“Biz seyrçi qalsaq, bu kimi səfərlər davam edəcək” ÖZƏL-MÜNASİBƏT
Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan da tez-tez Dağlıq Qarabağa gəlirdilər. Onlar Qarabağda doğulublar, birbaş separatçılıqla məşğul olublar, qətliamlar törədiblər. Amma Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda doğulub. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, amma indi biz baxırıq ki, Paşinyan Serj Sarkisyan və Robert Koçaryandan daha çox özünü separatçı kimi göstərir və Dağlıq Qarabağa daha çox qanunsuz səfərlər edir ki, bu səfərlərin də bir neçə məqsədi var.
“Birinci məsələ odur ki, Dağlıq Qarabağın indiki liderinin özünə bağlı olduğunu göstərmək istəyir. Çünki, orada bir müddət öncə dırnaqarası prezident seçkiləri keçirilmiş, Araik Arutunyan dırnaqarası prezident seçilmişdir. Paşinyan da onu öz tərəfdarı kimi göstərir. Üstəlik, sanki bizə də guya mesaj verir ki, guya mərhələli planı qəbul etməyəcək, torpaqların boşaldılmasına razılaşmayacaq. Amma o deməklə deyil. Biz öz sözümüzü deməliyik. Mənə elə gəlir ki, artıq bu cür səfərlərə biz dözməməliyik. Nə etməliyik? Düşünürəm ki, artıq bizim generallardan biri açıq bəyanat verməlidir ki, bir daha Ermənistanın baş naziri, yaxud hərhansı digər rəsmisi Azərbaycanın hava sərhəddini kobud surətdə pozarsa, onun helikopteri vurula bilər. Çünki, bu qanun pozuntusudur. Necə ki, biz vaxtilə demişdik ki, əgər Xocalıda təmir olunan hava limanına hansısa təyyarələr enərsə, Ermənistan tərəfi nəticəsi ilə üzləşməli olacaq. Bundan sonra qorxdular və təyyarələr enmədi. Sadəcə helikopterlər endi. Deməli, belə bir xəbərdarlıq da verməliyik ki, hansısa bir helikopter Azərbaycanın hava xəttini pozarsa, istər orada baş nazir olsun, istər orada Ermənistanın müdafiə naziri olsun, biz o pozucuya qarşı istənilən addımı atmaq məcburiyyətində qalacağıq. Bunun nə demək olduğunu Ermənistan hakimiyyəti də biləcək, beynəlxalq aləm də. Yoxsa əgər biz seyrçi qalsaq, bu kimi qanunlara, beynəlxalq qanunlara zidd səfərlər davam edəcək”, deyə Elxan Şahinoğlu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB