"Ordumuz bu gün hər birimizin qürur mənbəyidir" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Azərbaycan Ordusu bu gün hər birimizin qürur mənbəyidir. Bilirsiniz ki, 1992-ci ildə ordu yox dərəcəsində idi. Zabit çatışmırdı və zabit olmayan yerdə də təbii ki, təlim keçmiş əsgər olmur və s. İstər maddi, istərsə də mənəvi cəhətdən ordu demək olar ki, yox səviyyəsində idi. Amma bu gün Azərbaycan Ordusu dövlətimizin, şəxsən Prezidentimizin diqqəti və qayğısı sayəsində həqiqətən regionun ən güclü ordusuna çevrilib. Bunu təkcə mən deyil, hətta bir neçə müddət öncə NATO yetkilələrindən biri də qeyd etmişdi. Bu həqiqətən də belədir". Bunu SİA-ya Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib.

"Ordumuz müasir silahlarla silahlanıb, eyni zamanda orduda zabit, gizir, müddətdən artıq hərbi xidmət qulluqçular tam peşəkar heyətlə təmin olunub. Bu gün Azərbaycan Ordusu həqiqətən çox peşəkar, güclü, silah və texnikadan yüksək səviyyədə istifadə etmək bacarığına malik olan bir ordudur. Son Tovuz hadisələri də onu göstərdi ki, Ordumuz lazım gələndə istənilən vaxtı öz sözünü deyə biləcək bir gücdədir. Eləcə də istənilən halda düşmənin hər hansı bir təxribatının qarşısını almağa və tam layiqli cavab verməyə hazırdır. Bu baxımdan Azərbaycan Ordusu həqiqətən hər birimizin qürur mənbəyidir. Bu günün özündə orduda təlim toplantılarına başlanılıb və keçmiş əsgər, zabitlər də təlimlərə cəlb olunurlar. Bu da çox müsbət haldır. Çünki bu, müharibə şəraitində olan bir dövlət üçün çox vacibdir. Hərbi bilikləri yeniləmək, müasir silahlarla tanış olmaq, onlardan istifadə etmək baxımından bu təlimlərin çox mühüm rolu və əhəmiyyəti var. Hesab edirəm ki, Ordumuz istənilən vaxtı düşmənin hər hansı bir təxribatının qarşısını almağa hazırdır. Əgər ermənilər müharibə etmək fikrinə düşərsə, layiqli cavablarını alacaqlar və Azərbaycan Ordusu Yerevana kimi onları “iti qovan” kimi qovacaq”-deyə, V.Quliyev fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...