Bəs indi niyə susursunuz?! TƏRS BAXIŞ+FOTOLAR

Bəs indi niyə susursunuz?! TƏRS BAXIŞ+FOTOLAR

Yaxud, Avropanın klaviatura və sosial şəbəkə qəhrəmanlarına və “qeybət şou” iştirakçılarına növbəti suallar...

Son günlər, xüsusilə Tovuzda işğalçı Ermənistan silahlı qüvvələrinin xain və təxribatçı cəhdlərindən sonra dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə soydaşlarımız, eləcə də türk qardaşlarımız təcavüzkar ölkənin diplomatik nümayəndəlikləri qarşısında etiraz aksiyaları keçirir, işğalçılığa, mülki vətəndaşlarımıza qarşı açılan atəşlərə, dağıdılan mülklərə, ümumiyyətlə, işğalçılıq siyasətinə son qoyulmasını, torpaqlarımızı tərk etməsini tələb edirlər. Düşmən əlbəttə ki, bu aksiyalardan ciddi təlaş keçirir və buna rəğmən, xarici ölkələrdə yaşayan erməni lobbisinin təmsilçiləri, əlaltıları bu dəfə də aqressiyaya əl atır, necə vəhşiliyə, antihumanizmə meylli xalq olduqlarını sübuta yetirirlər. Lakin məsələnin başqa tərəfi də var.

Yəni bu, həmin Ə.Kərimlidir ki, “hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlıq etməyə hazırıq” ifadəsini işlədib

Daha dəqiq desək, Azərbaycanın şanlı Silahlı Qüvvələrinin düşmənə layiqli cavab verməsi və eyni zamanda, hazırda da törətməyə çalışdığı təxribatçı cəhdlərinin qarşısını alması, işğalçıları yerində oturtması daxilimizdə sapı özümüzdən olan baltaları da ciddi şəkildə narahat etməkdədir. Biz, elə də uzağa getməyərək, hadisələr zamanı Əli Kərimlinin sədri olduğu AXCP-nin ümumxalq yürüşü zamanı Milli Məclis binasındakı təxribatçılıq əməllərini xatırlada bilərik. Halbuki, hadisələr başlayar-başlamaz iqtidarla olan anlaşılmazlıqları dondurduğunu deyən, dövlətin apardığı siyasətə dəstək göstərəcəyini bəyan edən Ə.Kərimlinin sonradan təxribatçılıq əməlləri ilə “hakimiyyəti ələ almaq” marağı ortaya çıxmış oldu. Bu isə bir daha sübut etdi ki, el dili ilə desək, onun “ipinin üzərinə odun yığmaq olmaz". Yəni bu, həmin Ə.Kərimlidir ki, “hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlıq etməyə hazırıq” ifadəsini işlədib, bu dəfə də onun dövlətin və xalqın yanında deyil, məhz şeytanların yanında olması öz təsdiqini kifayət qədər tapmış oldu. Bu da öz yerində...

Danışanda ağızlarına “çullu dovşan” yerləşməyən həmin üsnürlər bir dəfə də olsun ağızlarını açıb, bu barədə danışmadılar

Ancaq daha bir məqam, ABŞ-da bir neçə nəfər həmvətənimizin erməni işğalçılığına və təcavüzünə qarşı keçirdiyi etiraz aksiyasında ermənilərin çaqqal sürüsü kimi soydaşlarımıza qarşı daşlı-dəyənəkli hücumlarından, soydaşlarımızın bəzilərinin bədən xəsarətləri almalarından sonra Qərb ölkələrində oturub Azərbaycan dövlətinə, iqtidarına və xalqına qarşı canlı yayımlar düzənləyib, necə deyərlər, qeybət şousu iştirakçılarının susqunluqları oldu. Danışanda ağızlarına “çullu dovşan” yerləşməyən həmin üsnürlər bir dəfə də olsun ağızlarını açıb, bu barədə danışmadılar, əksinə, az qala etirazçı soydaşlarımızın keçirdikləri aksiyalarını “düşmən təxribatı” kimi sırımağa çalışdılar. Bu isə sübut etdi ki, onlar təlimatlarını bilavasitə erməni lobbisinin təmsilçilərindən alırlar. Ona görə də, xalqını, millətini, dövlətini sevən, təəssübünü çəkən həmvətənlərimiz bu gün də sual edirlər ki, Avropadakı Tural Sadıqlı, Qənimət Zahid, ABŞ-dakı Sevinc Osmanqızı, Cəmil Həsənli niyə susurlar? Nəyə görə ömürlərində bircə dəfə də olsun ədalətli mövqe sərgiləmirlər?

Bu ünsürlərə Vətən, xalq maraqlı deyil, onlara maraqlı olan erməni pulu və erməni çörəyidir!

Onlara demək lazımdır ki, Avropa, ABŞ-da insan haqqları məhkəməsinə öz dövlətinizə qarşı bir qərar çıxardığı zaman yayımlar edib əl-ayağa düşdüyünüz kimi, Avropada insan haqlarının, mədəniyyətin üstün olduğunu dediyiniz yerdə öz soydaşımıza qarşı vandalizm keçirirlər. Əcəba, bəs niyə indi onlara dəstək vermirsiniz? Və ya Azərbaycan əleyhinə bir qərar olduqda ingilis dilində yazılarınızla özünüzü öldürürsüz, lakin erməni barbarlığını niyə ingilis dilində video hazırlayıb işıqlandırmırsız? Bu qədər aksiyalar oldu, dünya azərbaycanlıları Qarabağ dedi, bəs niyə görünmədiniz? Amma Azərbaycan əleyhinə aksiyalarda ən başda gedirsiz. Bu gün bütün azərbaycanlıların həmrəylik göstərdiyi bir zamanda bu cür ünsürlərin həqiqi niyyətləri üzə çıxır. Bu ünsürlərə Vətən, xalq maraqlı deyil, onlara maraqlı olan erməni pulu və erməni çörəyidir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə