Dünya "Aya Sofya"nın məscid kimi fəaliyyətə başlamasını niyə qınadı? ÖZƏL - AÇIQLAMA
"Gəlin etiraf edək ki, bu dünya güclü tərəfindir. Dünyada beynəlxalq hüquqa hörmət etməyən, dünyada başqasının torpaqlarına soxulan, terrorçuluqla məşğul olan dövlətlərin Türkiyə və R.T. Erdoğan başda olmaqla "Aya Sofya"nın məscidə çevrilməsi ilə bağlı neqativ fikirlərinə əhəmiyyət vermək lazım deyil. Biz dəfələrlə dünyanın müxtəlif yerlərində məscidlərin, o cümlədən, Azərbaycanın işğal olunmuş ərazilərində yerlə-yeksən olmasının, dünyada dini məbədlərin terror mərkəzləri və ayrı-ayrı ölkələrin silahlı qüvvələri tərəfindən bombardmanlara məruz qaldığının şahidi olmuşuq". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O, Türkiyədə "Aya Sofya"nın məscid kimi yenidən ibadətə açıq elan edilməsi ilə bağlı danışıb. Belə ki, dünyanın bir sıra ölkələri bunu tarixi bir hadisə kimi qiymətləndirsə də, bəzi ölkələrdən isə bunun böyük təəssüf hissi doğurduğu ilə bağlı açıqlamalar edilib. Xüsusilə də, YUNESKO tərəfindən də bu hadisə neqativ qarşılanıb.
Zaur Məmmədovun fikrincə bu təbii ki, Türkiyənin daxili işidir və Türkiyə çox düzgün şəkildə dünyaya bir daha göstərdi ki, bu dövlət dərin və güclü dövlətdir: "Bu dövlətin keçmişdə böyük tarixi olduğu kimi gələcəkdə də böyük tarixi olacaq. Bu gün Türkiyə regional siyasətdə hegemon ölkədir, BMT Təhlükəsizlik Şurasının 5 dövlətinin Türkiyənin maraqlarını mütləq şəkildə bu və digər məsələlərdə nəzərə almalıdırlar. Azərbaycan dövlətinin vətəndaşı kimi təbii ki, bütün bu prosesləri, Türkiyənin atdığı bütün addımları dəstəkləyirik. Bütün bu addımlarda Türkiyənin yanında yer almalıyıq və yer alırıq".
Onun sözlərinə görə, Türkiyəyə qarşı həmişə təzyiq və təhdid metodlarından istifadə edilib və bu, tarixən belə olub: "Lakin, Rəcəb Tayyib Ərdoğan bir daha sübut etdi ki, Türkiyə heç bir təzyiq və təhdid qarşısında boyun əyən deyil. Ondan qabaq S-400 raketləri ilə bağlı, Suriyanın və İraqın şimalı ilə bağlı, eyni zamanda, Aralıq dənizi hövzəsindəki problemlərə bağlı Amerikanın, Rusiyanın, İsrailin, Fransanın Türkiyəyə təzyiqlərini də gördük və istəklərinin reallaşmasını da, bu da onu göstərir ki, Türkiyə regional gücdür və həmin regionlarda Türkiyənin icazəsi olmadan bir quş belə uça bilməz".
Qeyd edək ki, "Aya Sofya"nın məscid kimi ibatədə açıq elan edilməsi dünya mətbuatında xüsusi yer alıb. Bir çox ölkə tərəfindən bu tarixi hadisə ilə bağlı müsbət fikirlər səsləndirilməyə davam edir. Xüsusilə də, müsəlman şərqi, ölkə rəhbərləri və mütəxəssis-alimlər bu hadisəni yüksək qiymətləndirib və Türkiyənin tarixi yenidən yazdığı vurğulanıb. Eyni zamanda, Fransa, İngiltərə, ABŞ mətbuatında bu hadisə geniş şərh edilib.
"Guardian"da "350 min nəfər "Aya Sofya"ya axın etdi" başlığı ikə yazı verildi. İngiltərənin mətbuat orqanı "Daily Mail"da verilən məqalədə bu hadisə Rəcəb Tayyib Ərdoğanın "gənclik arzusu" kimi qiymətləndirilib.
Lakin, ABŞ-ın Dövlət Şurası bu qərarın, yəni, "Aya Sofya"nın statusunun dəyişdirilməsinin təəssüf hissi yaratdığı bildirib. Rusiyanın Pravoslav Kilsəsi isə bu qərarın anlaşılmazlıqlara səbəb ola biləcəyini açıqlayıb. YUNESKO-dan edilən açıqlamada isə Türkiyənin bu qərarla bağlı təşkilata müraciət etməli olduğu və Dünya Mədəni İrs statusuna yenidən baxılacağı deyilib. Yunanıstanın Baş naziri isə qərarı sərt şəkildə qınadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB