"SƏS" qəzetinin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlanıb

"SƏS" qəzetinin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlanıb

Məlum olduğu kimi, iyulun 22-də prezident İlham Əliyev Milli Mətbuatın 145 illik yubileyi münasibətilə bir sıra sərəncamlar imzalayıb və həmin sərəncamlara müvafiq olaraq KİV əməkdaşları fəxri adlara və təltiflərə layiq görülüblər. Sevindirici və qürurverici haldır ki, belə bir yüksək qiymətləndirmə “SƏS” qəzetinə də nəsib olub. Belə ki, “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev “Əməkdar jurnalist”, qəzetin informasiya şöbəsinin müdiri Rəfiqə Hüseynova isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar.

Söz yox ki, təltif edilən hər bir həmkarlarımız kimi, bizlər də göstərilən diqqətə və verilən yüksək qiymətə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı Ona ünvanladığımız təşəkkür məktubu ilə bildirməklə yanaşı, daim Ulu Öndər Heydər Əliyev ideyalarına və bu ideyaların Prezident İlham Əliyev cənabları tərəfindən davamı siyasətinə sadiq qalacağımızı əminliklə vurğulamışıq:

Möhtərəm cənab Prezident.

Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz hər zaman mətbuatın inkişafına və tərəqqisinə olan dəstəyinizi göstərməklə yanaşı, jurnalistləri ən yaxın köməkçiləriniz kimi qiymətləndirmisiniz. Mətbuatımızın yubileylərinin qeyd edilməsində, media nümayəndələrinin təltif olunmasında, jurnalistlərin sosial və mənzil-məişət probleminin həlli istiqamətində daim təqdirəlayiq addımlar atmağınızla yanaşı, həm də öz qayğınızı əsirgəməmisiniz. Bu sahəyə aid imzaladığınız sərəncamlarınız və verdiyiniz mühüm qərarlarınız mətbuatımızın 145 illik yubileyində də öz təsdiqini tapmış oldu. Xüsusilə, dünyanı cənginə alan COVİD-19 pandemiyası və işğalçı Ermənistanın hərbi təxribatlarına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda, Sizin mətbuat nümayəndələrini təltif etməyiniz bizlərə sonsuz fərəh və sevinc hissləri yaşatmış oldu. Müstəqil mətbuatımızın və Ulu Öndər Heydər Əliyev ideyalarına söykənən, eləcə də, dövlətçilik ənənələrimizin ilk carçılarından olan “SƏS” qəzetinin əməkdaşlarının da bu sırada yer alması bizə ikiqat sevinc yaşatmış oldu. Əməyimizə verdiyiniz yüksək qiymətə görə, Sizə öz dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, “SƏS” qəzetinin kollektivi öz dövlətçilik mübarizəsi ənənəsi ilə bundan sonra da həyata keçirdiyiniz siyasəti var gücü ilə dəstəkləyəcək, öncül təbliğatçınız və əqidə dəstəkçiniz olmaqla sədaqətini nümayiş etdirəcək.

Möhtərəm Zati Aliləri.

Sizə ölkəmizin tərəqqisi, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi işinizdəki yorulmaz fəaliyyətinizdə davamlı uğurlar, qələbə və zəfərlər arzu edirik.

Hörmətlə,

“SƏS” qəzetinin kollektivi adından

Bəhruz Quliyev

Bütün xəbərlər Facebook səhifəmizdə