Bəhruz Quliyev: "Bu cür vəhşi yanaşma tərzi vaxtilə Hitler Almaniyasında yəhudilərə qarşı yönəlmişdi" AÇIQLAMA

Ermənistanın təcavüzkar və işğalçılıq siyasəti bütövlükdə Qafqaz regionu üçün böyük təhlükədir. SİA xəbər verir ki, bu fikirləri Trend-ə "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında keçirilmiş videoformatdakı çıxışını şərh edərkən deyib.

Baş redaktorun sözlərinə görə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərindən bir sıra məqamları nəticə olaraq hasil etmək mümkündür: "Azərbaycan dövləti daim ATƏT-in Minsk Qrupunun müvafiq fəaliyyəti və qəbul edilən qərarları əsasında sülh danışıqlarına sadiqliyini nümayiş etdirib. Amma biz nəyi müşahidə edirik? Ermənistanın baş naziri açıq-aşkar öz təxribatçı bəyanatları ilə Azərbaycanı müharibəyə təhrik edir. Ermənistanda yetişən yeni nəsil azərbaycanlılara qarşı düşmən gözü ilə baxır. Bu cür vəhşi yanaşma tərzi vaxtilə Hitler Almaniyasında yəhudilərə qarşı yönəlmişdi. Dövlətimizin başçısı bu kimi nüansları xatırlatmaqla BMT çərçivəsində dünyaya mesaj verdi ki, artıq bu cür mənfur siyasətə qarşı qəti etirazlar artırılmalıdır. O cümlədən, Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə yalnız ciddi zərbə vurmur, bütövlükdə həmin prosesi birtərəfli qaydada pozur. Belə olan halda, Azərbaycanın yeganə çıxış yolu beynəlxalq aləmin də tanıdığı və dəstəklədiyi əraziləri müdafiə etməkdir. Çünki erməni baş nazirin müharibəyə təhrik ritorikası da bu cür nəticəyə gəlməyə zəmin yaradır.

Əbəs deyil ki, cənab Prezident İlham Əliyev çıxışı əsnasında Paşinyanın əsassız şərtlərinə yalnız bir və qəti şərtini irəli sürdü. Vurğuladı ki, onlar qeyd-şərtsiz işğal altındakı ərazilərimizi azad etməlidirlər".
"Bu gün Ermənistanın baş naziri ilə yanaşı, müdafiə naziri də eyni təxribatçı mövqedən çıxış edir, hətta həyasızcasına Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə bəyanatları ilə hədələyir", deyən Bəhruz Quliyev əlavə edib ki, artıq dünya dövlətləri belə sərsəm bəyanatlara biganə qalmamalıdır: "Onlar gah Gəncə şəhərini vurmaqla, gah strateji obyektlərimizə atəş açmaqla bağlı xəyallara dalırlar. Əlbəttə ki, bu mümkün deyil. Ancaq unudulmamalır ki, Qafqazdan başlayan qığılcım sonradan regiondan kənara da sıçrayaraq, beynəlxalq aləmə erməni təxribatı, hətta erməni faşizmi, erməni terroru təhlükəsini yaşada bilər. Artıq sirr deyil ki, bu gün işğal altındakı ərazilərimizdə qeyri-qanuni məskunlaşmalar aparılır. Məgər dünya birliyi bunu görmür? Düşünürəm ki, ölkə rəhbərimizin bəyanatının bir hissəsi də məhz həmin istiqamətə yönəlib".

"BMT-nin dörd qətnaməsinin mövcud olduğu halda, Ermənistan rəhbərliyinin hələ də siyasi səviyyəsizlik sərgiləməsi onsuz da iqtisadi, sosial və s. cəhətlərdən uçuruma sürüklənən erməni xalqının vəziyyətini daha acınacaqlı hala salır. Əgər işğalçı rejim bənzər ritorikalarından əl çəkməzsə, əlbəttə ki, məsuliyyət Nikol Paşinyan hakimiyyətinin üzərinə düşəcək. Ancaq onda da çox gec olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...