Əli Əhmədov: "Hər halda xəbərlər yayılıb, bunları araşdırmaq və həqiqətə nə dərəcədə uyğun gəlib-gəlmədiyini aydınlaşdırmaq lazımdır"
Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov son dövrlər bəzi xarici mətbuatlarda Gürcüstan prezidenti Mixail Saakaşvili ilə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın birləşərək Azərbaycanda çevriliş etmək istəmələri barədə yayılan xəbərlərə münasibət bildirib. SİA-nın xəbərinə görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələlərin nə dərəcədə həqiqətə uyğun gəlib-gəlmədiyini söyləyə bilmərəm. Bəzi hallarda həqiqətin çoxsifətli olduğunu deyən Ə.Əhmədovun sözlərinə görə, həqiqətin bir tərəfi ondan ibarətdir ki, Azərbaycandan kənarda olan bəzi qüvvələr ölkədə sabitliyin pozulmasına cəhdlər göstərir və bunu etiraf etmək lazımdır. "Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycanda sabitliyi pozmağa çalışan qüvvələr öz niyyətlərinə nail ola bilərlər, yoxsa yox. Mən belə hesab edirəm ki, Azərbaycan hökuməti və dövləti kifayət qədər möhkəm dayaqlar üzərində qərar tutduğundan Azərbaycanda kiminsə sabitliyi pozmaq istəyinin həyata keçirilməsi real görünmür. Amma konkret olaraq onu da bildirmək istəyirəm ki, Azərbaycan hökuməti ilə Gürcüstanın rəsmi dairələri arasında kifayət qədər səmimi bir münasibətlər formalaşıb. Biz belə hesab edirik ki, Gürcüstan və Azərbaycan strateji dostluq və əməkdaşlıq mərhələsində öz münasibətlərini yüksəldə biliblər. Biz bu münasibətlərə çox ciddi fikir və əhəmiyyət veririk, yüksək qiymətləndiririk. Azərbaycan tərəfi olaraq onu bildirmək istəyirəm ki, Azərbaycan hökuməti Gürcüstanla bizim dövlətimizin arasında olan strateji dostluq münasibətlərinin bundan sonra da qorunub saxlanmasına və inkişaf etdirilməsinə meyllidir. Biz belə hesab edirik ki, bu dövlətimizin milli maraqlarına uyğundur. Düşünürəm ki, bu, Gürcüstanın da həm dövlət, həm də xalqının maraqlarına uyğundur. Bu mənada mənim üçün inanmaq çox çətindir ki, Gürcüstan hökumətinin nümayəndələri Azərbaycanda hər hansı bir gərginliyin artırılmasına yönəlmiş tədbirləri həyata keçirmək istəsinlər və yaxud kimlərinsə bu təkliflərinin həyata keçirilməsində iştirak etsinlər. Amma hər halda xəbərlər yayılıb, bunları araşdırmaq və həqiqətə nə dərəcədə uyğun gəlib-gəlmədiyini aydınlaşdırmaq lazımdır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB