İmran Nəcəfov: ““Qaynar xətt” xidmətinə 13 699 məlumat daxil olub”

İmran Nəcəfov: ““Qaynar xətt” xidmətinə 13 699 məlumat daxil olub”

Ötən il respublikada insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb. Cinayətləri törətdiklərinə görə, 39 şəxs cinayət məsuliyyətinə cəlb edilib və insan alverinin qurbanı olan 34 nəfər müəyyən edilib. SİA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə idarəsinin rəis müavini İmran Nəcəfov deyib. Onun sözlərinə görə, müəyyən edilən 34 qurbandan 27-si sığınacağa yerləşdirilib: "Onların əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub. Qurbanların hamısına hüquqi, tibb, psixoloji yardımlar göstərilib. Qurbanlardan 5 nəfəri işlə təmin edilib, 21 nəfəri isə peşə kurslarına göndərilib. İnsan alverinin qurbanlarından iksinin uşağı internat məktəbinə, 5-i isə uşaq baxçasına yerləşdirilib".

 

2010-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən yardım mərkəzində 31 potensial qurbanın məşğulluğu təmin edilib, eyni zamanda polisə müraciət etməyən 71 potensial qurbana yardımlar göstərilib. Rəis müavini vurğulayıb ki, əmək fəaliyyəti ilə məşğul olmaq üçün Polşaya aparılan və məcburi əməyin qurbanı ehtimalı edilən 3 nəfərə lazımı yardım göstərilib. İctimai mənəviyyata zidd hərəkətlər yol verdiklərinə görə isə 109 nəfər barəsində inzibati protokol tərtib edilib, dövlət nəfinə 4251 manat pul ödənilib.

 

DİN nəzdində fəaliyyət göstərən "Qaynar xətt" xidmətinə müxtəlif məsələlərlə bağlı 13 699 məlumat daxil olduğunu deyən İmran Nəcəfov onlardan 15-nin insan alverindən zərər çəkmiş və ehtimal olunan şəxslər barəsində olduğunu vurğulayıb: "1436-sı isə xaricdə işə düzəltmə ilə bağlı, 651 xaricdə təhsil alma, 82 xarici vətəndaşla nigah bağlama, 9376 məlumat isə digər məslələrlə bağlı olub. Ötən il cinayət faktlarını bir qədər azalması bu sahədə fəaliyyətdə zəifləmə görüntüsü yaratsa da əslində bu profilaktik tədbirlərin, o cümlədən maarifləndirmənin gücləndirilməsi ilə bağlı olub".

Bütün xəbərlər Facebook səhifəmizdə