Populist Paşinyanla Ermənistan yalnız xəyal edə bilər TƏHLİL

Təhsilin əhəmiyyətindən danışan Nikol Paşinyan əslində, mahiyyət etibarilə onun inkişafı üçün bu vaxta qədər heç bir şey etməyib. Daha dəqiq desək, Nikolun bu vaxtadək təhsil heç yadına da düşməyib. Təhsilin inkişafı bir yana, üstəlik onu məhv etməsi də göz qabağındadır.

Kim necə düşünür bilmirəm, amma mənim fikrimcə, bir vaxtlar inqilabın qızğın tərəfdarı olan erməni baş nazir Nikol Paşinyan getdikcə mərhum Venesuela lideri Uqo Çavesə bənzəməyə başlayır. Paşinyanın populizmə yönəlmiş səyləri, bir mövqedən digərinə utanmadan keçməsi, vədləri və reallıq arasındakı uyğunsuzluq göz qabağındadır, hansı ki, bu, artıq erməni cəmiyyətində ciddi narahatlıq doğurur və Uqo Çaves üslubunda Latın Amerikası populizminə bənzəyir. Lakin, bu oxşarlığın daxilində kəskin bir fərq də var və bu Ermənistanın, onun baş nazirinin əleyhinədir. Çünki, Venesuelada ən azından neft var və bunun sayəsində vədlərə populizm donu geyindirilmədiyi iddiasında olanlar da tapıla bilər. Ermənistanda isə bunu iddia etmək belə mümkünsüzdür və Nikolun hər kəlməsinə populizmdən başqa ad vermək mümkün deyil.

Latın Amerikasından, Venesueladan fərqli olaraq, Ermənistanın nefti yoxdur və bu ölkənin inkişafı bir tərəfə, yaşayışı belə sual altındadır. Sual da ki, Qərbin və Rusiyanın əlindədir və hələ hansı şəkildə cavablandırılacağı da müəmmalıdır. Amma bu asılılıqlar fonunda Ermənistan hökumətinin və Paşinyanın populizmi səngimək bilmir və bu erməni lideri, daha dəqiq desək, erməni avantüristi öz fəaliyyətini yalnız manipulyasiyalar üzərində qurub və belə də davam edəcəyinə ümidlər bəsləyir. Amma dərk etmir ki, rəhbərlik etdiyi dövlətin statistik göstəricilərini təhrif edərək daxili auditoriyanı çaşdırmağa çalışmaqla heç nəyə nail ola bilməz və bir sözlə, ümidlərinin puç olduğunu dərk edər, təbii ki, zərrə qədər ağlı olsa.

Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Çərşənbə axşamı Paşinyan Ermənistan paytaxtındakı Rafael İşxanyan adına məktəbin təmir edilmiş binasının açılış mərasimində iştirak etdi, ağız dolusu, fəqət yalandan təhsilin inkişafı barədə danışdı. Özü də utanmadan danışdı. İndi erməni cəmiyyətində onun danışıqları müzakirə mövzusuna, tənqid obyektinə, özü isə lağ hədəfinə çevrilib. Çünki, dedikləri dolayısı ilə onun mahiyyətini ortaya qoyur və əslində, erməni baş nazirin zərrə qədər ağlı olsaydı ağlından keçən uyğunsuz ifadələri real müstəviyə çıxarmazdı.

“21-ci əsrdə təhsil olmadan heç bir şey edilə bilməz. Təhsil almadan bir Mercedesə yiyələnmək olar, ancaq onu istehsal etmək, yaratmaq olmaz”, deyən Nikol gərək biləydi ki, bu fikrinin ardınca dərhal lağ hədəfinə çevriləcək. Belə də oldu və erməni politoloqlar ehyamla bildirdilər ki, “hakimiyyəti ələ keçirmək olar, amma onu idarə etmək olmaz.”

“Təhsil olmadan müəyyən bir rifah səviyyəsinə nail olmaq olar, ancaq təhsil olmadan kosmosa uçmaq olmaz”, fikirləri doğrudur. Amma, baxaq görək, bu fikrin arxasında hansısa əsaslar varmı? Nikolun və onun hakimiyyətinin Ermənistanı kosmosa uçurması bir tərəfə, bu ölkəni, onun olan-olmazını havaya uçurduğu günün reallığıdır. Əsl reallıq odur ki, populist Paşinyanla Ermənistan yalnız xəyal edə bilər. Bu populist erməni cəmiyyətini ələ salıb, onları dəli yerinə qoyub, yoxsa, həqiqətən bu adamın əqli problemləri var və bunun da fərqində deyil. Amma, erməniləri barmağına sarıdığını zənn edən baş nazir bilsin ki, məsələn, Qaqik Sarukyanın timsalında bəziləri onu psixi pozğunluqları olan biri kimi tanıyır.

