"Respondentlərin fikri gerçəkliyi tam əks etdirir” ÖZƏL-MÜNASİBƏT

"Respondentlərin fikri gerçəkliyi tam əks etdirir” ÖZƏL-MÜNASİBƏT

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “İnam indeksi-3: Prezidentin fəaliyyəti ictimai rəydə” analitik hesabatı təqdim edilib. Hesabat 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir. Respondentlərin Azərbaycan Prezidentinə və hakimiyyətin hər üç qoluna (qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respondentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib. Prezidentə “tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90,8 faiz) təşkil edir.

Məsələ ilə bağlı SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlının fikrincə, aparılan sorğunun nəticələri Azərbaycan reallığını əks etdirir: "Bu gün ölkə əhalisinin mütləq əksəriyyəti cənab Prezidentimiz İlham Əliyevə etimad bəsləyir, güvənir və Onun siyasətini müdafiə edir. Bu da səbəbsiz deyil. Çünki insanlar görürlər ki, dövlət başçısının yürütdüyü siyasət Azərbaycan vətəndaşının bu gün dünənkindən, sabah da bugünkündən daha yaxşı yaşamasına, həyatını qurmaq üçün bərabər imkanlar qurulmasına yönəlib. Ölkədə həyata keçirilən tədbirləri vətəndaşlar görür, qiymətləndirir və nəticəsini hiss edirlər. Ona görə də respondentlərin fikri gerçəkliyi olduğu kimi əks etdirir”.

Qeyd edək ki, bundan əlavə, respondentlərin mütləq əksəriyyəti tərəfindən dövlət başçısının ordu quruculuğu və Silahlı Qüvvələrin modernləşdirilməsi (96 faiz) və xarici siyasət (95 faiz) sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib. Ümumilikdə isə respondentlərin mütləq əksəriyyəti (92,8 faiz) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyasından razıdır. Rəyi soruşulanların 95,2 faizi Prezident tərəfindən icra hakimiyyəti başçılarının vəzifədən azad olunmasında ictimai rəyin nəzərə alındığı fikrindədir. Bundan əlavə, respondentlərin 94,2 faizi hesab edir ki, Prezident öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnəkdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə