Muxtar Nağıyev: “Növbəti “Abşeron” qaz-kondensat yatağı Azərbaycanın enerji strategiyasının uğurlu nəticəsidir”

Bu gün Azərbaycanın enerji siyasəti yüksəkliyə dorğru addımlayaraq dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzində qalmaqdadır. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı mövqe tutur. Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Müstəqil Azərbaycan dövləti hazırda dünyada nəhəng neft ixrac edən ölkələrdən biri kimi tanınır. Eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilməkdəyik. Bu, bir faktdır ki, ölkəmizin enerji strategiyasında qazandığı uğurların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş enerji strategiyası bu gün Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə yüksəldir. 1993-cü ilin ikinci yarısından başlayaraq görülən işlər sayəsində respublikanın enerji təhlükəsizliyi sistemi, demək olar ki, yenidən qurulmuşdur. Hazırda respublikamız nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda, digər dövlətlərin də enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir. Xəzər neftinin Avropa bazarlarına nəqlində müstəsna rol oynayan böyük əhəmiyyətli enerji layihələrinin icra prosesinin uğurla həyata keçirilməsi – Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ölkəmizin iqtisadi qüdrətinə böyük təkan vermişdir. Bununla da Azərbaycan iri layihələrin reallaşdırılmasına qadir olduğunu təsdiqləmişdir.

Bütün bu nailiyyətlərin əsasında ölkə Prezidentinin düşünülmüş siyasətinin real nəticəsidir ki, Azərbaycan bundan sonra da enerji siyasətində uğurul layihələrin müəllifi olacaqdır: “Dövlət başçısının dediyi kimi – “Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”.

Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı, mərhələ-mərhələ həyata keçirdiyi milli neft strategiyası öz bəhrəsini verir. “Əsrin müqaviləsi” çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşması sayəsində artıq hər gün 1 milyon barrelə yaxın yüksək keyfiyyətli Bakı nefti dünya bazarlarına çıxarılır.

Dövlət başçısı İlham Əliyevin bir ay bundan öncə, yəni avqustun 10-da “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması hadisəsini Azərbaycanın enerji strategiyasının uğurlu nəticəsi olduğunu deyərək bildirib ki, bu tarixi hadisə Azərbaycanın enerji strategiyasının növbəti uğurlu nəticəsi olmaqla yanaşı, yataqda görülən işlərin müstəqil Azərbaycan üçün böyük hədiyyədir.

Sentyabrın 19-da isə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının da uğurlu olacağını Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacağını bildirib: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır”.

Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır

Dövlət başçısı Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsində çox konkret və ən mühüm məqamlara aydınlıq gərib. Xüsusilə də, dövlət başçısı müsahibəsində layihənin əhəmiyyəti barədə danışarkən bildirib ki, bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Dövlət başçısı 30 illik müstəqillik dövründə görülən işlərdən danışaraq bildirib ki, Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də: “İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. Amma müstəqilliyə qədər o məktəblər nə gündə idi. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir”.

Bəli, doğrudan da qürurverici uğurlardır. Dövlət başçımızın dediyi kimi, «Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır».

Məhz müstəqilliyimizi əldə olunması ancaq və ancaq uğurların əldə olunmasına nail olunub, yeni layihələr həyata keçirilir, ən əsa sisə ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı işlər görülür. Dövlət başçımız da bu məsələ ilə bağlı danışarkən bildirdi ki, o vaxt Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi, indi həmin çirkab içində olan yerlər gözəl qəsəbəyə çevrilib. Dövlət başçımız bildirdi “İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, Bibiheybət buxtası ekoloji fəlakət zonası idi və o görüntülər yəqin ki, bir çoxlarının xatirindədir. Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxıb görəcəyəm ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr bərpa edilməlidir və biz bu qəsəbələrə yeni həyat verəcəyik”.

Və yaxud da bu gün «Qara şəhər» adı ilə deyilən məkan. Bu gün artıq «Qara şəhərin» «Ağ şəhərə» dönməsi. Budur uğurlu siyasət, budur, yüksək nəticələr.

“Qarabağ”- “Abşeron” yataqlarının istismara verilməsi Azərbaycanın neft gəlirlərinin artmasına, əhalinin sosial rifah halının daha da yüksəlməsinə böyük töhfə olacaq

İstər “Qarabağ”, istərsə də “Abşeron” layihələri Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq. Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. Həmçinin, bu yataqdan gələcək neft və qaz gəlirləri Azərbaycan əhalisinin sosial rifah halının daha da yüksəldilməsinə səbəb olacaq.

Həmçinin, bu gün Azərbaycan dünyada ən etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi kimi tanınmaqdadır. Məhz “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək. “Şahdəniz” azı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliyaya çatdırılacaq və perspektivdə Balkan bölgəsində yerləşən ölkələrə də qazın verilməsi mümkün olacaq. Bir sözlə, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz-2”, “Şəfəq-Asiman”, “Abşeron”, “Qarabağ” və digər yataqların istismarı Azərbaycanın Avrasiyanın yeni enerji xəritəsindəki mövqeyini gücləndirəcək. Bununla da Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji və etibarlı tərəfdaş olaraq qalacaq”.

Bütün bunlar isə, məhz dövlət başçımız İlham Əliyevin düşünülmüş uğurlu siyasətinin nəticəsidir.

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini

Bütün xəbərlər Facebook səhifəmizdə