Paşinyanın kimliyini tanımayanlar, onun bir populist olduğunu bilməyənlər, onun, ölkə vətəndaşlarını Mercedes və ya kosmik gəminin yaradıcısı kimi görmək fikirlərini ayaq üstə alqışlayardılar. Alqışlamadılar və bunu gözləməyə də dəyməz. Çünki, əvvəla, Nikolun dediklərinin pafosdan başqa bir şey olmadığını hamı bilir və bu populizmə ermənilər bir növ adətkarda olublar. Digər tərəfdən axı, erməni cəmiyyəti bilir ki, yüksək təhsildən dəm vuran bu populistin özünün də təhsili yoxdur, natamam ali təhsili var və təhsilin nə olduğunu başa da düşmür. Xatırladaq ki, Nikol ali məktəbdən qovulub və onun tam ali təhsili yoxdur, natamamdır. Belə bir təhsilsiz avantüristin Ermənistanın baş naziri təyin edilməsi dövlət üçün nə demək olduğunu erməni cəmiyyəti hamıdan yaxşı bilir. Dərd burasındadır ki, indi həmin bu avantürist, təhsili olmayan bisavad cəmiyyətə təhsil dərsi keçir.

Bir qədər dərindən təhlil edəndə görürük ki, Paşinyan təhsil sahəsində Ermənistana bir maneə də ortaya qoydu. Əslində, Nikol Paşinyan Ermənistanda təhsilin milli bir həyat tərzinə çevrilməsi üçün nə etdi? Hər kəsin, istər şagirdlərin, istər müəllimlərin, istərsə də ictimai təşkilatların onun qovulmasını tələb etdiyi təhsil naziri vəzifəsinə tamamilə səriştəsiz Arayik Harutyunyanı təyin etmədimi? Bu nazir islahatlar adı altında onsuz da çətinliklə nəfəs alan orta və ali təhsilin az miqdarda olan-qalan qalıqlarını da məhv edir.
Bəlkə Paşinyan ali təhsil xərclərini artıraraq təhsilin inkişafına ümid bəsləyir? Bu adam hansı üzlə utanmadan

Ermənistan üçün təhsil sözü ilə yanaşı inkişaf sözünü də tələffüz edir? Bu gün onsuz da ali təhsil Ermənistanda çoxları üçün əlçatmazdır. Bu il Ermənistandakı bir çox universitetdə təhsil haqlarıını ən azı 100.000 dram artıran erməni baş nazir hansı ağıla qulluq edir və nəyə ümid bəsləyə bilər? Ermənilərin onsuz da ən ağır şəraitdə yaşadığı, sosial problemlərinin yığılıb qaldığı bir vəziyyətdə, üstəlik koronavirus pandemiyasının yaratdığı böhran kontekstində bir də ali təhsil müəssisələrində təhsil haqlarını artırmaqla təhsilin inkişafını düşünmək xam xəyaldan başqa bir şey deyil.

Eyni zamanda, nə qədər gülməli görünsə də, təhsil haqlarının bu qədər artması müqabilində Ermənistanda müəllimlərin maaşları da artmadı. Deməli, təhsilin keyfiyyətinin artması xülyası elə xülya olaraq qalıb və qalacaq. Paşinyan, Ermənistanda 153 nömrəli məktəbdə təhsilin vacibliyi barədə danışarkən, Yerevanda təhsil haqlarının artırılmasından qəzəblənən şagirdlərin etiraz mitinqinin keçirilməsinə də əhəmiyyət vermədi. Əhəmiyyət versəydi belə pafoslu nitq söyləməzdi. Əksinə, etiraz edən şagirdləri düşünər, onların tələblərini nəzərə alardı. Hazırda Ermənistanda tələbələrin qəzəbi də başadüşüləndir. Koronavirusla bağlı vəziyyətə görə bir çox tələbənin valideynləri işlərini itirib, işsizdirlər, maddi cəhətdən əziyyət çəkirlər. Hökumət isə kömək etmək əvəzinə, üstəlik təhsil haqqını artırırsa, hansı təhsildən, hansı inkişafdan danışmaq olar?

Göründüyü kimi, Paşinyan populizmində getdikcə Uqo Çavesə çevrilir. Uqo Çaves də populizmi çox sevirdi, qururduğu xəyalları ucadan səsləndirirdi. Amma nəticədə Venesuelanı Cənubi Amerikanın ən geridə qalan əyalətinə çevirdi. Təhsilin əhəmiyyətindən danışan Paşinyan mahiyyət etibarilə onun inkişafı üçün heç bir şey etməyib və edəcəyi də gözlənilmir. Əksinə, təhsilsiz bir baş nazir təhsili tamamilə məhv edir. Əgər ermənilər səmimi olsaydılar etiraf edərdilər ki, belə bir hökumət və belə bir baş nazirlə Mercedes istehsalı bir tərəfə, Ermənistan Mercedesin nömrə nişanının istehsalını belə yalnız xəyal edə bilərlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə