irəli sürdüyü qlobal təşəbbüslərin – Qoşulmama Hərəkatının Zirvə toplantısı, BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi kimi məsələlərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsidir. Şübhəsiz ki, Azərbaycanın diplomatik cəbhədə bu uğurları Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Azərbaycan Ordusu hər an ayıqdır və erməni təxribatına cavab olaraq düşmənə sarsıdıcı zərbə vurmaq əzmindədir. Azərabaycan xalqı, ictimaiyyətimiz də öz Ordumuzun yanındadır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə