"Ermənilər bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı" - İLHAM ƏLİYEV

"Tovuz rayonunda baş vermiş hadisələr də həmin ssenarinin təkrarıdır. Biz bunu bilməliyik. Bilməliyik ki, hansı xislətə malik olan qonşu ilə üz-üzəyik. Heç vaxt bunu yaddan çıxarmamalıyıq! Heç vaxt Xocalı soyqırımını yaddan çıxarmamalıyıq və çıxarmayacağıq!". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib ki, biz düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər: "Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – KTMT-yə üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır. Onların əsas məqsədi məhz bu idi - dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi. Ancaq baxın, Azərbaycanı neçə ölkə dəstəklədi. Birincisi, hər kəs yaxşı bilir və mütəxəssislər bilirlər ki, bu münaqişəni törədən Ermənistandır. Bir daha demək istəyirəm ki, bizim Ermənistan ərazisində hər hansı bir marağımız yoxdur. Orada bizim hərbi hədəflərimiz yoxdur və beynəlxalq ictimaiyyət də bunu çox yaxşı bilir. Məhz buna görə və təkcə buna görə yox, ümumiyyətlə Azərbaycanın artan nüfuzuna görə bir neçə beynəlxalq təşkilat açıq şəkildə bizi dəstəklədi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beş ölkədən ibarətdir. İslam Əməkdaşlıq Təşkilatı 57 ölkədən ibarətdir. Qoşulmama Hərəkatı 120 ölkədən ibarətdir. Bir sıra ölkələr, ilk növbədə, qardaş Türkiyə Azərbaycana birmənalı dəstək verdi. Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan artıq bir neçə dəfə bu məsələ ilə bağlı çox açıq, kəskin və prinsipial mövqe nümayiş etdirdi. Bu, bir daha göstərir ki, Türkiyə və Azərbaycan hər zaman olduğu kimi, bir yerdədir, yaxşı günlərdə də, çətin günlərdə də. Biz bir-birimizə arxalana bilərik və bizim gücümüz birliyimizdədir. Bax, bu beynəlxalq təşkilatlar və bir neçə ölkə, onların rəsmi şəxsləri bəyanatlar verərək Azərbaycana dəstək göstərdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə